Yuxarı

TQDK qəbulla bağlı iradlara cavab verdi – Müfəssəl

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası jurnalistika ixtisası üzrə qəbulla bağlı iradlara açıqlama verib.

TQDK-dan Axar.az-a daxil olan açıqlamada bildirilir:

"Azərbaycan Respublikasında ali təhsil müəssisələrinin jurnalistika ixtisasına bakalavriat səviyyəsi üzrə qəbul 2013-cü ilədək ali təhsil müəssisələrinə keçirilən test imtahanının nəticəsinə əsasən aparılırdı. Belə ki, III ixtisas qrupu üzrə qəbul imtahanında müsabiqə şərtini ödəmiş abituriyentlər ixtisas seçimi zamanı istəklərinə uyğun olaraq jurnalistika ixtisasını da qeyd edirdilər və nəticədə bu ixtisasa qəbul olmaq istəyən abituriyentlər içərisində daha yüksək bal toplamış abituriyentlər (ixtisas üzrə qəbul planına uyğun olaraq) ali təhsil müəssisələrinin jurnalistika ixtisasına qəbul olurdu.

2014-cü ildən başlayaraq jurnalistika ixtisasına qəbulda dəyişiklik edilərək qabiliyyət imtahanları tətbiq olundu. Həmin ilin əvvəlində Azərbaycan Mətbuat Şurası tərəfindən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına jurnalistika ixtisasına qəbulda qabiliyyət imtahanının tətbiq edilməsi ilə bağlı müraciət olunmuş, bu məsələ ilə bağlı hər iki qurumun mütəxəssisləri tərəfindən geniş müzakirə aparılmış, xüsusi işçi qrupu yaradılmış, imtahanın keçirilməsi qaydaları və qiymətləndirmə meyarları hazırlanmışdır. Dəyişikliklərə əsasən, jurnalistika ixtisasına qəbul üçün müəyyən olunmuş müddətdə qeydiyyatdan keçmiş və müvafiq ixtisas qrupu üzrə qəbul imtahanında müsabiqə şərtini ödəmiş abituriyentlərdən təqdim olunan mövzu üzrə esse (inşa) yazmaq tələb olunurdu.

Qabiliyyət imtahanında abituriyentlərə təqdim olunan esse mövzuları 200-dən çox mövzu içərisindən seçilib. Mövzular əhatə etdiyi sahələrə və istiqamətlərinə uyğun olaraq 3 qrupa bölünmüşdü. Qruplardan birinə müstəqillik, dövlətçilik, vətənpərvərlik, millilik, ana dili, vətəndaşlıq, tarix, təhsil, peşə, elm sahələrinə aid, ikincisinə jurnalistika, dostluq, insanpərvərlik, insanın daxili dünyası, sağlamlıq, ekologiya sahələrinə aid, üçüncüsünə isə problematik situasiya və müzakirə xarakterli mövzular daxil edilmişdi. Abituriyentlərə hər qrupdan 1 mövzu olmaqla 3 mövzu təqdim edilmiş və onlar istəklərinə uyğun olaraq bu mövzulardan birini seçməklə esse yazmışlar. Qeyd edək ki, esse mövzularının əksəriyyəti, essenin yazılmasına qoyulan tələblər və esselərin qiymətləndirilməsinə aid nümunələr TQDK-nın internet saytına yerləşdirilib ki, abituriyentlərdə bunlarla bağlı aydın, əyani təsəvvür formalaşsın.

Qabiliyyət imtahanında mövzular imtahanın başlanmasından bir neçə dəqiqə əvvəl Mətbuat Şurasının və KİV nümayəndələrinin iştirakı ilə seçilmiş və videobağlantı vasitəsilə imtahan mərkəzlərinə çatdırılıb. Bütün imtahan prosesi əvvəldən axıradək TQDK-nın inzibati binasında yaradılmış qərargahda canlı yayımlanıb.

Yuxarıda qeyd etdiyimiz kimi, essenin qiymətləndirilməsi üçün qiymətləndirmə meyarları işlənib hazırlanıb. Meyarlarda mövzunun strukturunun, mövzunun yaradıcı şəkildə şərhinin və əhatə səviyyəsinin, fikrin fakt və sitatlardan istifadə edilməklə əsaslandırılmasının, söz ehtiyatının zənginliyinin və üslubun orijinallığının, dil qaydalarının ayrılıqda qiymətləndirilməsi tələbləri nəzərdə tutulub. Başqa sözlə, esse yoxlanarkən aşağıdakı 5 istiqamət üzrə meyarlar əsas götürülüb:

A istiqaməti

İnşanın mövzuya uyğunluğu; essenin həcmi, tərkib hissələri (giriş, əsas hissə və nəticə-sonluq) arasında məntiqi rabitə

B istiqaməti

Mövzunun yaradıcı şəkildə şərhi və əhatəlilik səviyyəsi, fərdi baxışların, fikirlərin məntiqi ardıcıllıqla verilməsi və inandırıcı olması

C istiqaməti

Fikrin sitatlarla, nümunə, fakt və başqa sübutedici mənbələrdən istifadə etməklə əsaslandırılması

D istiqaməti

Söz ehtiyatının zənginliyi, ifadəliliyi, yığcamlığı, üslubun vahidliyi və orijinallığı

E istiqaməti

Yol verilmiş səhvlərin (orfoqrafik, leksik, qrammatik, durğu işarəsi, faktoloji) sayı

Bu istiqamətlərin hər biri üzrə qiymətləndirmə ayrıca aparılır. Hər istiqamət üzrə "0", "1" və ya "2" bal verilir (hər istiqamət üzrə maksimal bal 2-dir) və beş istiqamət üzrə verilmiş ballar cəmlənərək esse üzrə yekun qiymət çıxarılır (esse üzrə maksimal bal 10-dur). İnşa (esse) üzrə yekun qiymət 5 və ya 5-dən

Essenin bu meyarlarla qiymətləndirilməsinin üstünlüyü ondadır ki, E istiqaməti üzrə çoxlu sayda səhvlərə (orfoqrafik, leksik, qrammatik və s.) yol vermiş, amma digər istiqamətlər üzrə meyarların tələblərini ödəmiş esse müəllifi "qeyri-məqbul" qiyməti alaraq kənarda qalmır, "məqbul" qiyməti alır. Yaxud, heç bir fakt, sitat və nümunədən istifadə etməyən abituriyentin essesi digər istiqamətlər üzrə meyarın tələblərini ödədikdə, həmin esse "məqbul" ilə qiymətləndirilir.

Göründüyü kimi, yalnız dil qaydaları ilə bağlı səhvlər (orfoqrafik, leksik, qrammatik və s.) esseyə verilən yekun qiymətin cəmi 20%-ni təşkil edir (qalan 80% jurnalist üçün ən vacib keyfiyyətlərə: mətnin məntiqi strukturunun qurulmasına, məzmununa, fikirlərin əsaslandırılmasına, söz ehtiyatının zənginliyinə və s. aiddir).

Qabiliyyət imtahanında iştirak edən abituriyentlərin esselərinin yuxarıda qeyd olunan meyarlar əsasında yoxlanması markerlər (ekspertlər) tərəfindən həyata keçirilir. 2015-ci ildə esseləri yoxlayacaq markerlərlə 22 iyul tarixindən 29 iyul tarixinədək praktik treninqlər keçirilib. Treninqlərdə 2014-cü ildə keçirilmiş qabiliyyət imtahanının real esselərindən etalon esselər seçilib, bu esselərin hər bir istiqamət və yekun qiymət üzrə etalon qiymətləri və qiymətləndirmə meyarları markerlərin hazırlanması və esselərin yoxlanılması üçün yazılmış proqrama daxil edilib. Treninqlərə Mətbuat Şurası tərəfindən təqdim olunmuş jurnalistlər və jurnalistika sahəsində pedaqoji fəaliyyətlə məşğul olan mütəxəssislər (siyahı 70 addan ibarətdir), həmçinin orta ümumtəhsil müəssisələrinin Azərbaycan dili və ədəbiyyat müəllimləri (abituriyentlər orta məktəbin məzunları olduğu üçün müəllimlərin bu prosesdə iştirakı məqsədəuyğundur) dəvət edilib.

Mətbuat Şurasının təqdim etdiyi 70 mütəxəssisdən 44-ü müxtəlif səbəblərdən (səhhəti, məzuniyyətdə olması, işinin çoxluğu ilə bağlı, əlaqə yaradılması mümkün olmadığı üçün və s.) treninqdə iştirakdan imtina etmişdir. Qalan 26 mütəxəssisdən 16-ı və 80-ə qədər Azərbaycan dili və ədəbiyyat müəllimlərindən 57-i treninqi müvəffəqiyyətlə keçmişlər (treninqdən keçə bilməyənlərin bir neçəsi kompüterlə işləyə bilmədiklərini səbəb gətirib, müəyyən hissəsi meyarla işləməyib, esseni fərdi yanaşmaları ilə qiymətləndirmişlər).

Bu il esselərin yoxlanılması prosesinə treninqdən müvəffəqiyyətlə keçmiş 15 jurnalist (1 mütəxəssis yoxlamada iştirakdan imtina edib) və 15 Azərbaycan dili və ədəbiyyat müəllimi cəlb edilib. Hər bir esse 2 marker tərəfindən (1 jurnalist və 1 Azərbaycan dili və ədəbiyyat müəllimi) qiymətləndirilib. Hər iki markerin "məqbul" qiymətləndirdiyi esselər "məqbul", hər iki markerin "qeyri-məqbul" qiymətləndirdiyi esselər "qeyri-məqbul" alıb. Bir markerin "məqbul", digərinin "qeyri-məqbul" ilə qiymətləndirdiyi esse qiymətləndirilmək üçün üçüncü markerə verilib. Üçüncü markerin qiyməti "məqbul" olduqda essenin qiyməti "məqbul", "qeyri-məqbul" olduqda essenin qiyməti "qeyri-məqbul" olub.

Bu il qabiliyyət imtahanında iştirak etmək üçün 496 abituriyent qeydiyyatdan keçib. Onlardan 492 nəfəri müvafiq ixtisas qrupu üzrə qəbul imtahanında iştirak edib, imtahanda iştirak edənlərin 341 nəfəri müsabiqə şərtini ödəyərək qabiliyyət imtahanında iştirak etmək hüququ qazanıb. Qabiliyyət imtahanında iştirak edən 163 abituriyentdən 57 abituriyent "məqbul" qiymət alıb (178 abituriyent qabiliyyət imtahanında iştirak etməyib). Onlardan 51 nəfəri Azərbaycan, 6 nəfəri isə rus bölməsinin abituriyentləridir. Müqayisə üçün bildirək ki, 2014-cü ildə "məqbul" qiymət alan abituriyentlərin sayı 51 (45 nəfəri Azərbaycan, 6 nəfəri rus bölməsi) idi

Aşağıdakı cədvəllərdə qəbul imtahanında iştirak etmiş 492 abituriyentin topladıqları bal intervalları üzrə məlumatlar verilib. Cədvəldən görünür ki, 600-dən çox bal toplayan abituriyentlər ümumiyyətlə qabiliyyət imtahanına gəlməyib, 500-600 intervalında bal toplayan abituriyentlərin isə cəmi 37%-i qabiliyyət imtahanında iştirak edib. Bu isə o deməkdir ki, yüksək nəticə göstərən abituriyentlər jurnalistika sahəsinə meylli deyillər.

Bal intervalı

Qeydiyyatdan keçən abituriyentlərin sayı

Müsabiqə şərtini ödəyənlərin sayı

Qabiliyyət imtahanında iştirak edənlərin sayı

Məqbul qiymət alanların sayı

0-100

38

0

0

0

100-200

92

0

0

0

200-300

136

121

63

21

300-400

93

88

41

10

400-500

97

96

48

22

500-600

30

30

11

4

600-700

6

6

0

0

Cəmi

492

341

163

57

Göründüyü kimi, TQDK-nın internet saytında və "Abituriyent" jurnalında jurnalistika ixtisasına qəbul olmaq istəyən şəxslər üçün ardıcıl olaraq məlumatlandırıcı və maarifləndirici materiallar (qaydalar, elanlar, mövzular, meyarlar və s.) təqdim edilib. Hesab edirik ki, aidiyyəti qurumlar da (müvafiq ixtisasın mövcud olduğu ali təhsil müəssisələri, Kütləvi İnformasiya Vasitələri və onların təmsil olunduğu qurumlar və s.) peşəyönümü istiqamətində sistemli iş aparmalıdırlar.

İmtahanda iştirak etmiş hər bir abituriyentin esselərinin qrafik təsvirləri nəticələr elan olunarkən TQDK-nın internet səhifəsində yerləşdirilmişdir. "Məqbul" və "qeyri-məqbul" ilə qiymətləndirilmiş esselərlə Komissiyanın internet saytından tanış olmaq mümkündür.

Qeyd edək ki, TQDK-da abituriyentlərin imtahan nəticələri ilə bağlı müraciətlərə baxılması üçün avqustun 5-də (saat 10:00-dan 17:00-dək) apelyasiya komissiyası fəaliyyət göstərir. Apelyasiya komissiyasına imtahan nəticələri ilə bağlı cəmi 8 abituriyent müraciət edib.

Tarix
2015.08.05 / 16:25
Müəllif
Əli Taleh
Şərhlər
Digər xəbərlər

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış edir

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla