Donald Trampın ABŞ-ın prezidenti seçilməsindən sonra
onun çalışacağı komanda ilə bağlı dünya mətbuatında bir-birinin
ardınca müxtəlif iddialar səsləndirilir. Bəzi mətbuat orqanları
Trampın biznesmen olduğunu və siyasi komandasının peşəkar
olmayacağını söyləyirlər. Lakin Trampın qatı konservatorlarla
işləyəcəyini iddia edənlər də tapılır.
Axar.az ABŞ mətbuatında yeni prezidentin komandasında kimlərin
olacağı ilə bağlı adı hallanan namizədləri təqdim edir:
Nyut Qinqriç
O, ABŞ Nümayəndələr Palatasının eks-spikeridir. Amerikada
kifayət qədər məşhur siyasətçi, yazıçı, publisist və biznesmen kimi
tanınır. Nüfuzlu konservator olan Qinqriç 90-cı illərin
əvvəllərindəkı "Respublikaçı inqilabı" layihəsinin əsas
memarlarından biri idi. Onun yaratdığı bu proqram Respublikaçılar
Partiyasına imkan verdi ki, Konqresin hər iki palatasında nəzarəti
ələ ala bilsinlər.
O, Rusiya və Vladimir Putinə münasibətdə Donald Trampla eyni
mövqeni bölüşür. Qinqriç həmçinin abort, ətraf mühitin mühafizəsi
və sosial sfera üçün əlavə vəsait ayrılmasının əleyhdarıdır.
Qinqriç Obama Administrasiyasının sərt tənqidçisi və
"dələduz-dövlətlər" (ABŞ-ın düşmən kimi gördüyü və dünya üçün
təhdid hesab edilən dövlətlərdəki rejimlər nəzərdə tutulur – red.)
kursunun müdafiəçisidir. "Politiko" qəzetinin iddiasına görə, o,
yeni hökumətdə dövlət katibi vəzifəsini tuta bilər.
Bob Korker
Tennesi ştatının Çattanuqa şəhərindəki tikinti şirkəti sayəsində
Bob Korker multimilyonçuya çevrilib. 1994-cü ildə Senata düşmək
uğrunda apardığı uğursuz mübarizədən 7 il sonra o, Çattanuqi
şəhərinin meri olub. Korker 2007-ci ildən Senatdadır, 2015-ci ildən
isə Senatın Xarici İşlər Komitəsinə rəhbərlik edir. Rusiyaya qarşı
sanksiyaların sərtləşdirilməsinin və Ukraynaya silah verilməsinin
tərəfdarıdır. NATO-nun rus aqressiyasını dayandırmaq üçün
gücləndirilməsini istəyir. Korkerin də ABŞ dövlət katibi ola
biləcəyi istisna edilmir.
Con Bolton
Bolton Dövlət Departamentinin veteranı hesab edilir. 90-cı
illərin əvvələrində o, dövlət katibinin beynəlxalq təşkilatlarla iş
üzrə köməkçisi, 2000-ci illərin əvvəllərində isə dövlət katibinin
silahlanmaya nəzarət üzrə köməkçisi olub. Bundan sonra ABŞ-ın
BMT-dəki təmsilçisi kimi çalışıb və dövlət işi karyerasını burada
bitirərək elmlə məşğul olmağa başlayıb.
Bolton radikal mühafizəkardır. O, Şimali Koreya, İran, Kuba və
Rusiyaya qarşı sərt siyasətin tərəfdarıdır. O, İraq müharibəsinin
əsas dəstəkçilərindən və memarlarından biri hesab edilir. Məhz
Bolton Buşu İraqın Nigeriyadan uran almaq istədiyinə inandıra
bilmişdi. Bolton həmçinin 2010-cu ildə "İsrailin dostlarının
təşəbbüsü" təşkilatının yaradıcılarından biri olub. O, İsrailin
legitimliyinin qorunmasının əsas mühafizəçisi sayılır. Onun da adı
dövlət katibliyinə namizədlər sırasında çəkilir.
Cef Seşns
Seşns əvvəlcə federal prokuror, daha sonra isə Alabama ştatının
baş prokuroru olub. O, Amerikanın mühafizəkar siyasətçilərindən
sayılır. Seşns həmçinin Trampı ilk müdafiə edənlərdən olub. O,
seçkiqabağı kampaniyası zamanı Trampın miqrasiya siyasəti və milli
təhlükəsizliklə bağlı məsləhətçisi kimi çalışıb. Seşns Pentaqon
rəhbərliyinə əsas namizəd hesab edilir.
Stefen Hedli
İxtisasca vəkildir. Universiteti bitirdikdən sonra ABŞ Hərbi
Dəniz Qüvvələrində xidmətə başlayıb. 2000-ci illərdə ABŞ
prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşavirinin
müavini olub. Daha sonra isə vəzifəsində irəliləyərək, oğul Corc
Buşun müşaviri olub. O, Buşun ən etibar etdiyi şəxslərdən biri
hesab edilib. Hedli müdafiə naziri vəzifəsinə əsas namizədlərdən
sayılır.
Maykl Flin
General-leytenant Maykl Flin Trampın komandasında bəlkə də ən
yüksək vəzifəli şəxsdir. 2014-cü ildə Pentaqon rəhbərliyi ilə
arasında Yaxın Şərqdəki situasiyayla bağlı yaranan fikir ayrılığına
görə ABŞ hərbi kəşfiyyatının rəhbəri vəzifəsindən istefa verib.
Flin Vaşinqtonun Əsəd rejimi ilə terror təşkilatlarına qarşı
ittifaqa girməsini istəyirdi. O, Rusiya ilə əlaqələrin
düzəldilməsinin tərəfdarıdır və Prezident Vladimir Putinlə şəxsi
tanışlığına görə fəxr edir. Flin 2016-cı ilin fevralında
Demokratlar Partiyasından Respublikaçılar Partiyasına keçib. Onun
müdafiə naziri olması üçün bir sıra maneələr mövcuddur. Belə ki,
ABŞ konstitusiyasına əsasən, prezident istefa vermiş hərbçini 7 il
ərzində Pentaqonun mülki rəhbəri təyin edə bilməz. Buna Senat izn
verməlidir.
Rudolf Culiani
Nyu Yorkun eks-meridir. 1980-ci illərdən bu yana
respublikaçıdır. O, karyerasına prokuror kimi başlayıb. 1993-cü
ildə mer olduqdan sonra Nyu Yorkda cinayətkarlığa qarşı geniş
mübarizə aparması ona əhali arasında nüfuz sahibi olmaq imkanı
verib. Üstəlik, işsizliklə uğurla mübarizə aparıb, büdcə siyasətini
layiqli yerinə yetirib və çoxsaylı uşaq proqramları reallaşdırıb.
O, 11 Sentyabr 2001-ci il teraktı zamanı göstərdiyi uğurlu
fəaliyyətə görə xalq arasında daha da məşhurlaşıb. ABŞ mətbuatı
onun gələcək baş prokuror olacağını iddia edir.
Kris Kristi
Nyu Cersi ştatının ilk respublikaçı qubernatorudur. Məhz o, Corc
Buşa ikinci dəfə prezident olması üçün təşviqat kampaniyasında
yardım edib. Kristi miqrasiya siyasətində Trampla fərqli fikirlərə
sahibdir. O, sənədsiz immiqrantları cinayətkar hesab etmir və
qubernator olduğu müddət ərzində bu şəxslərə universitetlərdə adi
vətəndaşlar kimi təhsil almaq imkanı yaradıb. Kristi marixuananın
tibbi məqsədlər üçün leqallaşdırılmasının tərəfdarı sayılır.
Obamanın xarici siyasətini kəskin tənqid edən Kristi də ABŞ baş
prokuroru vəzifəsinə əsas namizəd kimi göstərilir.

Uilbur Ross
78 yaşlı milyarder metallurgiya, kömür hasilatı,
telekommunikasiya, tekstil və digər sənayelərdəki şirkətlərin
restrukturizasiyası təcrübəsi ilə məşhurdur. Ross 2,9 milyard
dollar sərvətə sahibdir. "Politiko" qəzeti onun ABŞ-ın gələcək
ticarət naziri ola biləcəyini iddia edir.
Ben Karson
Məşhur neyrocərrah və yazıçıdır. Dünyada boyunları bir-birinə
bitişik siam əkizlərini ilk dəfə ayıran əməliyyatı uğurla başa
vurduqdan sonra məşhurlaşıb. 36 illik həkim fəaliyyətinə 2013-cü
ildə son verən Karson siyasətə qoşulub. Karson da Tramp kimi siyasi
elitada geniş əlaqələrə sahib deyil, amma əhali arasında çox
məşhurdur. O, abortların, eynicinsli nikahların və büdcədən iqlim
dəyişikliyi ilə mübarizə üçün vəsait ayrılmasının əleyhdarıdır.
Onun səhiyyə naziri təyin ediləcəyi gözlənilir.