Yuxarı

"Bizdə tənqidin intibah dövrü olmadı"

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müasir Azərbaycan ədəbi tənqidindəki problemlər son vaxtlarda daha qabarıq şəkildə özünü göstərir. Xüsusən, "Azərbaycan" jurnalında keçirilən "Çağdaş Azərbaycan ədəbiyyatı: problemlər, mülahizələr..." adlı müzakirə bir çox yazarın etirazına səbəb oldu.

Axar.az müasir ədəbi tənqid və onun vəziyyəti haqda tanınmış tənqidçi İradə Musayeva ilə söhbətləşib.

Pablo Pikassonun 7-8 qadını olub, amma...

– İradə xanım, "obyektiv tənqid" deyilən bir anlayış yoxdur. Əgər fikir bir fərdin dilindən çıxdısa, bu, subyektivizmdir. Elə isə tənqid nəyə lazımdır? Onsuz da həqiqətin necə olduğunu heç kim bilmir, yazıçı tənqidçinin haqlı olduğuna necə inansın?

– "Obyektiv tənqid" ifadəsi səhv ifadə deyil. Tənqidçinin rəyində ümumiləşmiş oxucu təfəkkürünün zövqü, intellekti, tələbi, razılığı və narazılığı olmalıdır. Tənqidçinin adi oxucudan fərqi ondadır ki, o ictimai təfəkkürün, cəmiyyət düşüncəsinin daşıyıcısı ola bilir. Və ədəbiyyatın nəzəriyyəsini, tarixini bilir, ədəbi prosesi mütəmadi izləyir, əsəri sıravi oxucu kimi yalnız zövq üçün oxumur, onu analitik təhlil süzgəcindən keçirir. Kollektiv yox a, ictimai! Yəni tənqidçiyə verilən imtiyaz onun fövqəloxucu qabiliyyətinə malik olmasına görə verilir. Əgər tənqidçi sözün tərəzisini əyirsə, bilə-bilə qiyməti yanlış verirsə, obyektivlikdən çıxır. Ağa ağ, qaraya qara deyirsə, olur "obyektiv tənqid". Əsas məsələ isə ağın ağ, qaranın qara olmasını sübut edə bilmək bacarığından asılıdır. Məsələn, mən deyirəm ki, Nigarın filan romanının dilində qüsurlar var. Bunu konkret misallarla sübut etməliyəm. Sübut etməliyəm ki, ədəbi-bədii qanunlar pozulub və s. Və ya yüzlərlə ideya-estetik prinsiplərin meyarlarını və ya meyarsızlıqlarını bədii mətnə tətbiq etməliyəm. Deyirsiniz ki, yazıçı tənqidçinin haqlı olduğuna necə inansın... Əgər yaxşı yazıçı və yaxşı tənqidçi dialoqundan söhbət gedirsə, bir-birindən faydalanacaqlar və qarşılıqlı inam, etimad olacaq. Belinski ilə Qoqol kimi... Yoxsa yazıçının biri görür ki, tənqidçi o biri yazıçıdan pul alıb onu yalandan tərifləyir, öz əsərinin taleyini bu, üzr istəyirəm, "fırıldaqçıya" necə etibar edə bilər?

Yazıçının şəxsiyyətinin əsərlərinə aidiyyəti olmadığı fikrindəsiniz. Şəxsiyyəti olmayan adamın böyük idealları ola bilərmi? Əgər olmazsa, böyük idealların əks olunmadığı əsəri tənqid necə qiymətləndirər?

– "Şəxsiyyət" deyəndə nə nəzərdə tutulur, əvvəlcə biz onu aydınlaşdırmalıyıq. Çox vaxt yaradıcı insanların şəxsi həyatındakı hadisələri, macəraları da "Şəxsiyyət" kateqoriyasına daxil edirik. Bəzən yazıçının, ya rəssamın çox arvad alması, bəzən hətta heç arvad almaması da onun yaradıcılıq qüsuru kimi hallandırılır. Tamaşaçı Səttar Bəhlulzadənin tablolarının qarşısında mənsub olduğu torpağın bütün gözəlliklərini, ruhunu, ovqatını yaşaya bilirsə, bu zövqalma məqamında rəssamın fizioloji həyatına niyə burun soxmalıdır?! Və ya əksinə. Pablo Pikassonun həyatında ən azı 7-8 qadın olub. Bunu da bir cür qınayırlar. Amma bu faktların heç birinin onların yaradıcı şəxsiyyətinə aidiyyəti yoxdur. Əgər Pikasso naturadan bir qadın rəsmi çəkəndə hissə qapılıb onu öldürmüş olsaydı, mən bu şəklə daha həvəslə baxardım və onun böyük sənətkar olmağına şübhəm olmazdı. Heç vaxt deməzdim ki, "nə qəddar insandır". Əgər söhbət sənətdən gedirsə, mən müəllifin yaradıcı şəxsiyyətini izləyərəm. Yəni baxım görüm o əsərlərində təqlidə, plagiata yol verib, yoxsa yox... Və ya qeyri-səmimi, ədəbiyyata, sənətə əks bir mövqedə fəaliyyət göstərərsə, onda deyərəm "şəxsiyyətsiz".

