Yuxarı

AİB Şurasının 48-ci toplantısı başladı - Bakıda

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mayın 2-də Bakıda Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 48-ci İllik Toplantısı öz işinə başlayıb.

Azərtac xəbər verir ki, Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci İllik Toplantısı çərçivəsində "Azərbaycan 2020: İnnovativ və şaxələndirilmiş iqtisadiyyata doğru" mövzusunda konfrans keçirilib.

Asiya İnkişaf Bankının (AİB) və Maliyyə Nazirliyinin dəstəyi, İqtisadiyyat və Sənaye Nazirliyinin, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilən konfransda AİB-ə üzv ölkələrin, beynəlxalq maliyyə institutlarının nümayəndələri, 200-dən çox iş adamı və media təmsilçiləri iştirak edib.

Konfransda çıxış edən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev AİB-in Rəhbərlər Şurasının 48-ci İllik Toplantısının Bakıda keçirilməsinin, bu çərçivədə təşkil olunan bugünkü konfrans və digər tədbirlərə 3 minədək iştirakçının qatılmasının Azərbaycanın bankla çoxillik səmərəli əməkdaşlığının nəticəsi olduğunu vurğulayıb. Bildirilib ki, 24 il əvvəl müstəqilliyini bərpa etmiş Azərbaycan qısa müddətdə bütün sahələrdə köklü islahatlar aparıb, sürətli iqtisadi inkişafa nail olub, bazar iqtisadiyyatına keçidi başa çatdırıb, böyük transmilli layihələrin təşəbbüskarı və fəal iştirakçısı, kosmosa peyk çıxaran dövlətlər sırasına daxil olub, regionun siyasi, iqtisadi və mədəni mərkəzinə çevrilib. Ötən illər ərzində Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib, Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edib, İslam İnkişaf Bankının 35-ci illik toplantısına ev sahibliyi edib, Davos, Krans Montana, mədəniyyətlərarası, humanitar forumların, müsabiqələrin müntəzəm olaraq keçirildiyi məkan olub. Bu il ölkəmiz AİB-in toplantısına, ilk Avropa Oyunlarına, sonrakı illərdə isə digər mötəbər tədbirlərə ev sahibliyi edəcək.

Azərbaycan iqtisadiyyatı barədə məlumatı konfrans iştirakçılarının diqqətinə çatdıran Şahin Mustafayev qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl və hərtərəfli islahatlar nəticəsində son 10 ildə ÜDM 3 dəfə, onun adambaşına düşən həcmi 2,6 dəfə, sənaye 3,6 dəfə, kənd təsərrüfatı 1,4 dəfə, dövlət büdcəsinin gəlirləri 12 dəfə artıb. Hazırda Azərbaycan iqtisadiyyatı Cənubi Qafqaz iqtisadiyyatının 75 faizdən çoxunu təşkil edir. Əgər 2001-ci ildə əhalinin hər 2 nəfərindən biri yoxsulluq həddində yaşayırdısa, ötən müddət ərzində yoxsulluq meyarının 5 dəfədən çox artmasına baxmayaraq, hazırda hər 20 nəfərdən bir vətəndaş yoxsul hesab olunur. Azərbaycanın əldə etdiyi uğurlar beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir, hesabatlarda ölkəmizin reytinqi davamlı olaraq yaxşılaşır.

Şahin Mustafayev diqqətə çatdırıb ki, Azərbaycanın bu böyük uğurlarını şərtləndirən başlıca amillər Azərbaycanın siyasi cəhətdən sabit ölkə olması, ölkəmizdə siyasi kataklizmlərin olmaması, vətəndaşların hüquq və azadlıqlarının dövlət tərəfindən tam təmin olunması, milli azlıqlara, əcnəbilərə, müxtəlif konfessiyalara qarşı ayrı-seçkilik göstərilməməsi, onların hüquqlarının etibarlı qorunmasıdır. Azərbaycanın davamlı inkişafını təmin edən digər amil makroiqtisadi sabitliyin qorunması və iqtisadiyyatın şaxələndirilməsi ilə bağlı həyata keçirilən tədbirlərdir. Bu tədbirlər nəticəsində son illər büdcə kəsiri ÜDM-nin 1 faizdən çox olmayıb, ölkənin xarici borcu ÜDM-nin 8,6 faizi səviyyəsindədir və hazırkı valyuta ehtiyatları bu borcu 8 dəfə üstələyir. Son 10 ildə iqtisadiyyatın qeyrı-neft sektoru 2,5 dəfə artıb, ÜDM-də onun xüsusi çəkisi 68 faizə çatıb. Təsadüfi deyil ki, enerji bazarındakı qeyri-sabitliyə, son 1 ildə neftin qiymətinin təxminən 2 dəfə enməsinə baxmayaraq, bu ilin I rübündə iqtisadiyyat 5,3 faiz artıb. Azərbaycanın davamlı inkişafını təmin edən mühüm amillərdən biri müasir tələblərə cavab verən infrastrukturun, o cümlədən sosial infrastrukturun yaradılmasıdır. Azərbaycan bir çox infrastruktur layihələrinin həyata keçirilməsində nüfuzlu beynəlxalq maliyyə təşkilatları, o cümlədən Asiya İnkişaf Bankı ilə əməkdaşlıq edir. İndiyədək bank tərəfindən Azərbaycana avtomobil yolları, enerji təchizatı, su və kanalizasiya, irriqasiya sektorlarındakı layihələrin maliyyələşdirilməsi üçün 1.64 milyard ABŞ dolları məbləğində kredit, təxminən 10 milyon ABŞ dolları həcmində qrant ayrılıb. Azərbaycan AİB-in CAREC Proqramında da fəal iştirak edir. Digər amil ölkədə əlverişli biznes və investisiya mühitinin yaradılmasıdır. Azərbaycanda investorların hüquqları etibarlı şəkildə qorunur, inzibati prosedurlar sadələşdirilir və şəffaf mexanizmlər tətbiq edilir. İndiyədək ölkə iqtisadiyyatına 200 milyard dollar investisiya qoyulub ki, bunun yarısı xarici investisiyalardır. Növbəti amil Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyası, xarici tərəfdaşlarla birgə transmilli layihələrin həyata keçirilməsidir. Beynəlxalq aləmdə etibarlı tərəfdaş olan və müqavilələrdən irəli gələn öhdəliklərini tam şəkildə və vaxtında yerinə yetirən Azərbaycanın təşəbbüskarı olduğu transmilli enerji layihələr Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Ötən il Cənub Qaz Dəhlizinin təməlinin qoyulması yaxın illərdə Azərbaycanı dünyanın böyük təbii qaz təchizatçılarından birinə çevirəcək. Bundan başqa, Azərbaycanda insan kapitalının inkişaf etdirilməsi ilə bağlı görülən işlər davamlı iqtisadi inkişafı təmin edən amillərdəndir.

Asiya İnkişaf Bankının prezidenti Takehiko Nakao AİB-in növbəti illik toplantısının Bakıda keçirilməsindən məmnunluğunu ifadə edib, konfransın işinə uğurlar arzulayıb. AİB prezidenti tədbirin əməkdaşlığın genişləndirilməsinə, qarşılıqlı fikir mübadiləsinin aparılmasına əhəmiyyətli töhfə verəcəyini vurğulayıb. Bildirilib ki, son illər Azərbaycanda ümumi daxili məhsul 4 dəfə artıb, yoxsulluq səviyyəsi aşağı salınıb. Azərbaycan yüksəkgəlirli ölkələr sırasına daxil edilib. Azərbaycanda, həmçinin savadlılıq səviyyəsi 100 faizə çatıb. Ana və uşaq ölümü göstəriciləri aşağı düşüb.

T.Nakao diqqətə çatdırıb ki, Azərbaycanda nailiyyətlər daha çox böyük neft gəlirləri sayəsində olub. Ölkə ixracının 95 faizini neft gəlirləri əhatə edir.

"Azərbaycanda kənd təsərrüfatı, İKT, turizm sahəsinin inkişafı üçün geniş imkanlar və böyük fürsətlər var. Kənd təsərrüfatı istehsalı ümumi daxili məhsulun 5 faizinə, sənaye 25 faizinə çatır. Ölkədə əhalinin 40 faizi kənd təsərrüfatında, 10 faizi sənayedə çalışır", - deyə AİB prezidenti vurğulayıb.

T.Nakao, eyni zamanda Azərbaycanda kənd təsərrüfatı layihələrini dəstəklədiklərini, eləcə də kənd təsərrüfatı istehsalçılarının bazara çıxış səviyyəsini yaxşılaşdırdıqlarını diqqətə çatdırıb. O, bildirib ki, Azərbaycanda turizm də güclü sektor ola bilər. Azərbaycan özünəməxsus ölkədir. Turizm gündəmdə olan sahədir. Ölkə zəngin tarixindən səmərəli faydalanacaq. Bu ölkənin tarixi irsi çox vacibdir. Azərbaycanda infrastruktur və insan ehtiyatlarının gücləndirilməsinə diqqət artırılmalıdır.

AİB prezidenti deyib: "Biz yol təsərrüfatı və nəqliyyatın fəaliyyətini dəstəkləyirik. Hazırda yaşıl iqtisadiyyat əsaslı avtobus sisteminə dəstək vermişik. İqtisadiyyatın şaxələnməsini dəstəkləyirik. Biz Azərbaycanın qarşıdakı illərdə daha güclü ölkə olmasını istəyirik".

Tədbir panel iclaslarla işini davam etdirib.

Tarix
2015.05.02 / 11:37
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla