Rusiyada cinayətkar aləmin "kralı", yaxud "№1 oğru"
hesab edilən "Şakro Molodoy" ləqəbli Zaxari Kalaşovun həbsi
ətrafında yeni versiya gündəmə gəlib.
Virtualaz.org
xəbər verir ki, kriminal aləmə yaxın hesab edilən "Rus mafiyası"
adlı ("Russkaya mafiya") internet portalın məlumatına görə, Şakro
Molodoyun həbsinə sifarişi onun düşmənləri Rövşən Lənkəranski və
müttəfiqləri verə bilər.
Sayt bu sifarişin motivlərini əsaslandıraraq yazır ki,
cinayətkar aləmin Yaponçik və Ded Xasan kimi "generallarının"
öldürülməsindən sonra taxt-tac Zaxari Kalaşova keçdi. Çünki Şakro
kriminal aləmdə tez-tez meydana çıxan münaqişələrin
dayandırılmasının tərəfdarı idi və özü də qarşıdurmaları yatırmaqda
çox ustaydı.
Şakro İspaniya həbsxanasında cəza çəkəndə Rövşən Lənkəranski və
onun müttəfiqləri - gürcü qanuni oğrular Cemal Mikaladze (Cemo) və
Merab Canqvelidze (Merab Suxumski) Moskvanın praktiki olaraq bütün
bazarlarına, xidmət sektoruna nəzarəti ələ keçirmişdilər. Və belə
bir vaxtda Şakro İspaniya həbsxanasından cəzasını çəkib çıxdı və
müəmmalı şəkildə Rusiyaya ekstradisiya olundu. Belə ki, Şakro
Gürcüstanda qiyabi olaraq 17 il həbsə məhkum edilmişdi və bu
ölkənin hüquq-mühafizə orqanları İspaniyadan onun ekstradisiyasını
tələb edirdi. Ancaq görünür, Şakro Rusiyada kimlərəsə çox lazım idi
və bu nüfuzlu oğrunu İspaniyadan Rusiyaya yola saldılar. O, çox
keçmədən kriminal aləmdə liderliyi ələ aldı.
Rusiyaya qayıdandan sonra Şakronun birinci işi "sxodka" çağırmaq
oldu. O, qanuni oğruları Ermənistanda topladı, çünki toplantı
iştirakçılarının bir çoxu Rusiyada axtarışda idi. Həmin "sxodka"da
klanlar arasında bütün qarşıdurmaların dayandırılması barədə hökm
verdi. Habelə ondan qabaqkı dövrdə qanuni oğru statusu alanların
bir çoxunun məsələsinə yenidən baxdı. Bunlar Rövşən Lənkəranskinin
qruplaşmasına daxil olan gürcü kriminal avtoritetlər idi.
"Sxodka"da Şakronun Rövşən Canıyevin, Cemal Mikaladzenin və 10-a
qədər digər kriminal avtortetin oğru statusunun geri alınması haqda
qərar çıxardığı bildirilir.
Sayt yazır ki, Şakronun gəlişindən sonra Canqveladzenin
nəzarətində olan narkotrafik də bağlandı. Söhbət böyük pulların
itirilməsindən gedirdi və tamamilə aydın idi ki, Canqveladze bu
biznesi güc strukturlarındakı adamlarının himayəsi altında
yürüdürdü. Və indi belə görünür ki, düşmənləri Şakrodan qisas alır
və hüquq-mühafizə orqanlarındakı adamları vasitəsilə onun həbsinə
nail olur. Bununla da Rusiya xüsusi xidmət orqanları kriminal aləmi
nəzarət altına almaq istiqamətində mühüm addım atırlar. Belə ki,
Şakronun yerinə əsas namizəd "Piçuqa" ləqəbli avtoritet Yuri
Piçuqindir. Onun FTX-də və digər güc strukturlarına çox güclü
əlaqələri var. İstisna deyil ki, bu əlaqələrin sayəsində Piçuqa
kriminal aləmdə irəliləyə və hüquq-mühafizə orqanlarının xoşuna
gəlməyənləri sıradan çıxara bilər. Artıq məlumdur ki, Piçuqa Zaxari
Kalaşovun həbsindən sonra "obşak"a nəzarəti ələ keçirib...