Ustad xeyir-duası yazanlara tənqidçi peşəsi bağışlanır

– Bildiyimiz kimi, tənqidin klassik və müasir janrları var. Bəziləri bir-iki əsər haqqında cızma-qara edir, onu "tənqidçi" kimi təqdim edirlər. Bunlardan, məsələn, "yol qeydləri"ni ancaq xatirə dəftərindəki yazı kimi başa düşür, bunun tənqidin müasir janrı olduğundan xəbərsizdirlər. Bu artıqlardan qurtulsa, çağdaş ədəbi mühit az da olsa, təmizliyə çıxar?

Qeyri-peşəkarlıq bu gün həyatımızın hansı sahəsində yoxdur? Geoloq kafe işlədir, hüquqşünas Sədərəkdə "toçka" fırladır və s. Əslində, bu adlarını çəkdiyim peşə sahibləri də yaradıcı adamlardır. Amma biz elə bilirik ki, məsələn, dağlar vurğunu olan bir adam mətbəxdə eşələnirsə, bu olar. Lakin hansısa jurnalist tənqidi bir məqalə yazarsa, bu olmaz... Ancaq söhbət hansı sahənin adamı olmaq, fəaliyyətini nəyə, hansı ideya və əqidəyə sərf etmək məsələsinə gələndə, əlbəttə, məsələyə mütləq ciddi yanaşmaq lazımdır. Siz düz deyirsiniz. Bu gün deyirlər ki, 5-6 tənqidçi var konkret: V.Yusifli, N.Şəmsizadə, T.Əlişanoğlu, Ə.Cahangir, R.Kamal, C.Yusifli, E.Akimova... Amma çox rastlaşmışıq ki, yazıçı, jurnalist, dilçi, tərcüməçi olan ayrı-ayrı adamların bioqrafiyasında axırıncı titullardan, peşələrdən biri kimi "tənqidçi" kəlməsi də yazılır. Deməli, bir resenziya, bir "ön söz", "dost sözü", ustad xeyir-duası yazan hər kəsə "bonus" kimi "tənqidçi" peşəsi də bağışlanır. Elə bil, bu ifadədən müəlliflərimiz bioqrafiyalarına rəng qatmaq üçün istifadə edirlər.

Ümumiyyətlə, tənqidçi olmaq istəyən adam bilgilənmək üçün ilk növbədə hansı nəzəri ədəbiyyatları oxumalıdır?

– Tənqidçi olmağın xüsusi nəzəriyyəsini bilmirəm, amma tənqidçinin məsuliyyətinin ağır olduğunu bilirəm. Onu da bilirəm ki, tənqidçilik təkcə ədəbi-bədii bilgilər çevrəsində qapanmır. Filosofları, psixoloqları, tarixçiləri, incəsənətin bir çox sahələrinə aid sənətşünaslıq məsələlərini mütləq bilməlisən. Freydi, Nitsşeni, Yunqu, Russonu, Didronu oxumadan təhlil edəcəyin bədii mətndəki insanların, obrazların tipologiyasını, cəmiyyət və fərd kontekstindəki tragediyasını və s. bu kimi analitik təhlil metodologiyasının əsasını təşkil edən nəzəri qanunları bilməzsən. Bütün sənət sahələrinə bələdliyin olmalıdır. Ən azından diletant olmalısan. İntellektuallıq, həssas yanaşma və dəyərləndirmədəki prinsipiallıq əsas şərtlərdəndir. Qarşındakı kitabda sənin sevmədiyin janr, üslub, cərəyan və hətta müəllif ola bilər, amma sən onu sevənlərin gözü ilə baxmağı bacarmalısan. Məsələn, əgər mən romantizmi və romantikləri sevmirəmsə, bu mənim subyektiv yanaşmamdır. Mən bu üslubda yazılan əsərin təhlilində romantizmin qanunlarına hörmətlə yanaşmalı və fərdi, subyektiv mülahizələrdən qaçmalıyam.

Necə risk edib mənə ağıl öyrədirsiniz?

– Deyirsiniz ki, bədii yaradıcılıqla məşğul olmağa risk etməmisiniz. Bədii mətn yazmağa ürək etmədən bədii mətn haqqında sərt fikir bildirmək haqqını necə əldə etdiniz?

– Bu sual məndə həmişə təəccüb doğurub. Və mən bununla bağlı xeyli ədəbiyyat misalları çəkmişəm. Amma bu dəfə daha sadə, məişət fonunda izahat verim. Mən, məsələn, usta çağırmışam ki, divarıma divar kağızı çəksin. İşi qurtarıb təhvil verəndə görürəm ki, səhv vurulub, naxışları üst-üstə düşmür və s. İrad tuturam və belə bir cavab eşidirəm: "Ay xanım, elə yaxşı bilirdiniz, özünüz vuraydınız da, necə risk edib mənə ağıl öyrədirsiniz?" Sənin adın yazıçıdır, mənim adım tənqidçi. Mən yaxşı əsərin nə olduğunu da, yaxşını pisdən ayırıb dəyərləndirməyin qanunlarını da bilirəm. Sənin sahən – bədii yaradıcılıq incəsənətə aiddir, mənim sahəm – ədəbiyyatşünaslıq isə elmə aiddir. Mən elmlə məşğulam, sən sənətlə. Mənim bədii yaradıcılıqla məşğulluğum mənim könüllü fəaliyyətim hesab olunur. Yoxsa "oboy" ustası kimi "Gəl özün vur görüm, məndən yaxşı bacarırsan?" –intonasiyası ilə təhdid yox.

– Niyə yazdığınız bədii mətnləri ortalığa çıxartmadınız?

– Mən bir dəfə də demişəm bu sözü, mənim ədəbiyyata, yazıçılığa qarşı tələbkarlığım o qədər ciddi prinsiplərə əsaslanır ki, özüm-özümə cavabdeh ola bilmərəm. Mən bütün tənqidi məqalələrimin altından imzamı qoyaram, lakin hekayə, povest və roman yazaramsa, tənqidçilərdən çəkinə-çəkinə təqdim edərəm. Niyə qorxmadığım yox, qorxduğum işdən yapışım? Halbuki tələbə vaxtı mənim çap olunan hekayələrimi oxuyan müəllimlərim, ədəbiyyatşünaslar bu sahədə mənim uğurlu fəaliyyətimə çox inanırdılar. Tənqidi məqalələr yazdıqca əsil yazıçılığın nə olduğunu dərk etdim. Sən də nə vaxtsa sırf tənqidçi olmaq istəsən, bədii yazılarını gizlədəcəksən və sevdiyin insanlardan da bu nəcib addımı atmağı xahiş edəcəksən.

– XI əsrdə yaşamış şair, ədəbiyyatşünas alim Xətib Təbrizi şərhlərinin birində deyib ki, şeiri tənqid etmək onu yazmaqdan çətindir. Siz necə düşünürsünüz? Şeir yazmağa risk etməmisinizsə, demək, sizin üçün tənqid etmək daha asandır?

– Mən şeir də yazmışam, uşaq vaxtı... Görürsən, tənqidçilik necə çətin peşədir. Bütün adamlar şeiri uşaq vaxtı yazır, hekayəni, məsələn, tələbə olanda, amma heç kəs demir ki, o zaman tənqidi məqalə yazmışam. Hə, uşaq vaxtı səhv etmək olar, amma böyüyəndə adam ağıllı olmalıdır...

Siz məndən də yaxşı bilirsiniz ki...

– Bir az da elmi fəaliyyətinizdən danışaq. Elmlər doktoru dərəcəsi almaq üçün mövzu götürmüsünüz? Götürmüsünüzsə, bizə hansı mövzunu işlədiyiniz maraqlıdır.

– Bəli, götürmüşəm, lakin mövzunu açıqlamaq istəmirəm.

Deyirsiniz ki, bəzi yaradıcı gənclər, pul qazanmaq, bir qarın çörək üçün publisistikaya meyl edir. Həqiqi bədii və elmi mətnə sözün ilkin mənasında "qiymət" verən var? Yoxdursa, bəs necə yaşasınlar?

– Mən bu sözləri onlara irad tutduğum üçün demirəm, ürəyim ağrıdığı üçün deyirəm ki, ehtiyacdan, dolana bilmədikləri üçün sırf yaradıcı fəaliyyətlə məşğul ola bilmirlər. Mən ədəbi gəncliyin mənəvi-ruhi problemi kimi bu nüansı önə çıxarıram. Siz məndən də yaxşı bilirsiniz ki, ədəbi, yaradıcı gəncliyimizi bir çox ədəbi-mədəni fəaliyyət dairələrində "mədəni-mədəni" istismar edirlər, "qayğı" pərdəsi altında onların hətta yaradıcı simalarını, mövqelərini belə dəyişirlər.

