Türkiyə Baş Qərargahının
kəşfiyyat bölməsinin sabiq sədri, admiral Suat Polad 15 iyul dövlət
çevrilişinə cəhd zamanı öldürülən general Semih Terzinin xarici
ölkə kəşfiyyat orqanları ilə əməkdaşlıq etdiyini
açıqlayıb.
Axar.az xəbər verir ki, keçmiş kəşfiyyatçı Terzinin Suriyada
Türkiyə əleyhinə uzun müddət təbliğat apardığını deyib:
"Onun ABŞ-a işləməsi müzakirə oluna bilməz. Türkiyə Suriyada
xüsusi təyinatlı qüvvələrin iştirakı ilə hazırladığı əməliyyatlar
zamanı o, müxaliflərlə münasibət qurmuşdu. Belə düşünün: FETÖ
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) bağlıdır. PKK-nın Suriya
qolu olan PYD də MKİ-yə bağlıdır. İkisinə də əmr oradan gəlib. İndi
o, Suriyada Türkiyə lehinə addım atar, yoxsa ABŞ? Çevrilişə cəhd
zamanı Xüsusi Təyinatlı Qüvvələr Komandanlığına girərək,
"komandiriniz mənəm", deyən bir xain Suriyada Türkiyə üçün heç nə
edə bilməz".
Qeyd edək ki, Türkiyənin keçmiş baş qərargah rəisi İlkər Başbuğ
da müsahibəsində general Semih Terzini sərt tənqid etmişdi:
"O qatildir, vətən xainidir. Ordunun Suriyadakı əməliyyatlarını
idarə edirdi".
Xatırladaq ki, Semih Terzi 15 iyul dövlət çevrilişinə cəhd
zamanı zabit Ömər Xalisdəmir tərəfindən başından vurularaq
öldürülmüşdü.