Axar.az
Yuxarı
21 Fevral 2017


Səbuhi Rəhimlidən 2017-ci ilin proqnozu

Ana səhifə Maraqlı
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təlatümlü 2016-cı il geridə qalır. Bəs qarşıdan gələn Xoruz ili dünyaya və ölkəmizə nələr vəd edir? Bununla bağlı tanınmış astroloq, “Qoroskop” qəzetinin baş redaktoru Səbuhi Rəhimli öz proqnozlarını Yeni Müsavat-a açıqlayıb.

Axar.az açıqlamanı ixtisarla təqdim edir:

- Xoruz ili əslində hansı tarixdən başlayacaq?

- Bəziləri astronomik ili yanlış olaraq yanvarın 1-i və ya martın 21-i hesab edir. Əslində isə yanvarın 1-i təqvim dəyişir, martın 21-i isə zərdüştiliyə aid milli təqvimdir. Biz əgər Çin-Şərq və 12 illik Zodiak mərhələsini nəzərdə tuturuqsa, bu həmişə 20 yanvar-19 fevral aralığına düşür. Od ünsürlü Qırmızı Xoruz ili də 2017-ci ilin 28 yanvarından 2018-ci ilin 15 fevralına qədər davam edəcək.

- Bu il özündə hansı xüsusiyyətləri daşıyır?

- İlk öncə bildirim ki, bu vaxta qədər heç bir Xoruz ili sakit və sülh şəraitində keçməyib: daima narahatçılıqlar, kütləvi etirazlar, siyasi çaxnaşmalar, məhəlli münaqişələr, çevrilişlər, sui-qəsdlər olub. Bu illərdə yeni-yeni liderlərin pərvəriş tapması, situasiyaların öz məcrasından çıxması, ictimai enerjinin gənclər üzərində cəmləşməsi həmişə labüd olub. Qədim Şərq astrologiyasına əsaslansaq, Xoruz təcavüzkar ildir. Kimdənsə mərhəmət gözləmək, ədalətin qələbə çalacağına inam bəsləmək boş xülyadır. Məqsədə çatmaq üçün bütün cəbhələrdə, sərt şəkildə mübarizə aparmaq lazımdır. Sükanı əldən buraxmaq, yaxud da kiməsə etibar etmək təhlükəli sonluqla bitə bilər. Hər kəs öz hüququnu bilməli, öz haqqını bütün instansiyalarda tələb etməlidir.

- Meymun ilində dünyada xeyli təlatümlər yaşandı, gözlənilməz hadisələr baş verdi, dünyanın lider ölkəsinin başına qeyri-adi Donald Tramp gəldi. Bu proseslər Xoruz ilində də davam edəcəkmi?

- Səhv etmirəmsə, 2002-ci ildə sizin qəzetə də açıqlamamda bildirmişdim ki, 2003-2022-ci illər arası dünya böyük “təmirə” dayanacaq və bu “təmir” çoxlu fəsadlar törədəcək, dünyanın burulğandan keçməsinə, bəzi gizli mətləblərin aşkar olunmasına və ya əksinə, mühüm məsələlərin gizlədilməsinə xidmət edəcək. Vurğuladığım 20 illik müddətdə planetimizin nələr yaşadığına hər birimiz şahidik. 11 sentyabr ABŞ terroru ilə layihəsi hazırlanan ciddi planlar məhz 2003-cü ilin 20 martında İraqa hücumla start götürdü. Sonra Əfqanıstan, Suriya, Şimali Afrika, məxməri inqilablar gəldi gündəmə, “Taliban”, “əl-Kaida”, “Boko-Haram” kimi terror təşkilatlarının adını eşitdik, maliyyə böhranlarının, misli görünməmiş terrorların şahidi olduq, İŞİD bəlası, güclü dövlətlərdə böhran, Avropaya axışan milyonlardan ibarət qaçqın sellərini gördük. Qərb-Şərq, Qərb-Rusiya qarşıdurması da qorxulu nöqtəyə çatdı. Bu və digər məsələlər çoxlarına bəlli olduğu üçün üzərində çox dayanmaq istəmirəm. Yalnız onu deyə bilərəm ki, söylədiyim 20 illik prosesin ən pik nöqtəsi 2016 və 2017-ci illərdir. Hazırda biz ən gərgin və ən təhlükəli dövr yaşamaqdayıq. 2016-cı ildə baş verən, start götürən bir çox proseslər var ki, istər-istəməz öz nəticəsini yeni ildə büruzə verəcək. Deməli, qarşıdakı il daha gərgin zaman kəsiyinə çevriləcək. O ki qaldı Tramp barədə təəccübünüzə, məncə o qədər də təəccüblü deyil. Düşünürəm ki, o, Obama administrasiyasının “səhvlərini” düzəltməklə məşğul olacaq.

- Tarixə nəzərə yetirəndə görürük ki, bundan əvvəlki Xoruz illərində bəşəriyyətin tarixini dəyişən hadisələr baş verib, məsələn, Hitler hakimiyyətə gəlib, İkinci Dünya müharibəsi başa çatıb, Xalq Cəbhəsinin hakimiyyəti süquta uğrayıb və sairə. Bəs bu il dünyada və ölkədə nələr yaşana bilər?

- Xoruz illərində daha çox tələsik sülhlərin şahidi oluruq. Sanki problemlərə tez nöqtə qoymaq üçün bütün risklərə gedilir. İkinci Dünya müharibəsinin bitməsi də Yaponiyaya iki bomba atılması sayəsində baş verdi. Bu il də belə “tələskənliklərin” şahidi olacağıq. Çünki ötməkdə olan ildən çoxlu problemlər yarımçıq qalmaqdadır və onların əksəriyyəti təcili həllini gözləyir. Xoruz ili sırf siyasi dövr olduğu üçün daima ziddiyyətli, gözlənilməz hadisələrə rəvac verir. Tarixi xronologiyaya nəzər yetirəndə bir daha bunun şahidi oluruq.

- O zaman deyə bilərsinizmi ötən Xoruz illərinin ziddiyyətli hadisələri hansılardır?

- Bir tərəfdən Həzrət Əli (ə) qətlə yetirilib (661), digər tərəfdən İstanbul fəth olunub (1453); bir tərəfdən Azərbaycanı gələcəkdə bir dövlət kimi yox etmək məqsədilə Gülüstan müqaviləsi bağlanılıb (1813), digər tərəfdən Seyid Cəfər Pişəvəri Cənubi Azərbaycan Cümhuriyyətini elan edib (1945); bir tərəfdən Vahid İtaliya (1861), Monqolustan (1921), Qana (1957) dövlətləri, BMT yaradılıb (1945), digər tərəfdən Kolumbiyada, Venesuelada, Filippində (1957), Liviyada (1969), Ekvadorda, Banqladeşdə və Misirdə (1981) qanlı hakimiyyət dəyişikliyi olub. Belə hadisələri çox sadalamaq olar.

- Bəs araşdırmanıza görə Xoruz illərində baş verən ən çox hansı hadisə bəşəriyyətə xeyirli və hansı zərərli olub?

- Müharibə və siyasi zəfərləri qırağa qoysaq, mənim üçün 1969-cu ildə İnternetin yaranması bəşəriyyətin ən böyük zəfəri, 1981-ci ildə yayılmağa başlayan SPİD (QİÇS) xəstəliyi isə dünyamız üçün ən böyük bəladır.

- İlin uğurlu və uğursuz ayları hansı olacaq?

- Ayları uğurlu-uğursuz edən insanlardır. Lakin astrologiyada ilin şanslı məqamları və tədbirli olmalı dövrləri də göstərilir. Bu baxımdan 2017-ci ildə dünya üçün yanvar və fevral uğurlu, iyul və avqust isə uğursuz aylar ola bilər.

- Hansı Zodiak illəri üçün bu il uğurlu olacaq?

- İlin aparıcı Zodiak illəri Xoruz, Öküz və İlan, bürcləri isə Oğlaq və Sutökəndir.

- Yeni ildə insanlar hansı tövsiyyələrə əməl etməlidirlər?

- Min illərin sınağından keçən astrologiyada hər bir ilin öz oyun qaydaları, yaşama üslubu və mübarizə qanunları var. Bu baxımdan deyə bilərik ki, Xoruz ilində pul qazanmaq, büdcəni rahat şəraitdə artırmaq olduqca çətindir. Bu dövrdə çoxları karyera zirvəsindən sürətlə aşağı düşür, nəticədə isə bəzən qarşıdurma meylləri də güclənir. Aşağılarla yuxarılar arasında mövcud olan sədd yırtılır. Belə hallar da xaosun meydan sulamasına rəvac verir. Qanunlar lazımi səviyyədə işləmir və ya onlara riayət olunmur. Bu illərdə pul və imkandan daha çox ağıl və analiz üstün olur. Yalnız böyük təcrübə sahibləri, taktikalı və zamanın nəbzini tutanlar qalib gəlir".

Tarix
2016.12.24 / 13:16
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Bu mağaza 40 ildir eyni tərəzini işlədir - Video

Feysbuk işçiləri nə qədər maaş alır? - Siyahı

65 yaşı var, amma qripə tutulmayıb - Video

Polis maşını cərimə meydançasına aparıldı - Foto

6-cı sinif şagirdinin inanılmaz bacarığı – Video

Ərəblərin Azərbaycanda qar əyləncəsi - Video

NASA dünyanın ən dəqiq görüntüsünü yaydı - Foto

Trampın qeyri-adi "Canavar"ı - Video

Dünya nəhənglərinin heyrət etdiyi 3 türk - Video

Azərbaycanlı gəncin qeyri-adi ixtirası - Video

KULT
Xəbər xətti
 
SORĞU
Cocuq Mərcanlıda yaşamaq istərdiniz?
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla