"İnsan taleyi"
layihəsində
- Mən elə bilirdim, məni çağırıb deyəcəklər ki, sağ ol,
Mövlud, sənə Milli Qəhrəman adı veririk. Mən də, "nə zəhmət
çəkirsiniz, bu mənim vətənpərvərlik borcumdur" deyəcəm. Heç adam
yerinə də qoymadılar.
Mövlud arağı başına çəkib dili ilə dodaqlarını yaladı. İsti
təndir çörəyinin arasına süzmə qoyub ağzına apardı. Loxma böyük
olduğu üçün hər iki ovurdu şişdi. Barmağı ilə çörək tikəsini ağzına
tərəf itələdi, gövşəməyə başladı. Ayranın köməyi ilə tikəsini
boğazından içəri göndərə bildi. Udqundu. Stolun üstündəki qəzet
parçası ilə barmağını silib, yenidən özünə araq süzərək qədəhi bir
qədər kənara itələdi:
- Qoy soyusun, zəqqutum kimidir.
Siqaret yandırdı. Üzümə xeyli baxıb, xırıltılı səslə dedi:
- Gərək məni tutmayaydılar... Ya da tuturdularsa, gərək müharibə
vaxtı buraxaydılar, onlar bir nəfər milli qəhrəmanı yox
etdilər!..
Sonra əllərini bir-birinə qəzəblə çırpıb:
- Dedim, adə, buraxın da məni, gedim, ya ölüm, ya öldürüm. Burda
qalıb pis-pis adamlardan niyə pis şeylər öyrənim?!
Arıq ovurdları bir-birinə yapışdı – siqareti sümürürdü. Ağzından
çıxan tüstü tavana qədər qalxıb yayıldı.
Gəlsənə, bu erməniləri döyüm
Mövlud (ad şərtidir) Azərbaycanın şimal rayonlarının birində
dünyaya gəlib. Milliyyətcə tatdı. Bu dəfə təsadüfən görüşdük. Mənim
onu çaya dəvət etməyimə razılıq verib şərt də qoydu: "Çay
sənlikdir, qalan şeylərlə işin olmasın". Onun haqqında yazmaq
istədiyimi bildikdə isə adını, doğulduğu rayonu yazmağımı istəmədi.
Həyat hekayətini belə danışdı:
- Kimdən çəkinirəm ki: işverənlik etməmişəm, oğurluq
etməmişəm.
Mövludla 1988-ci ildən tanışam. O zaman mənim işlədiyim gəmidə
matros idi, sonra daxili əmrlə bosman keçirtdik. İşinin öhdəsindən
gəlsə də, heç də üzüyola adam deyildi. Qumara meyilli, dava-dalaş
salmaqda pərgar olan bu gənc arada nəşə də çəkirdi.
Çalışdığımız gəmidə 4 erməni işləyirdi. 2-ci mühərrikçi
Muşqamberyan Vladimir və 3-cü mühərrikçi Sovostin Vladimir. 2-ci
anasının familiyasını daşıyırdı. Və iki nəfər də kiçik komanda
heyətində adlarını unutduğum dənizçilik məktəbini yenicə bitirmiş
gənc ermənilər. Qarabağda mitinqlər gedir, ermənilər torpaq
iddialarını ortaya qoyurdular. Bu ərəfədə dördlük daim bir yerdə
olur, öz dillərində danışırdılar. Azərbaycan dilini yaxşı bilsələr
də, bizimlə rus dilində danışmağa üstünlük verirdilər.
İki gənc erməni göyərtə komandasında olduğundan kapitan
köməkçisi kimi mənim tabeçiliyimdə idilər. Gənc ermənilərə iş
tapşırılır, Mövlud isə bosman olaraq həmişə onların üstündə başçı
təyin olunurdu. Mövlud onları işlətməkdən həzz alırdı. Gəminin
dəhlizlərinin, ayaqyolularının, göyərtəsinin təmizlənməsi bu iki
erməninin hər gün 2 dəfə gördüyü işlərə daxil idi. Ermənilər bunu
sayğısızlıq kimi görür, bu haqda gəminin kapitanı Nikolay Kuryukova
da şikayət edirdilər. Kapitan isə "sizin əvəzinizə kim işləməlidir
ki?" deyərək onları rədd edirdi.
Bir gün Mövlud kefi kök halda kayutuma gəldi:
- Gəlsənə, bu erməniləri döyüm. Uşaqlar hazırdır, "hə" desən, bu
dəqiqə paylarını verərik.
Razı olmadım. Mövludun onları görməyə gözü yox idi. 1918-ci ildə
ermənilər Qubada azərbaycanlılara qarşı soyqırım törədəndə
Mövludgilin də nəslindən qırmışdılar. O, babasından eşitdiyi bu
hadisənin ağrısını həmişə daşıyırdı.
Gəminin "komsostav"ında cəmi 3 azərbaycanlı idik. Bir nəfər də
ləzgi var idi. Qalanlar ruslar və ermənilər idi. Sıravi heyətdə isə
bizimkilər çoxluq təşkil edirdi.
Bu barədə şikayət etsəniz...
Bir axşam Mövlud yenidən otağıma gəldi. Kefi ala buludda
idi:
- Sən canın, düş maşına, gör ermənilərə nə etmişəm.
Tələsik maşın şöbəsinə düşdüm. Hər iki gənc ermənini
ayaqlarından başı aşağı asılı gördüm. 2-ci mexanik Muşqambaryan isə
dəmir boruya sarınmışdı.
- Özlərini yaxşı aparmadılar. Ermənicə danışdılar. Hələ bu qoca
oğraş deyir ki, Naxçıvan da bizimdir. Gördüm 3-nə gücüm çatmaz.
Aldatdım, dedim, biriniz gəlin, iş var, kömək edin. Çəkdim bura.
Vurub uydurdum. Ayağından asdım. Sonra bu birini çağırdım ki, sən
də gəl. Gətirdim, istədi əl-qol ata, onu da uydurdum. Axırda da bu
qoca köpəyi gətirib sarıdım bura.
Sonra da söyüş söydü ki, bunları açmayaq. Dilə tutdum, özü açıb
buraxdı. Amma erməniləri hədələdi. Dedi ki, bu barədə şikayət
etsəniz, sizin üçün pis olacaq.
Şikayət olmadı.
Lakin bir həftə sonra Mövlud ermənilər və Odessadan istehsalat
təcrübəsinə gələn rus tələbələrlə mübahisə edib dava-dalaş
saldığına görə bıçaqlandı. Həmin gün güclü dava oldu. Biz
azərbaycanlılar günahkarları cəzalandıra bildik. Mövludu isə sahilə
gətirib Sabunçu xəstəxanasına yerləşdirdik. Xəstəxanada
zədələndiyini qeydə aldırdıq.
Dəniz vağzalında barda
İndi o günlər arxada qalıb. Kiçik, xudmani bir kafedə üz-üzə
oturub, ötən günləri vərəqləyirik. Mövlud iki dəfə həbs olunub. İlk
dəfə 1991-ci ildə dəmir barmaqlıqların arxasından azad həyata tərəf
boylanıb. Özü o günləri belə xatırlayır:
- Dəniz vağzalında barda idim. Tanıyırsan, uşaqlar gəldi,
Sahiblə Tərtərli Səxavət. Bir iranlı da vardı yanlarında. Olduq 4
nəfər. Doyunca yeyib-içdik. Oradan çıxıb taksi saxladıq. Mən maşına
oturan kimi yuxuladım. Bir də onda ayıldım ki, Hövsan yolundayıq.
Uşaqlar sürücünü döyür. Maşını əlindən almaq istəyirlər. Sürücü
onlara müqavimət göstərirdi. Gördüm, vurub öldürmək istəyirlər.
Yalvardım, "Etməyin" dedim. Hələ hərəsinə bir iki təpik də vurdum.
Axırda sürücünü onların əlindən aldım. Bizi küçədə qoyub maşını
apardılar. Mən sürücüyə taksi pulu verib aradan çıxdım.
Mövlud deyir ki, maşını Siyəzəndə bir nəfərlə iki kisə hind
çayına dəyişiblər. Maşını alan adam da öz köhnə maşınının nömrəsini
taxıb bu maşına, sürüb.
Yekəqarın prokuror dediyindən dönmədi
Bir müddət sonra isə Səxavət Yaqub adlı digər bir dənizçi ilə
başqa maşına oturub Ağsuya gedib. Ağsu aşırımında sürücünü döyüb
maşını əlindən alıblar. Yaxınlıqdan keçən polis maşını onları qovsa
da, çata bilməyib. Bir müddətdən sonra Səxavət maşını satarkən həbs
olunub və yoldaşlarını ələ verib.
- Məni gəmidən apardılar. Ağsuda dindirdilər. Dedim, heç nədən
xəbərim yoxdur. Səxavət isə deyib ki, filan vaxt maşını qaçırmışıq,
Mövlud da orda olub. Maşını və zərərçəkəni tapana qədər vaxt keçdi.
Birlikdə yaşadığım qız vardı, o da dalımca gəlmişdi. İmkan tapıb
gəldim Bakıya. Gedib Sahibi tapdım, dedim, vəziyyət şuluqdur. Nə
isə, özüm yenidən Ağsuya getdim. Artıq maşını və sürücünü
tapmışdılar. Məhkəmədə zərərçəkən çox çalışdı ki, mənim günahkar
olmadığımı, onu ölümdən xilas etdiyimi sübut etsin, alınmadı.
Savadsız, yekəqarın prokuror dediyindən dönmədi. Mənim heç bir
günahım olmadan 9 il iş oxudu. Hamımıza eyni iddia və eyni il. Atam
Rusiyadan gəldi, 24 min dollar verib işimizi 6 ilə endirdi. Mən
içəridə olanda müharibə qızışmışdı. Neçə dəfə müraciət etdim ki,
göndərin, gedim döyüşüm. Göndərmədilər. Dedilər ki, bir dəfə
polisdən qaçmısan, yenə də qaçarsan. İnan, şair, əgər məni döyüşə
göndərsəydilər, indi çoxdan Milli Qəhrəman idim, sən ki
bilirsən.
İçəridə hər kəsin gözü yolda qalır...
Təkbaşına demək olar ki, bir arağı içib. Arıq qollarında
əzələləri tarıma çəkilir. Gözləri çuxura düşsə də diridir. Ötən
günləri, dostları xatırlayır. Hiss edirəm ki, itirdikləri onu
ağrıdır.
- Yadına gəlir, sənə içəridən məktub yazdım, "Məni bağışla"
dedim? Atama, qardaşıma yazmadım ha, sənə yazdım. Çünki sən məni
çox düz yola çəkdin, "O uşaqlarla yoldaşlıq etmə!" dedin. Mən səni
eşitmədim. İçəridə adamın vaxtı çox olur, ötənləri fikirləşsin, sən
ki bilirsən. Amma sən məktubuma cavab vermədin, yanıma da
gəlmədin... incimədim səndən. Nəyin idim ki?
Sonra xeyli fikrə gedir. Siqaret yandırır:
- Şair, içəridə hər kəsin gözü yolda qalır. Mən nəyə görəsə səni
də gözlədim. Amma fikirləşirdim ki, qohumum deyilsən, dost
olmamışıq, sadəcə, bir yerdə işləmişik, niyə də gəlməlisən.
- Düz fikirləşmisən, ağlımın ucundan da keçməyib ki,
sənin yanına gələm. Amma unutmamışam da.
- Bilirəm, heç nə unudulmur... Özü də orda – içəridə...
- Mövlud, ikinci dəfə də həbs olundun axı, bu dəfə
niyə?
- Bu dəfə heç nəyə görə. Doğrudan da heç bir günahım yox idi.
Yadıma salanda dəli oluram e, sən öl.
- Danış da.
- Qalsın sonraya.
- Qalsın...
(ardı olacaq)