Qeyri-ənənəvi müxalifətə
nüfuz etmək imkanı olmadığından Sərkisyan məhz milli barışıq
hökuməti ilə qarşıdan gələn təhlükəni qabaqlamaq
istəyir.
Bu sözlər politoloq İlqar Vəlizadənin Axar.az-a verdiyi
açıqlamada yer alır. Ekspert Ermənistan rəhbərliyinin dəyişikliyə
getməsini ölkədə uzun müddətdir aparılan siyasi alverin bir
təzahürü kimi qiymətləndirib:
"Ermənistan prezidenti və Qarabağ klanı opponentlərini şantaj və
maddi şirnikləndirmə yolu ilə öz siyasi kurslarına tabe olmağa
sürükləyirlər. Ötən il Sərkisyanın əsas opponenti olan və oliqarx
Qaqik Çarukyan məhz biznesi ilə hədələnməklə səhnədən
uzaqlaşdırılıb. Hakimiyyət indi də Qarabağ münaqişəsi fonunda belə
aktiv danışıqları Levon Ter-Petrosyanla aparır. Yəqin ki,
Petrosyana yüksək vəzifə vəd olunur ki, o da Sərkisyana açıq dəstək
nümayiş etdirir".
Politoloq payızda, yaxud da növbəti seçki ərəfəsində
Ermənistanda müxalifət-iqtidar qarşıdurmasının artacağını istisna
etməyib:
"Budəfəki hadisələrin fəsadları daha pis ola bilər. Son
hadisələr göstərir ki, müxalifət Sərkisyana tabe olmaq istəmir.
Sərkisyan da məhz milli barışıq hökuməti yolu ilə qarşıdan gələn
təhlükəni qabaqlamaq istəyir. Hökumət hətta müxalifətçilərə
hakimiyyətdə yer vəd etməklə vəziyyəti bir qədər idarə etməyə
çalışsa da, müxalifətin rejimlə sövdələşməyə gedəcəyi inandırıcı
deyil".
Dağlıq Qarabağın tənzimlənməsinə gəlincə isə ekspertin sözlərinə
görə, Sərkisyan ona qarşı olan təzyiqləri bəhanə etməklə
danışqlardan yayınmağa və ya danışıqları imitasiya etməyə
çalışacaq:
"Ermənistan hazırkı gedişatla sülh prosesinə ciddi əngəllər
yaradır. Ermənistan rəhbərliyindən müəyyən cəsarət tələb olunur ki,
bu tendensiyanı sındırıb başqa təkliflər versin. Ancaq Sərkisyanın
ritorikası göstərir ki, bu ssenariyə böyük ümidlər bəsləmək olmaz.
Çünki durmadan Qarabağla bağlı yersiz bəyanatlar səsləndirən
Sərkisyanın artıq danışıqlarda iştirakı belə yersizdir".
Qeyd edək ki, İrəvanda polis məntəqəsi binasını 15 gün əldə
saxlayan "Sasna çrer" silahlı qrupunun təslim olmasından sonra
Sərkisyan ilk dəfə ictimaiyyət qarşısına çıxaraq baş verənlərin
Ermənistanda milli barışıq hökumətinin formalaşdırılmasını zəruri
etdiyini açıqlayıb.