Yuxarı

Vəhşi Mərziyyə: “Komandir bizə söz atanı diz çökürtdü və…”

Ana səhifə İdman
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Cəbhə xətti" layihəsinin bugünkü qonağı Birinci Qarbağ Savaşı zamanı "Vəhşi" ləqəbi ilə tanınan Mərziyyə Saleh qızı Piriyevadır.

O, 1960-cı ildə Ermənistanın Qafan rayonunda andan olub. Burada orta məktəbin üçüncü sinfinə kimi oxduqdan sonra ailəsi ilə birlikdə Bakı şəhərinin Mehdiabad qəsəbəsinə köçüb. 1980-ci ildə ailə həyatı qurub. Lakin ana ola bilmədiyi üçün 1987-ci ildə həyat yoldaşından ayrılıb. Qardaşı oğlunu övladlığa götürüb, onu boya-başa çatdırıb. Milli azadlıq hərakatında iştirakçısı olub. İndi oğlu ilə yaşayır. Onunla görüşüb cəbhə xatirələrinə işıq tutmaq istəyimizi bildirdik. Razılıq verdi.

Əsas səbəbkar rəhmətlik nənəm olub

- Mərziyyə xanım, necə oldu döyüşə qatıldnız?

- Döyüşlərdə iştirakımın əsas səbəbkarı rəhmətlik nənəm olub. O bizə həmişə ermənilərin başımıza gətirdiyi müsibətlərdən danışardı. Deyərdi ki, onları heç vaxt bağışlamayın, onlar vəhşidir, millətimizə qarşı tarixən düşmənçilik mövqeyində olublar. Yaşlı, cavan, qız, gəlin, uşaq fərqi qoymadan bizə divan tutblar. Tarixi Azərbaycan torpaqlarından köçməmizin də səbəbi erməni vəhşliyidir. Mən Milli Azadlıq Hərəkatının da da fəal üzvü olmuşam. Gecələr çadır qurub günlərlə meydanlarda gecələmişik. Daha sonra isə Xocalı soyqırımı zamanı televizyadan gördüklərimə dözməyib döyüşlərdə iştirak etməyə qərar vermişəm. O vaxtlar könüllülər Qarabağa döyüşə yollanırdılar. Mən də Binəqədi rayonu İcra Hakimiyyətində yaranmış komissiyaya müraciət edib, vətənə xidmətə yollanmışam.

1992-ci ildə bizi döyüş bölgəsinə yolladılar. Yarlıları, şəhid olanları vertolyotlarla daşıyırdıq, ehtiyacı olanlara yardım edirdik. Mənimlə eyni vaxtda üç qardaşım - Əbülfət, Vahid, Əlövsət də Qarabağda könüllü döyüşürdülər. Bizim nəsildə döyüşməyən kimsə yoxdur, demək olar ki, hamımız döyüşmüşük. Allaha şükürlər olsun ki, hamı da sağ-salamat evinə qayıdıb. Yalnız mən, böyük qardaşım, xalam oglu yaralanmışıq.

Bir gün atam mənə xəbər yolladı ki, qardaşından xəbər yoxdur, itkin düşüb. Onu axtarmaq üçün birbaşa döyüş gedən ərazilərə yollandım. İlk olaraq vertolyotla Ağdama getdim. Orada Nail Kazımovla qarşılaşdım. Onu Azdalıq meydanındakı mitinqlərdən tanıyırdım. 864-nömrəli hərbi hissənin komandiri idi. Məndən oraya nəyə görə gəldiyimi soruşdu, qardaşımın Ağdərədə itkin düşdüyünü dedim. Onunla qardaşımın yerini tapdıq, məlum oldu ki, Tərtərdə imiş. Nail bəy mənə təklif etdi ki getmə, qal bizim hərbi hissədə qulluq elə. Dedim, nazirlikdən burda qalmağıma icazə verməzlər. "Narahat olma, - dedi, - mən sənin milli azadlıq hərakatındakı fəallığını görmüşəm".

Döyüşdə mənə "Vəhşi" ləqəbi verildi

Nə isə, burda qulluq etməyə başladım. 1992-ci ilin may ayında ilk döyüş əmrimiz gəldi. Komandirimiz bizə "əgər qorxursunuzsa, siz arxada qalıb yaralıları daşıyın", - dedi. Amma bir xanım döyüşçüylə mən də qızgın döyüşlərin içinə girdik. Bu döyüş Fərrux dağı uğrunda idi. Həmin döyüşdə mənə "Vəhşi" ləqəbi verildi. Hər qoluma bir yaralı alıb döyüş xəttindən çıxarırdım. Kimin bədənində qəlpə vardısa, elə orda çıxarıb, ağrıkəsici vurudum. Məndə qorxu hissi heç vaxt olmayıb.

Bir əsgərimiz vardı, anasını 20 Yanvar günü paltar asdığı yerdə vurmuşdular. Həmin əsgər anasının kürkünü də geyinib döyüşə intiqam almağa gəlmişdi. Həmin döyüşdə o əsgər mənə dedi ki, elə bil, bu gün mənə nə isə olacaq. Qalxdı ayağa, dedi, gedirəm siqaret çəkməyə. Yanımızdan qalxıb, başını qaldıran kimi onu alnından snayperlə vurdular, başının arxasından beyni dağıldı. Bunu heç vaxt unuda bilmərəm (ağlayır).

Onusuz da ölürəm, oğlum olsa…

Qubanın Alpan kəndindən bir əsgərimiz vardı. Yeni evlənmişdi, yoldaşı hamilə idi. Döyüşlərin birində yaralandı, yarasını bağladıq. Ağladı, mənə dedi ki, onsuz da ölürəm, oğlum olsa, adımı ona qoysunlar. Təəssüf ki, biz onu hospitala çatdıra bilmədik, şəhid oldu. Bu, heç vaxt unudulmayacaq acı xatirədir.

Bizim Ağdam briqadası dağılandan sonra iki batalyonu birləşdirdilər. Amma mən orda qala bilmədim, çünki içlərində nəşə çəkənlər vardı, artıq hərəkətlər edirdilər.

Bütün qadınlar mənim olmalıdır

Komandir Ədilovun əmisi oğlu bir söz işlətdi ki, mən hansı batalyonda oldumsa, bütün qadınlar mənim olmalıdır. Mən də bunu necə lazımdı, döydüm. Döyüldükdən sonra pərt oldu, acığa məni döyüş, yaralı adıyla bir yerə yolladı. Dedi ki, yaralılar tökülüb qalıb, get onları ordan çıxart. Bizim batalyonda Pərvin adında bir güneyli oğlan vardı. O, mənə dedi ki, yuxu görmüşəm, bunlar səni bilərəkdən öldürəcək, sən ora getmə. Mənsə dedim, yox, mən hara lazımdır gedəcəm, bu, komandirin əmridir. Mənimlə altı nəfər döyüşçü də gəldi, onlar da bu tapşırığın bir tələ olduğunu bilirdilər deyəsən. Biz göndərildiyimiz yerə çatanda atəş açıldı, Pərvin özünü verdi güllənin qabağına, yaralandı. Və orada məlum oldu ki, burada heç bir döyüş-filan olmayıb, yaralı da yoxdur. Bu, Ədilovların birinci belə əməli deyildi. Sonra məlum oldu ki, güneyli əsgər bunu eşidibmiş, mənə yuxu gördüyünü yalandan deyirmiş. Nə isə, ordan qayıtdıq. Rasimə məni bilərəkdən öldürmək istəyini dedim, bunu yenidən döydüm. Bunu da deyim ki, mən döyüşə getməzdən qabaq karate ilə məşğul olmuşdum. Sonra keçdim 190 nömrəli batalyona. Oranın da komandiri İsa Sadıqov idi. Güllücə döyüşləri oldu, amma məni bu döyüşlərdə qabağa buraxmırdılar. Arxada oturdurdular ki, sən yaralıları çıxar. Bu batalyonda qoçaq əsgərlərimiz var idi. Gecə kəşfiyyata gedib ermənilərin başını kəsirdilər, gələndə də diri əsirlər də gətirirdilər. Amma bir qoçaq vardı, adı Şükür idi. Rəhmətə getdi. O, erməniləri tutub gətirirdi, onların əli ilə içimizdəki xainləri ifşa edirdi. İçimizdə bir rus vardı, o da xain imiş.

Şükürü uşağı xilas edəndə vurdular

Heç yadımdan çıxmaz, Güllücədə döyüş gedirdi. Məktəbin içində 5 yaşında uşaq qalmışdı. Rəhmətlik Şükür uşağı xilas edəndə onu vurdular. Onların ikisini də ordan çıxardıq.

1993-cü il idi. Mərzilidə bir döyüşdə bizim on beş nəfər əsgərimiz yaralandı. Onları xilas edirdik, yanımda bir əsgər də vardı. Birdən böyrümdə istilik hiss etdim. Əvvəlcə, bir şey başa düşmədim, amma bir az keçdi, ayaqlarım tutuldu. Əlimi böyrümə vurdum, gördüm ki, məni vurublar, qan gedir. Güllə bir tərəfindən girib, o biri tərəfdən çıxmışdı. Artıq ermənilər də yaxınlaşırdı. Yanımdakı əsgərə "məni tək apara bilməzssən, get, kömək gətir", - dedim. Əsgər məni bir təhər yanımızdakı arxa salıb, kömək gətirməyə getdi. Ermənilər isə lap yaxınlaşmışdı. Amma məni görmədilər. Arxı atəşə tutub geri döndülər. Mən olan istiqamətə nədənsə yaxınlaşmadılar. Özüm də o qədər sürünmüşdüm ki, dırnaqlarım qan içindəydi. Erməniyə əsir düşməmək üçün üstümdə iki ədəd qumbara saxlayırdım. Bizim kömək gəldi. Döyüşçülərimiz məni BMP-yə qoyub hospitala apadrılar. Mən yaralanandan sonra çoxlu itkilərimiz olmuşdu. Ona görə də komandirimiz məni geri çağırdı.

"Razvorot" edib onu təpiklə necə vurdumsa…

Batalyonda mənim karateist olduğumu hamı bilirdi. Bir əsgər zarafata demişdi ki, narahat olmayın, mən gedib Mərziyəni döyəcəm. Məktəbdə məskunlaşmışdıq. Bir gün elə bil hiss etdim ki, kimsə arxadan mənə əl atmaq istəyir, "razvorot" edib onu təpiklə necə vurdumsa, gedib düşdü məktəbin zirzəmisinə. Vurdum, amma geriyə dönüb baxmadım da necə oldu. Bir az keçdi, bu əsgəri gözləyən uşaqlar gəldi ki, axı filan əsgər sənin arxanca gəlmişdi, necə oldu? Yox olub ortalıqdan. Əvvəlcə heç nə başa düşmədim. Sonra yadıma saldım, dedim ki, hə, bir nəfər mənə əl atmaq istəyirdi, onu təpiklə vurdum, harasa düşdü. Ondan sonra uşaqlar gülüşdü və başa düşdülər ki, mənə güc çatdırmaq o qədər də asan deyil.

Gənc əsgərlərdən biri…

Bir xatirə də danışım sizə: Ağdamın Cinnilər kəndində döyüşə girdik. İtkimiz çox oldu. Döyüşə 200 nəfərlə girirdik, çıxanda sıralarımız azalırdı. Xaqani adlı bir döyüşçümüz Rusiyadan zabit kimi vətənə döyüşməyə gəlmişdi, çox igid, bacarıqlı döyüşçü idi. İnanın, onunla hansı döyüşə gedirdiksə, uğurla geri dönürdük. Çünki onun hərbi təhsili, savadı, təcrübəsi var idi. Təəssüf ki, həmin döyüşdə şəhid oldu. 6 nəfər xanım idik. Heç də kişilərdən geri qalmırdıq. Bütün əsgərlər xanımlarla yaxşı davranırdı. Bir gün gənc əsgərlərdən biri xanım döyüşçülərdən birinə qarşı təhqiredici söz işlətdi. Bu haqda komandirimiz Nail bəyə xəbər verdim. Nail bəy 400 nəfərlik batalyonu sıraya düzüb bir başda təhqir olunan qızı qoydu, bir tərəfdə isə həmən əsgəri diz üstə çökürtdü. Dedi ki, dizin-dizin sürün, xanımdan üzür istə, qoy bu, hamıya dərs olsun. Nail bəy bəlkə də öz anasının, bacısının namusunu elə çəkməmişdi, amma bizim namusumuzu bu cür qoruyurdu.

Toyundan bir neçə gün öncə…

Şəkili Azad nişanlı idi. Bir neçə günə toyu olacaqdı. 8 mart günü mənə bir ağ sırğa almışdı. Sırğanın bir tayını döyüş zamanı itirdim, amma bir tayını hələ də saxlaıyıram. Təəssüf ki, Azad toyundan bir neçə gün öncə qəhrəmancasına şəhid oldu!

…Raygül adında qəhrəman xanım döyüşçümüz oğlanlarımızdan Sadiq adlı bir əsgərimizlə evləndi. Onlar bir-birini necə də qoruyurdular. Həsəd aparırdıq.

Qızları atasına, qardaşına, ananı oğluna…

Deməli, bizim qadınları, qızları, yaşlıları ermənilər əsir götürüb qul kimi işlədirdilər. Qızları atasına, qardaşına, ananı oğluna zorladırdılar. Bir gün bizim bir əsgərimiz əsir qadınlarımızı işləyən yerdə görüb qumbaratanla vurdu ki, işgəncələrdən qurtulsunlar. Amma hamısını öldürə bilmədiyi üçün onlar qışqırışırdılar ki, bizi də vurun, ölək, xilas olaq. Məsələn, biz erməni əsirini tuturduq, amma işgəncə verə bilmirdik. Komandirlər deyirdi ki, əsirlərlə dəyişəcəyik, əl vurmayın. Komandirimə söz versəm də ki, onlara toxunmayacam, komandir aralanan kimi anasını, bacısını söyüb ağız-burnunu qırıb qanına qəltan edirdim. Onlar da deyirdi ki, sizin qızlar əsirlikdədi. Bizə heç nə edə bilməzsiz. Bax bu anda mən hər şeyə nifrət edirdim!

Son döyüşümüzdə uşaqlarımızı tankla vurdular. Tikə-tikə olmuş əsgərlərdən heç nə tapa bilmədik ki, götürüb dəfn edək. Bir əsgərimizin sadəcə göbəkdən aşağı hissəsini tapıb dəfn etdik.

Yenidən döyüşə…

Nəhayət, 1995-ci ildə tərxis oldum. Mənə çətin idi. Gözümün qabağında parça-parça olanları unuda bilmirdim. Dəli olma həddində idim. Məni xəstəxanaya apardılar. Özümü 3–cü mərtəbədən atmaq istəyirdim. Sonra azca özümə gəldim, yenidən ailə qurdum. Yoldaşım döyüş yoldaşlarımı mənə qısqandı deyə, ayrıldıq. İndi 401 manat veteran təqaüdü, 130 manat da Prezident təqaüdü alıram. Mənə maşın da veriblər. İki nəvəm, bir oğlumla yaşayıram. İnanın, sabah döyüş başlasa, yenə də gedib döyüşərəm. İndidən siyahımız da hazırdı, kimlərin döyüşəcəyini yazmışıq.

Tarix
2015.01.26 / 09:30
Müəllif
Nihad Cəbrayıl
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla