Türkiyə mətbuatının xəbərinə görə, Moskvada rəsmi səfərdə olan
Suriya Xarici İşlər naziri Vəlid Müəllim Rusiyanın kimyəvi
silahların beynəlxalq nəzarətə götürülməsi ilə əlaqədar təklifini
qəbul etdiklərini açıqlayıb.
Rusiyada Duma rəhbəri Sergey Narışkinlə görüşündə açıqlama verən
Müəllim, "Rusiya Xarici İşlər naziri Sergey Lavrovla çox məhsuldar
görüş keçirdik. O, bizə kimyəvi silahlarla bağlı təklif etdi. Biz
də axşama doğru bu təklifi qəbul etdik", - deyib.
Şimali Qafqazdan gələn terrorçular
Türkiyədə terrorçuların silahlandırıldığı və təlim verildiyini
iddia edən Müəllim deyib ki, bunların arasında Çeçenistan və Şimali
Qafqazdan gələn terrorçular var, Türkiyə 83 ölkədən gələn
terrorçuların təliminə köməklik edir. Türkiyə ilə Suriya arasındakı
tarixi dostluq münasibətlərinə rəğmən, Türkiyə qarşı tərəfdə yer
alır və düşmən mövqeyi bəsləyir.
ABŞ-dan Əsədə bir həftə vaxt
İngilis mətbuatının yazdığına görə, ABŞ Suriya prezidenti Bəşər
Əsədə kimyəvi silahları təslim etmək üçün cəmi bir həftə vaxt
verib, yoxsa hücuma hazır olmağı məsləhət bilib.
Rusiyanın təklifinə dəstək
Rusiyanın Suriyadakı kimyəvi
silahlara beynəlxalq nəzarət edilməsi təklifinə Avropa Birliyindən
də dəstək gəlib.
Xatırladaq ki, Suriyada kimyəvi silahların beynəlxalq nəzarətə
götürülməsi ilə bağlı təklif 5-6 sentyabrda Sankt-Peterburda baş
tutan G20 zirvə toplantısında ABŞ prezidenti Barak Obama ilə Rusiya
prezidenti Vladimir Putin arasında müzakirə edilib.
Bu təklifin Rusiyada müzakirə edildiyi bəlli olsa da, təklifin
hansı tərəfdən gəldiyi barədə heç bir məlumat yoxdur.