Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
18 Noyabr 2017


“Özbəklər Nizami və Füzulini...”

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özbəkistanlı şair, tərcüməçi Əzəm Abidovla tanışlığım dostluq səviyyəsinə qədər yüksələ bildi. Bu gülərüz, qaragöz özbək türkünün sifətindəki təbəssüm ətrafa da sirayət edirdi. Tatarıstanın baş şəhəri olan Kazanda Türkcənin 11-ci şeir şölənində iştirak edən digər türkdilli xalqların yaradıcıları içərisində yaranan doğmalığa onun xoş danışığı da xüsusi bir önəm verirdi. Onun həmyerlisi, şair Faxroddinlə birgə Azərbaycan ədəbiyyatına olan diqqəti də nəzərimdən yayınmamışdı.

Bu yaxınlarda Əzəmlə sosial şəbəkə vasitəsi ilə əlaqə saxlayıb hal-əhval tutdum:

- Hazırda yaradıcılığınızda durum necədir? Nə işlə məşğulsunuz?

- Bu yaxınlarda Avropada oldum. Maraqlı sənət adamları ilə, şair və yazıçılarla görüşlərim oldu. Özümün təxəyyülümün məhsullarını vərəqə köçürməklə məşğulam. Şeirlər, kiçik hekayələr yazıram. Ağlımda o qədər ideyalar var ki, bütün bunları yazam gərək. Özbək yazarların əsərlərini ingilis dilinə çevirməkdə davam edirəm. Eyni zamanda da müxtəlif ölkələrin yazarlarının əsərlərini özbək dilində oxucuların ixtiyarına verirəm. Hazırda Əlişir Nəvainin qəzəllərini ingilis dilinə çevirirəm. Eyni zamanda özbək şairlərinin antologiyasını da ingilis dilinə hazırlayıram. İki yeni layihəyə də başlamağı fikirləşirəm: "Bir gün Özbəkistanda" adlı poetik foto-albom və " Bağlı qapılar". Eyni zamanda Daşkənddə bəstəkar Yudakov adına muzeydə maraqlı və yaradıcı adamlarla "Maysara" məclisində görüşlərin keçirilməsinin təşkilati işləri ilə məşğulam. Tanınmış və gənc rəssamların sərgisini də bu yaxınlarda elə bu muzeydə gerçəkləşdirəcəyik. Öz saytımda tanınmış xarici müəlliflərin əsərlərindən nümunələr və onlarla müsahibələri də yayımlamaq işimin tərkib hissəsidir.

- Bu yaxınlarda Tatarıstanın paytaxtı Kazan şəhərində Türkcənin 11-ci şeir şölənin iştirakçısı oldunuz. Bu tədbir sizə hansı təəssüratları yaşatdı?

- Festival dostluq, həmrəylik ab-havasında başladı və sona çatdı. Bu çox gözəl idi, biz hər birimiz tərcüməçiyə ehtiyac olmadan bir-birimizi anlayır, fikir mübadilələri aparırdıq. Təcrübələrimizi bölüşdük, şeirlər oxuduq, şəhərin görməli, tarixi yerlərinə getdik. Təşkilatçılara sizin vasitənizlə də təşəkkürümü çatdırıram. Xüsusilə Türkiyədəki dostlarımız. Çox istərdim ki, belə bir festival mənim ölkəmdə - Özbəkistanda da baş tutsun. Əlimdən gələni bu işdə əsirgəmərəm. Axı bu, mənim ən böyük arzularımdan biridir ki, Özbəkistan dünya ədəbiyyatı, mədəniyyəti üçün bir körpü rolunu oynasın.

Onlar bir-birini elə də yaxşı tanımırlar

- Kazanda tədbirin necə keçməsini dediniz. Bəs siz kiminlə daha çox ünsiyyətdə ola bildiniz, dostluq, əməkdaşlıq münasibətləri qurdunuz?

- Adətən yaradıcılıq səyahətlərindən sonra memuarlar yazılır. Kazanda türk dünyasının bir çox şairi ilə görüşümüz oldu. Ölkələrimizin iqtisadi, sosial durumu haqda da imkan tapıb söhbət etik. Sözsüz ki, daha çox yaradıcılıq sferasında fikir mübadilələri apardıq, şeirlərimizin tərcümələri ilə məşğul olduq. Mən tatar şairəsi Ulduz xanımı özbək dilinə tərcümə etdim. Tatarıstanlı şair və tərcüməçi Radif Qataş öz tərcüməsində böyük özbək şairi Çulpanın tatar dilində olan şeirlər kitabını mənə hədiyyə etməklə məni çox sevindirdi. Mənə elə gəlir ki, türk xalqlarının ədəbi və əbədi birliyinin daha yüksək səviyyələrdə təmsil olunmasının vaxtı çoxdan çatıb. Mən tez-tez xarici səfərlərdə, festivallarda oluram, çox təəssüf ki, türk xalqlarının şairlərinin tanışlığı çox aşağı səviyyədədir. Onlar bir-birini elə də yaxşı tanımırlar.

- Əzəm, bəs Azərbaycan ədəbiyyatı haqda bilgin nə qədərdir? Kimi oxumusan, ümumiyyətlə, Özbəkistanda daha çox kim tanınır?

- Mən filologiya fakültəsini bitirmişəm. Tələbəlik illərində bizə Nizami və Füzulinin həyat və yaradıcılığını daha çox öyrədiblər. Bilirəm ki, bir çox özbək şair və tərcüməçiləri Azərbaycan klassik ədəbiyyatını tərcümə ediblər və edirlər. Xüsusilə də poeziyasını. Müasirlərinizdən Xosiyyat Rustamovanın, Saodat Muxaqmedovanın, Şaxlo Kasimovanın tərcümələrini də oxumuşam. Gənc yazar Elçin Səfərlinin hekayələri Özbəkistanda sevilərək oxunur. Ramiz Rövşəni demək olar ki, bütün şeirsevərlər tanıyır və oxuyur.

Nizami dünyanın ən böyük yazarlarındandır

- Mən özbək şairi Faxroddinin Füzulini əzbərdən deməsinin şahidi oldum. Füzuli özbəklər üçün kimdir?

- Mənə elə gəlir ki, özbək oxucusu klassiklərə elə də fərq qoymur. Onlar eyni məhəbbətlə Rumini, Şekspiri, Nəvaini, Xəyyamı, Nizami və Füzulini sevir, oxuyurlar. Mən özüm də bu dahiləri tez-tez oxuyur və hər dəfə də nəyisə yenidən kəşf edirəm.

- Bəs özbək oxucusu, ədəbiyyatçısı kimi daha çox kim doğmadır, daha çox kimi öyrənirlər?

- Sözsüz ki, Nizami Gəncəvini. O, dünyanın ən böyük yazarları sırasında öncüllərdəndir.

- Əzəm, bəs sən özün iki qardaş xalqın ədəbiyyatında özünü harada görürsən?

- Müasir yazarlarınızın hekayə və şeirlərini özbək oxucularına təqdim edə bilsəm, çox şad olaram. Artıq bu istiqamətdə işlərim gedir.

- Mən sənin yaxşı piano çalmağını da müşahidə etdim. Deyəsən, həm də bəstəkarsan.

- Uşaq vaxtlarımda musiqi təhsili almışam. Sonradan bu sahədə müəyyən uğurlarım da oldu. Rübabda və digər alətlərdə ifa etmişəm. Dövlət orkestrinin solisti olmuşam. "Təbəssüm" vokal-instrumental xor ansamblının aparıcı üzvlərindən olmuşam. Amma həmişə də düşünmüşəm ki, mən professional səhnə üçün hələ hazır deyiləm. Sadəcə, düşünürəm ki, şair və digər yaradıcı sahənin adamı musiqi ilə dost olmağı bacarmalıdır. Düzdür, mən Kazanda piano da ifa etdim. Mənə elə gəldi ki, zaldakı çoxsaylı qonaqlar və iştirakçılar şeirdən və məruzələrdən yorulub, ona görə də bu jesti etdim. Düşündüyüm kimi də oldu, çox yaxşı qarşılandı.

Dəfələrlə təklif etmişəm ki...

- Əzəm, necədir vəziyyətiniz, özbək yazar necə yaşayır, əsərləri ilə ruhlara qida verənlər öz qidasını necə əldə edir? Özbəkistan Yazıçılar Birliyi sizlərə hər hansı bir qayğı, diqqət göstərə bilirmi, yaxud heç olmasa söz verirmi?

- Məni Yazıçılar Birliyinə üzv götürüblər. Amma doğrusu, mən bu qurumun fəaliyyət dairəsinin nə olduğunu hələ də bilmirəm, maraqlı gəlməyib. Düşünürəm ki, ədəbi tədbirlərdə iştirak etmək, oxucuların yanında olmaq, kitabxanalarda görüş keçirmək daha yaxşıdır, nəinki hansısa təşkilatın keçirdiyi şablon tədbirlərdə olmaq. Dostlarım deyir ki, Yazıçılar Birliyini poliklinikası var və çox vaxt buradan yararlanırıq. Yazıçıların "Durmen" adlı yaradıcılıq evi, istirahət mərkəzi də var. Dəfələrlə təklif etmişəm ki, bu mərkəzdə görüşlər keçirək, xarici ölkələrdən yazıçıları qonaq çağıraq burada qalsınlar, onlarla ünsiyyətdə olaq, ədəbi polemikalar açaq. Hələ özbək ədəbiyyatının dünyada tanınması istiqamətində də burada bir beynəlxalq seminar keçirmək təklifini də irəli sürmüşəm. Təəssüf ki, bütün bunlara cavab verən yoxdur.

- Bəs dövlət necə? Məsələn, bizdə hər il 20 yazara bir il müddətinə Prezident təqaüdü verilir. Mənzil verilir, bəs sizdə?

- Bizdə də ədəbi mükafatlar verilir, amma sizinlə müqayisədə bu, azdır. Dövlət yazarlarımıza dəstək verir, onların kitablarını dərc edir və sair.

- Bayaqdan dostluqdan danışırıq. De, səncə, ədəbiyyatımızın bizim türkdilli xalqları birləşdirə biləcəyi mümkündür?

- Bəli, mən buna inanıram. Bütün hallarda bu mümkündür. Sərhədlər bağlı ola bilər. Amma ədəbiyyatımızın, musiqimizin sərhəd tanımaması vacibdir. Sonda bir-birimizi eşitməklə, oxumaqla, tanımaqla bu birliyə nail ola bilərik.

- Əzəm, vaxt ayırdın, maraqlı söhbət etdik, təşəkkür edirəm.

- Sən sağ ol. Sağ ol ki, bu imkanı mənim üçün tanıdın, yaratdın, söhbət edə bildik. Mənim üçün doğma olan bir xalqın oxucuları ilə həmsöhbət oldum.

Tarix
2016.01.25 / 08:30
Müəllif
Faiq Balabəyli
Şərhlər
loading...
Digər xəbərlər

Nobelin Bakıda tikdirdiyi 121 illik ev uçur - Foto

Mixaylonun Maribor şəhərində abidəsi ucaldıldı - Foto

Ermənilərin növbəti yalanı bütün dünyanı güldürdü – Video

“Bakı Ekspo 2025”in təqdimatı oldu - Foto

Bu, Bakını dünyaya yeni imicdə təqdim edir - Alişa Çinay

Bu il ölən 3 gözəl modelimiz - Fotolar

Bakıda villa 2,5 milyona satışa çıxarıldı - Foto

Tanınmış müğənni baş nazir olmaq istəyir

Dünyanın ən bahalı şərabı satıldı - Foto

Suyun altında 3000 illik qala tapıldı: Türkiyədə - Foto

KULT
<>
Xəbər xətti
 
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla