Ana səhifə Gündəm |
2014-cü ildə Kəlbəcərdə işğalçı Ermənistan hərbçiləri
tərəfindən girov götürülən və qeyri-qanuni azadlıqdan məhrum edilən
Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqdan azad olunması
məsələsi dövlət başçısının daim diqqət mərkəzindədir. Bununla
əlaqədar müvafiq beynəlxalq təşkilatlar qarşısında əsaslandırılmış
tələblər qaldırılıb.
APA-nın məlumatına
görə, bunu bu gün Əsir və itkin düşmüş, girov götürülmüş
vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının iclasında Dövlət
Komissiyasının sədri, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət
Quliyev deyib.
213 itkinin taleyinə aydınlıq gətirilərək adları qeydiyyatdan çıxarılıb. Bununla yanaşı, 11 nəfərin hələ atəşkəsə qədərki döyüşlər zamanı itkin düşməsi faktı aşkarlanıb.
M.Quliyev bildirib ki, aprel hadisələri ilə əlaqədar Dövlət
Komissiyasının İşçi Qrupu gücləndirilmiş iş rejimində çalışıb:
"Həmin hadisələrlə əlaqədar 19 Ermənistan hərbçisinin meyiti qarşı
tərəf verilib, şəhid olmuş 13 Azərbaycan hərbçisinin meyiti
alınıb".
Dövlət Komissiyasının İşçi Qrupunun rəhbəri İsmayıl Axundov ikin
düşmüş şəxslərlə əlaqədar bu ilin 6 ayı ərzində aparılmış
axtarış-araşdırma və siyahılarda dəqiqləşdirmə işləri, həmçinin
aprel humanitar proseslərin təşkili barədə danışıb: "İtkin düşmüş
şəxslərlə bağlı məlumatların dəqiqləşdirilməsi, Beynəlxalq Qızıl
Xaç Komitəsi ilə mövcud olan siyahıda fərqin aradan qaldırılması
sahəsində işlər davam etdirilib. 213 itkinin taleyinə aydınlıq
gətirilərək adları qeydiyyatdan çıxarılıb. Bununla yanaşı, 11
nəfərin hələ atəşkəsə qədərki döyüşlər zamanı itkin düşməsi faktı
aşkarlanıb. 2016-cı il iyulun 1-ə olan məlumata görə, 3803 nəfər
hazırda itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyata
alınıb. Ötən ilin sonunda Beynəlxalq Qızıl Xaç Komitəsi ilə Dövlət
Komissiyasının itkin düşmüş şəxslərlə əlaqədar təqdim etdiyi
siyahılarda fərq 300 nəfərdən 85 nəfərə qədər azalıb".
İşçi Qrupunun rəhbəri nəzərə çatdırıb ki, bu ilin iyununda
Ermənistan ərazisində saxlanılmış Qətibə Ələkbərova azad edilib:
"Ümumilikdə, 1 iyul 2016-cı il tarixə olan məlumata görə, 1436
nəfər əsir və girovluqdan azad edilmiş şəxs kimi Dövlət
Komissiyasında qeydiyyatdadır. Hesabat dövründə İşçi Qrupu
tərəfindən münaqişə zamanı şəhid olan və tanınmadan dəfn edilən
meyitlərə aid məzar yerlərinin CPS koordinaitlarının çıxarılması
işinə də start verilib. 127 naməlum məzar yeri müəyyənləşdirilərək
koordinatları təsbit olunub".
Tarix
2016.07.01 / 18:43
|
Müəllif
Axar.az
|