"Kiminsə haqqında danışanda gərək insanın əlində dəlil
olsun. Hər kəs bilir ki, mən təfkirçiliyə qarşıyam. Nəinki mən,
bütün əhli-sünnə camaatı təfkirçiliyə qarşıdır və həmişə də qarşı
olub".
Bu sözləri Axar.az-a açıqlamasında fəaliyyətini dayandırmış Əbu
Bəkr məscidinin imam camaatı və sələfilərin şeyxi kimi tanınan
Qamət Süleymanov Mənəvi Dünya İctimai Birliyinin sədri və Məşədi
Dadaş məscidinin axundu Hacı Şahinin onun barəsində səsləndirdiyi
ittihamlara cavab verərkən dedi. O bildirdi ki, Hacı Şahinin
səsləndirdiyi ittihamlar əsassızdır və onlar təfkirçilikdən
uzaqdırlar:
"Fikir versəniz, görərsiniz ki, sələfilərin arasında təfkirçi
olanları çox azdır. Ümumiyyətlə, islamda olan firqələrin içərisində
biz seçilirik, təfkirdən ən uzaq olanıyıq. Təqiyyə məsələsinə
gəlincə isə onu deyim ki, bizim məzhəbdə təqiyyə yoxdur. Biz
təqiyyəyə qarşıyıq və dinə açıq dəvət tərəfdarıyıq. Biz harda bir
söz deyiriksə, o sözümüzün üstündəyik".
Adlarının təfkirçi olaraq hallanmasına etiraz edən Qamət
Süleymanov İŞİD-in qabardılmasına tərəfdar olmadığını dedi:
"İŞİD-in fəaliyyətini pisləmişik. Hər zaman terrora qarşı
olmuşuq. Biz terrora məruz qalmışıq, onu necə dəstəkləyə bilərik?
İŞİD aydın məsələdir. Gəlin, onu qoyaq bir qırağa, qabartmağa
ehtiyac yoxdur. Biz terroru dəstəkləmirik, həmişə həm radikallığa,
həm də terrora qarşı olmuşuq. Hacı Şahinin iddiaları
əsassızdır".
Sələfilərin lideri İŞİD-in ideyalarına qarşı birləşmək təklifinə
mənfi yanaşdığını da dedi:
"Bilirsiniz, bu birləşmək artıq məsələdir. Həm də belə birləşmək
istəyirdilərsə, bu, çoxdan olmalı idi. Nə oldu, İŞİD məsələsi
gündəmə gələn kimi birləşmək istəyirlər? Lazım deyil birləşmək,
lüzum görmürəm. İŞİD-in üzərində dayanmaq lazım deyil. Ümumi
şəkildə terroru pisləməliyik. Radikal qrupları sünni məzhəbi ilə
bağlamaq düzgün deyil. Şiə məzhəbində də radikallar var. Terror
fəaliyyəti ümumən pislənməlidir. Yoxsa, xüsusi olaraq İŞİD-in adını
qeyd etmək düzgün deyil".
Qamət Süleymanov heç bir halda Hacı Şahinlə bir araya
gəlməyəcəyini açıq şəkildə bəyan etdi:
"İŞİD-in üzərində birləşməyin düzgün olmadığını bir daha təkrar
edirəm. Ümumiyyətlə də birləşməyə ehtiyac yoxdur, hər kəs öz
yerində otursun".
Xatırladaq ki, Hacı Şahin Həsənli Axar.az-a verdiyi
müsahibəsində Qamət Süleymanovun təqiyyə etdiyini (həqiqi dini
fikirlərini məqsədli şəkildə gizlətmək) və əslində, təfkirçi
olduğunu bildirib.