Yuxarı

Uşaqlığımızın idolları – biri də getdi...

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çox kədərlidir... İdollarımız bir-bir ölür. Uşaqlığımızın, gəncliyimizin kumirləri bir-bir sıramızı tərk edir.

Onlar özləriylə uşaqlıq dövrümüzün hiss-həyəcanlarını aparır, kövrək xatirələrə çevrilirlər.

Biz uşaq olanda iki dünyaca məşhur idmançını çox sevərdik. Biri Məhəmməd Əliydi, o biri – Pele.

Onları tanımayan, sevməyən uşaq vardımı? Yox idi. Hamının dilinin əzbəriydilər.

Məhəmməd Əlini sevən uşaqların heç biri boksçu olmadı, heç pelesevərlər də futbolçu olmadılar.

Məhəmməd Əli də, Pele də sadəcə idollar idi – bizim dövrün uşaqları onlara tapınırdılar.

O zamanlar tay-tuşlarımızla tez-tez yumruqlaşardıq. Hər kəs Məhəmməd Əliydi. Hər kəs inanırdı ki, məhz onun kimi döyüşür, yumruğunu onun kimi atır. Rəqibə tutarlı vurulmuş yumruq Məhəmməd Əli standartıydı.

Qonşumuz Fehruz kişinin idmansevər oğullarının boks əlcəkləri vardı – iki cüt. Bir dəfə onları Fehruzun kiçik, bizimlə həmyaşıd oğlu Nazirdən alıb məhəllə uşaqlarıyla boks turniri keçirdik. Əllərimizə geydiyimiz boks əlcəyində hər birimiz özünü Məhəmməd Əli sayırdı. Heç kəs Co Frezer olmaq istəmirdi. Çünki Məhəmməd Əli onu məğlub etmişdi. O, qələbənin, gücün simvoluydu.

Bir dəfə, gərək ki, 1980-ci ildə "ABŞ imperializminin iyrənclikləri"i vaxtaşırı ifşa edən sovet təbliğatı beynəlxalq durumu şərh edən verilişlərin birində Məhəmməd Əlinin pozğun həyat tərzi keçirdiyindən danışdılar. Əfsanəvi boksçu SSRİ-yə qarşı nə etmişdisə, nə demişdisə (deyəsən, Moskva olimpiadasını boykota çağıranları dəstəkləmişdi), adamın üstündən bir ləhzədə xətt çəkmişdilər. Ancaq bu "dəhşətli ifşa" gözümüzdə Məhəmməd Əlinin dəyərini azaltmadı.

Sonradan məlum oldu ki, o, eyş-işrət aludəçisi, pozğun həyat tərzi keçirən biri deyil və elə o illərdə parkinson xəstəliyinə tutulub. O, hərəkət edərkən, danışarkən titrəyirdi və milyonlarla pərəstişkarını kədərə boğurdu. Bu, bir peşə xəstəliyi idi. Vaxtilə başından aldığı yumruq zərbələri Məhəmməd Əlinin səhhətinə çox pis təsir göstərmişdi. O zərbələr Məhəmməd Əlini 40-45 ildən sonra, bu gün nokaut etdi.

ABŞ-da irqi ayrı-seçkiliyə ağır zərbə vuran iki-üş adamdan biri məhz Məhəmməd Əliydi. O, öz olimpia medalını Oreqon çayının körpüsündən axar sulara atmaqla bütün Amerikanın, dünyanın diqqətini irqi ayrı-seçkilik probleminə cəlb etmişdi. Həmin gün boks üzrə olimpiya çempionunu qaradərili olduğuna görə gecə barına buraxmamışdılar və o, heç nəyə yaramayan bu medala da, qaradərililəri adam saymayan Amerika "dəyərlər"inə də tüpürmüşdü.

Sonradan ABŞ ona və qaradərililərə qarşı buraxdığı tarixi səhvini düzəltdi. Qaradərili siyasilər dövlət katibi, prezident oldular. Vaxt gəldi ki, dərisinin rənginə görə bara buraxılmayan Məhəmməd Əliyə olimpiya oyunlarının məşəlini yandırmaq şərəfini həvalə etdilər. Onun titrəyən əlləri ilə olimpiya məşəlini çətinliklə yandırmasını izləmək çox kədərliydi...

İndi Məhəmməd Əli aramızda yoxdur. Bəşər tarixinin ən məşhur simalarından biri vəfat edib və dünyanın nə qədər fani olduğunu hər kəsə bir daha göstərib.

Bir neçə ilin içində görün, aramızdan kimlər getdi: yazıçı Markes, Umberto Eko, musiqiçi Maykl Cekson, futbolçu Yohan Kroyf, indi də Məhəmməd Əli...

Allah ömür versin, Pele də öləcək və bir-birinə "Pele, Pele" deyə-deyə, çığırışa-çığırışa kameri yeddi dəfə yamanmış "nipelni" topun dalınca qaçan uşaqların daha bir idolu həyatda olmayacaq.

Bizi, orta yaşda olan insanları tezliklə idolsuz bir dünya gözləyir. İndiki məşhurlar bizim idollarımız deyil və olmayacaqlar. Onlar indiki uşaqların idoludurlar – o da ola bilsələr.

Bəzən çox adama "əfsanəvi şəxs" deyirlər. Amma bu, hamıya yaraşmır. Əsl əfsanə odur ki, karyerasını bitirəndən, həyatdan gedəndən sonra yüz illərlə yaddaşlardan silinməsin, sözü-söhbəti getsin. Məhəmməd Əli sağlığında da əfsanəydi...

Tarix
2016.06.04 / 14:10
Müəllif
Samir Sarı
Şərhlər
Digər xəbərlər

SSRİ-ni dağıdanlardan biri ilə söhbət

Höte kraliçaya baş əyəndə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla