Yuxarı

Valideyn “Şıxlinskaya”dan nələr yazdı... - Rüsvayçılıq

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ruslan İbrahimov adlı vətəndaş Leyla Şıxlinskaya Klinikasında həkim səhlənkarlığı ilə üzləşdiyini bildirib.

Axar.az Avtosfer.az-a istinadən xəbər verir ki, o, bu barədə sosial şəbəkədə məlumat yayıb. İbrahimov Leyla Şıxlinskaya Klinikasında iki övladının həkim səhlənkarlığına görə ağır duruma düşdüyünü bildirib:

“Yanvarın 7-də axşam saat 19:00-da oğlum İbrahimli Murad və qızım İbrahimli Ayanın hərarəti yüksəldiyinə görə “Atəşgah” sığortaya zəng vurdum. Yaşadığım evə ən yaxın klinikadan dərhal həkim briqadası gəldi. Övladlarımın hərarətinin yüksək olduğu üçün həkimlər uşaqları xəstəxanaya aparmağı məsləhət gördülər.

Sığorta əməkdaşları ilə məsləhətləşdikdən sonra uşaqları Leyla Şıxlinskaya Klinikasına gətirdik. Klinikanın həkimi bizi ilkin müayinə otağına dəvət edib uşaqları yoxlamağa başladı. Qızım Ayanı yoxlayan həkim onun öskürüb-öskürmədiyini soruşduqda, biz öskürmədiyini, sadəcə, hər iki uşaqda yüksək hərarət olduğunu və yediklərini qaytardıqlarını bildirdik. Bu zaman həkim israrla, dəfələrlə təkrar edərək bildirdi ki, uşağın ciyərlərində səs var. Mən də israrla təkrarən həkimə uşağın öskürmədiyini dedim. Bundan sonra həkim “Fanendoskopun şlanqı xələtimə dəydiyi üçün gələn xışıltını uşağın ciyərindən gələn səs kimi başa düşmüşəm”, - dedi. Bir valideyn kimi bu vəziyyət məni narahat etsə də, fikir vermədim. Fikirləşdim ki, həkim bəlkə gecə olduğu üçün yorğundur, amma gərək elə həmin dəqiqə klinikanı dəyişərdim. Çünki mən orada israr etməsəydim ki, uşaq öskürmür, mənim 6 aylıq qızımı bəlkə şikəst edəcəkdi. Təəssüf ki, uşaqları anaları ilə birlikdə həmin klinikaya yerləşdirdim. Sən demə, hələ bizi gözləyənlər qabaqda imiş.

Səhəri gün, yanvarın 8-də səhər saat 11:00-da mən övladlarımla maraqlandığımda uşaqlara nəinki həkim nəzarəti olmuşdu, hətta səhər yeməkləri belə gətirilməmişdi. Həyat yoldaşım bunları mənə bildirdikdə fikirləşdim ki, birinci gün olduğundan bəlkə işləri çoxdur. Amma yanılmışdım, personalın səhlənkar davranışları, antisanitariya, həkimlərin kobud davranışları, səhv etmələri davam edirdi. Hətta iki dəfə həyat yoldaşıma səhv dərman resepti yazmışdılar, USM yoxlaması təyinata uyğun yoxlanılmamışdı və s. Bir sadə vətəndaş kimi fikirləşirdim ki, yəqin, mən səhv düşünürəm. Axı bu həkimlər Hippokrat andı içiblər, axı bunların da uşaqları var.

Yanvarın 9-da isə axşam vaxtı oğlum Murad yüksək qızdırmadan huşunu itirib şok vəziyyətinə düşüb. Anası həkim harayında olmasına baxmayaraq, klinikada yoldaşımın fəryadına ancaq adını bilmədiyim sanitar xidmətçisi çatıb. Allah ondan razı olsun ki, oğlumu o vəziyyətdə ilkin yardım göstərməklə ayıldıb! Ən dəhşətlisi odur ki, bu cür hadisə baş verməsinə baxmayaraq, səhər uşaqları yoxlamağa gələn həkim baş verənlərdən xəbərsiz olub. Bu hadisədən sonra tam əmin oldum ki, uşaqlarım bir gün də orada qalsa, onları bir daha görə bilməyəcəm. Odur ki, sığortalandığımız “Atəşgah” sığortayla danışıb övladlarımı “Kaspian” adlı klinikaya köçürmələrini xahiş və tələb etdim. Sığorta nümayəndələri məni dinlədikdən sonra dərhal tələb və istəyimi nəzərə alıb danışıqlara başladılar. Və nəhayət “Kaspian” klinikasına köçürə biləcəyimi söylədilər. Leyla Şıxlinskaya Klinikasında uşaqları başqa klinikaya köçürmək istədiyimi bildikdə klinikanın həyətində təcili tibbi yardım maşını boş olduğu halda maşını verməkdən imtina edildi. Bunun adını siz deyin, bu insanlıqdırmı?

Nəhayət, başqa bir klinikanın təcili tibbi yardım və həkim briqadası göndərildi. Həmin klinikanın həkimi uşaqları qəbul edib “Kaspian”a təhvil vermək üçün müalicənin epiqrizini və uşaqların analizlərinin cavablarını tələb etsə də, məlum oldu ki, analizlərin cavabı yoxdur, tapa bilmirlər. Burada ortaya bir sual çıxır: əgər analizlərin cavabı yoxdursa, uşaqlara hansı diaqnoz qoyulub? Hansı müalicə aparılıb? Beləliklə, mən övladlarımı “Kaspian” klinikasına yerləşdirdim. Burada məlum oldu ki, uşaqların müalicəsi düzgün aparılmayıb, onlara sistemdən başqa heç bir dərman verilməyib. Odur ki, uşaqlar Leyla Şıxlinskaya Klinikasında olduqları müddətdə qızdırma və qusma kəsilməmişdi. Mənə bir valideyn kimi ən pis təsir edən nüanslardan biri də odur ki, biz Leyla Şıxlinskaya Klinikasında olduğumuz zaman Leyla Şıxlinskayanın nəvəsi öz klinikasında xəstə yatırdı və bütün həkim personalının diqqəti onun üzərində idi. Hamının başı ona qarışmışdı. Hətta mən uşaqlarımı bu klinikadan köçürən zaman 3 saat bizi yubatdılar. Səbəb isə digər klinikadan gələn həkimlərin konsiliumu imiş. Allah hamının balasını saxlasın, amma Leyla Şıxlinskayanın balası baladır, bizimki yox? Şükürlər olsun ki, övladlarımın hər ikisi artıq məsuliyyətli həkim və klinika personalının nəzarəti altındadır və onların nə qızdırmaları, nə də qusmaları var”.

Məsələ ilə bağlı Axar.az olaraq bir neçə dəfə Leyla Şıxlinskaya Klinikasının cavabını almaq istəsək də, klinika bu barədə açıqlama verməkdən imtina etdi.

Tarix
2017.01.16 / 16:04
Müəllif
Dilarə Zamanova
Şərhlər
Digər xəbərlər

Kral da Bakıya dəvət olundu

BƏM-də Bakının İrəvana qarşı iddiası: dinləmələr başa çatdı

Əliyev nə istəsə, verəcəm… - Paşinyan təəccübləndirib?

Leyen Bakıya dəvət olundu

Qafqazda sülh Avrasiya üçün təhlükəsizlik məsələsidir

Bakının bu ərazisi plana düşdü: söküləcək

Səudiyyə Həcc ziyarəti ilə bağlı zəvvarlara müraciət etdi

Qazaxla sərhədin delimitasiyası başa çatdı - Xaçatryan

Nazir həbs olunan müdirin yerinə Ağayevi təyin etdi

Ermənistan niyə Azərbaycandan qaz almaq istəyir?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla