Yuxarı

Çox iyrənc səsim var, kefim istəyəndə... - Səhər

Ana səhifə Kult Ədəbiyyat
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kult.az şair Səhər Əhmədin müsahibəsini təqdim edir:

- Səhər xanım, birbaşa yaradıcılığınızdan bəhs edək, nə yazırsınız, kitablarınızın dərc olunması nə yerdədir?

- “Uşaqlığın son gecəsi” filmində deyir e, “sovet sənayemiz nə istehsal etsə, ondan içirəm”. İndi mən də nə gəldi yazıram, şeir, hekayə, köşə. Təzəlikcə yeni kitabım çıxıb - “Həyatın təkrar nəşri”. Bu, həm də ilk nəsr kitabımdır.

- Özünüzü daha çox hansı janrda rahat hiss edirsiniz?

- Özümü daha çox ifadə edə bildiyimdə. Bu mənada bəzən şeir daha çox effekt verir, bəzən nəsr. Son hekayəm pyesvari bir hekayə idi, analiz eləsək, nə hekayəydi, nə pyes, amma fikrimi ifadə etmək baxımından o qədər rahatlıq gətirdi ki! Mənim üçün formanın heç bir önəmi yoxdur, əsas məzmundur. Bəzən bir cümləlik status belə, adamı bir roman yazmış kimi sakitləşdirir.

- Siz həm də orta məktəbdə müəllim kimi fəaliyyət göstərirsiniz, maraqlıdır, şagirdləriniz sizi müəllim, yoxsa şair kimi yaddaşlarında çox saxlaya biləcək?

- Təbii ki, müəllim kimi. Çünki mən onlara oxucu kimi yox, şagird kimi yanaşıram. Yazar öz oxucusu ilə təmasda olmur, amma müəllimin bu şansı var, odur ki, onlar həm mənim şagirdlərimdir, həm obrazlarım, həm də gələcək oxucularım.

- Necə düşünürsünüz, yazarlarımızın sayı get-gedə çoxalmırmı? Yazarların bu qədər boy verməsi ədəbiyyatımızın inkişafına nə dərəcədə xidmət edə bilər?

- Ədəbiyyatın inkişafına kəmiyyət yox, keyfiyyət xidmət edir. Kəmiyyət heç nəyi dəyişmir. Füzulinin dövründə Bağdad ədəbi mühitində nə qədər şair olub: Şahi, Süruri, Xəzani, Tüfeyli, Zehni, Elmi, Səhabi, Zəmiri, Həqiri. Hansının bir misrası kiminsə yadındadır? Amma dövrün ədəbiyyata töhfəsi Füzuli yaradıcılığıdır. Və yaxud nə qədər yaradıcı aşıq adı çəkə bilərik. Aşıq yaradıcılığının təməli isə bir neçə aşıqdır, tutaq ki, Ələsgər, Tufarqanlı, Qurbani və s.

- Səhər xanım, siz yazar ailəsisiniz. Həyat yoldaşınız Dəyanət bəy, qaynınız Tofiq Qaraqaya tanınan qələm adamlarıdır. Bir ailədə yazarların çox olmasının mənfi xüsusiyyəti nə ola bilər?

- Yazarlıq niyə mənfi xüsusiyyət olsun ki?! Əksinə, üçümüz bir yerdə olanda maraqlı olur, yaxşı ədəbiyyat söhbətləri edirik, bəzən mübahisə edirik, nəyi pisdir ki.

- Dəyanətlə sizin yaradıcılığınızda, yazı maneranızda, üslubunuzda xeyli fərq var. Bəs, ailədaxili, həyata baxışlarınızda necə?

- Üslubumuzda nə qədər fərq varsa, həyata baxışımızda da o qədər fərq var, amma bu, bizim söhbətin mövzusu olmamalıdır.

- Hansınızın şairliyi evdə tez-tez büruzə verir?

- Heç birimizin. İkimiz də kifayət qədər realist və məsuliyyətli adamıq. Özümüzü dahiliyə vurub, “sən ağa, mən ağa, inəkləri kim sağa” vəziyyəti yaratmırıq.

- 5 uşaq, 14 nəvə, 1 əri olan şairələr var ki, nakam sevgidən yazırlar. Bu şeirlər nə dərəcədə səmimi ola bilər?

- Şeirin nə qədər səmimi alınması istedad göstəricisidir. Onun yaşa dəxili yoxdur. Məsələn, Ramiz Rövşənin “bəsdi, bəsdi, axmaq qoca” şeiri səmimi alınmayıbmı? Və yaxud Aşıq Şəmşirin “Gül ay qızım, mən qocaya bir də gül” şeiri nə qədər gözəldir. Əsl şair qocalanda da içindəki gözəlliyi yansıtmağı bacarmalıdır. İstedadsız adam isə hansı yaşda nədən yazsa, qeyri-səmimi, zəif alınacaq, əttökən olacaq.

- Ümumiyyətlə, Azərbaycan ədəbiyyatının səhhəti necədir? Göz yaşlarında boğulmurmu?

- Göz yaşı bir az pafoslu çıxır. İndi biz düşmüşük ədəbiyyatın üstünə. Ədəbiyyat yazıq neynəsin axı? O, cəmiyyətin güzgüsüdür.

- Sosial şəbəkələr sanki şair istehsal edir, kimə baxırsan şeir yazır, şeir yazmaq asandır, yaxud bu insanlar özlərini belə daha yaxşı ifadə edir?

- Gəlin razılaşaq ki, bu “şair xalq” ifadəsində həqiqət var. Yəni biz nəzmlə düşünürük xalq olaraq. Atalar sözlərimiz, məsəllərimiz, hətta zarafatlarımız da qafiyələnir. Sosial şəbəkə olmayanda sandıq ədəbiyyatı vardı, kimi dindirirdin, deyirdi, cavanlıqda şeir yazmışam. İndi sosial şəbəkələr var, yayırlar bu sandıq ədəbiyyatını. Düzdür, adam bezir, hətta şeirdən iyrənir, amma qadağa qoya bilmərik axı. Mən müğənni deyiləm, çox iyrənc səsim var, amma kefim istəyəndə oxuyuram. Və ya rəqqasə deyiləm, toyda oynayıram.

- Ədəbiyyatda olan qruplaşmalara necə baxırsınız? Bu qruplaşmalar təbliğat üçün nəzərdə tutulub, yoxsa hansısa ədəbi quruma qüvvəyə qarşı müqavimət üçün?

- Ədəbiyyatı bütün dövrlərdə fərdlər yaradıb. Hətta deyərdim, təklər və tənhalar. Yaradıcılığın qrupa nə dəxili var axı. Qruplaşma reklam üsulu ola bilər, amma o da uzun çəkmir, sonda qrup üzvləri bir-birlərinin paxırını açıb tökürlər ortalığa.

- Necə düşünürsünüz, siz də hansısa qruplaşmanın tərkib hissəsində deyilsiniz ki?

- Bu sualla qarşılaşmayacağım qədər yox. Bunu hamı bilir, heç vaxt heç bir qruplaşmada olmamışam.

- Səhər Əhməd nəyə təəssüf edir?

- Dünyanın faniliyinə.

- İmzası çox tanınan hansı yazarımızı oxumaq ürəyinizcə deyil?

- Mən ürəyimcə olmayanları oxumuram, adətən.

- Bəs tənqidin vəziyyəti necədir? Tərifləmək üçün özünü daha çox səfərbər eləyib?

- Tənqid heç bir dövrdə ədəbiyyatı yönləndirmək iqtidarında olmayıb, indi heç deyil.

Tarix
2017.02.28 / 02:09
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Azərbaycan XİN-dən Avropa Parlamentinə cavab

Əliyevin Türkiyə və Ermənistanla bağlı bu istəyi... - Başbuğ

Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir - Deputat

İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi

Bakının razılıq verdiyi Astana təklifinə İrəvandan reaksiya

Türkiyə-Rusiya Monitorinq Mərkəzi bağlandı - Video

Daha bir istiqamətdə ermənilərin mövqeləri sökülür

Mübarizə qızışır: Kim ilk ensə, ərazi onun olacaq!

Bakıya qarşı sanksiya çağırışı - İcmadan reaksiya

Əliyev İrəvana seçim üçün iki yol təklif etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla