Açığını deyim ki, məni bu saat qətiyyən o maraqlandırmır
ki, görüşdə kim olub, kim olmayıb, Nalbandyanın yeri içəri girən
kimi sağda olub, solda olub, yoxsa dalda olub. Məni heç o da
maraqlandırmır ki, ümumiyyətlə o görüşə revizor baxışlarının nə
qədər yeri var və ya yersizdir, əsas odur ki, Novruz Məmmədovun
dediyi məsələ-problemin mərhələli həlli Azərbaycanın rəsmi
mövqeyidir və Bakı bu dəfə də o prinsipial mövqeyini ortaya
qoyub.
Yəni bunu deməklə Novruz Məmmədov heç də Amerika açmayıb,
yenilik etməyib, elə Prezident İlham Əliyev də dünən bu mövqeyə
sadiqliyini növbəti dəfə elan etdi. Əks halda da biz bilirik ki,
başqa çıxış yolu yoxdur və biz onun artıq dəfələrlə şahidi olmuşuq,
təcrübədən keçirrmişik. İndi isə Novruz Məmmədovun danışıqların
məzmunu barədə kifayət qədər yığcam və informativ, soyuqqanlı
açıqlamasına rəqqasələr arasında ən yaxşı press-sekretar
Zaxarovanın başından böyük şərhi barədə.
Mən ondan sitat gətirib növbəti dəfə Novruz Məmmədovun layiq
olmadığı ifadələri ondan fərqli olaraq ağzıma almaq istəmirəm. Amma
elə məsələlər var ki, ona mütləq münasibət bildirməliyəm. Əvvəla,
etik qaydalar var. Yəni Prezident Adminstrasiyası rəhbərinin
müavini Xarici İşlər Nazirliyinin mətbuat katibindən ranqa görə
daha yüksək dövlət adamıdır və onun haqqında o tonda danışmaq nə
tərbiyəyə, nə də siyasi əxlaqa sığır.
Bəlkə Zaxarovaya elə gəlirdi ki, o, Rusiyanın hansısa şəhərinin
sıradan bir çinovnikindən bəhs edir, amma Novruz Məmmədov müstəqil
ölkənin prezident adminstrasiyası rəhbərinin müavinidir. Bir
dövlətin hörmət və ehtirama layiq diplomatıdır. Özü də Novruz
Məmmədov çıxışında heç kimi təhqir etməyib, yaxşısına, pisinə hər
hansı ad çəkməyib. Sadəcə, görüş barədə bunları deyib…
Lakin kor atın kor nalbəndi və ya Nalbandayanı olar deyiblər.
Görünür, imperiya təfəkkürü Rusiyada hələ məmurların hamısının
başından çıxmayıb. Gərək kimsə Zaxarovaya da yerini göstərsin. Başa
salsın ki, bu qəzəb və hikkənin səbəblərini yaxşı bilirik. Bizim də
məlumatlı mənbələrimiz, Rusiyada Ermənistanı istəyən qüvvələr
olduğu kimi bizim də tərəfdarlarımız var, onlar da bəzi məlumatlar
sızdırırlar.
Ola bilsin ki, Novruz Məmmədov bu barədə susa bilər, amma şəxsən
mən susmağa borclu deyiləm. İstəyirsiniz, bir sual verim və bu
sualın cavabını axtarın. Son görüşdə Vladimir Putin Serj Sarkisyana
hansı tapşırığı verib və Sarkisyan bu müraciətin qarşısında nə
cavab verib, niyə Putin deyib ki, çağırarıq onları Moskvaya və başa
salarıq…
Hansı mövzudan söhbət gedirdi və Sarkisyan kimdən qorxurdu?
Danışıqların sirridi, düzdür? Amma bilirik ki? Və nəhayət Novruz
Məmmədov nəyi doğru deməyib? Axı Zaxarova bir dəfə də olsun demir
ki, Novruz Məmmədov düz demir və ya yalan danışır. Novruz Məmmədov
ona görə tərbiyəsizcəsinə tənqid edilir ki, görüşün təfərrüatları
barədə danışıb. Başa düşürük. Hər şey istənilən kimi deyil.
Və əsas odur ki, bütün bu proseslər Azərbaycan ordusunun
irimiqyası təlimləri fonunda baş verirdi. Deməli, Zaxarovanın
dedikləri də, demədikləri də, boş şeydir. Biz çoxdan başa düşmüşük
ki, hər şeyi güc həll edir. Gücün yoxsa, hansısa ağzı, burnu və ola
bilsin ki, başqa yeri göyçəklər sənin üstünə ayaq açacaqlar. Ayaq
da açıldı vəssəlam.
Bizim öz rəqsimiz var. Əgər kalinka-malinkalar sümüyümüzə
düşmürsə, buna görə bizim sümüklərimiz barədə pis fikrə düşmək
lazım deyil… Novruz Məmmədov isə doğrusunu deyirdi…