Ürəkbulandırıcı söhbətlər edirlər

İradə xanım, bu gün Azərbaycan tənqidi özü daha çox tənqid olunur. Məsələn, bəzi tanınmış tənqidçilər tez-tez şəxsi zəmində polemikalara girirlər. Bəzi yazarları başa düşdük, gündəmdə qalmaq istəyirlər. Bəs bu ciddi qələm adamları, ziyalılar niyə bu yollara əl atır, sizcə? Ümumiyyətlə, onların son dövrkü fəaliyyətini necə qiymətləndirirsiniz?

– Bu suala cavab vermək bir az çətin olacaq. Mən dəfələrlə demişəm, elə adamlar var ki, potensialına bələdsən və onun məşğul olduğu işlərlə bu potensialdan yararlanma mövqeyi üst-üstə düşməyəndə kədərlənirsən. Şəxsi ampluanı isə heç qəbul edə bilmirəm. Bu insanların fəaliyyət sahələri sırf ictimai, obyektiv, ümumiləşmiş bir tendensiya üzərində qurulan fəaliyyət sahəsidirsə, necə ola bilər ki, özləri xırda və şəxsi məsələlərlə bağlı qıcıqverici söhbətdən xilas ola bilməsin?! Mən onlardan yeni ədəbi bir prosesin, ədəbi inqilabın nəzəriyyəsini gözlədiyim halda, "sən dedin – mən dedim" kimi ürəkbulandırıcı söhbətləri gündəmdə saxlamağı özlərinə rəva görürlər.

Onların son dövrkü fəaliyyətlərini isə tam izləyə bilməsəm də, xüsusi bir tərpəniş, hərəkətvericilik hiss etmirəm.

Bəs ədəbiyyatda kütləviləşməyə necə baxırsınız? Bəzən yazıçılar, tənqidçilər hər cızma-qara edənə "yazsın da, pis iş görmür ki" deyir. Amma bu, oxucunu bədii mətndən soyudur, oxumaq istəyini azaldır, oxucu hara baxırsa, adına "şeir" deyilən cümlələrə rast gəlir – misra yox, məhz cümlələrə. Siz nə fikirdəsiniz? Onlar, həqiqətən də, ziyansız bir işlə məşğuldurlarmı, yazmalıdırlarmı, əgər dayanmalıdırlarsa, onlara kim "bəsdir" deməlidir?

– Sənin dediyin bu "yaradıcı kütlənin" ədəbiyyata dəxli yoxdur və heç vaxt da onlar ədəbiyyatın ərazisinə daxil ola bilməyəcəklər. Sadəcə, doğru deyirsən ki, sərhəd, meyar itib. Oxucu o qədər pis şeir oxuyur ki, yaxşı yazanı da dinləmək istəmir. Bu nöqtədə ədəbiyyat nəzəriyyəçiləri boşluq göstərib "xeyirxahlıq" adıyla hamıya "Allah xeyir versin" deməməlidir.

Ədəbiyyat İlahi sözün yuvasıdır

Mənə elə gəlir, tənqid özünün inkişafının pik həddini XX əsrdə yaşadı. Siz necə fikirləşirsiniz? Kamal Talıbzadə, Yaşar Qarayev, Məmməd Cəfər, Qulu Xəlilov və s. tənqidçilərə bu gün alternativ imzalar kimlərdir?

– Mən heç vaxt Azərbaycan ədəbi tənqidinin "pik" həddini görmədim. Tənqidin intibah dövrü olmadı bizdə. Tək-tək imzalar oldu amma dövr, mərhələ olmadı...

Sizcə, çağdaş dövrdə ən cəsarətli qələm sahibi kimdir? Bir şair, bir yazıçı, bir tənqidçi adı çəksəniz, yaxşı olardı.

– Mən dəfələrlə demişəm, Nigar, ədəbiyyatda cəsarət söhbəti doğru, məntiqli söhbət deyil. Ədəbiyyatın öz tribunası var və bu tribunada qışqırıq, hədə-qorxu, ittiham və hücum, nümayişkaranə qəzəb və s. mənasızdır. Ədəbiyyat İlahi sözün yuvasıdır, məsuliyyətli və vicdanlı İlahi sözün...

Tarix
2015.09.04 / 08:30
Müəllif
Nigar An
Şərhlər
Digər xəbərlər

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış edir

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

Prezident niyə Berlinə Füzulidən uçdu? - 3 mesaj

Prezidentin Berlin səfərində təxribat aksiyası planlaşdırılır

Rusiyaya qarşı yalnız Nikoldur? İlluziyaya qapılmayın!

Mirzoyan serb nazirə delimitasiyadan danışdı

İlham Əliyev Almaniyada səfərdədir - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla