Axar.az
Yuxarı
Ana səhifə |     Manşetlər |     Arxiv |     Online ödəmə |     Mobil versiya
21 Avqust 2017


İranda prezident seçkiləri - Əsl hədəf

Ana səhifə Yazarlar
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda prezident və bələdiyyə seçkiləri 2017-ci il may ayının 19-da keçiriləcək. Seçkilərə az müddət qalmış hər iki seçkinin namizədləri yavaş-yavaş bəlli olmaqdadır və artıq seçki çalışmaları başlayıb.

Hər seçkidən əvvəl seçimlərə qatılıb-qatılmamaq və seçim hədəfləri mövzusunda müxtəlif səviyyələrdə, toplumun fərqli çevrələrində müzakirələr getməkdədir. Bu müzakirələrin yazılı olaraq, siyasi ittihamlardan uzaq, düzgün bir siyasi ədəbiyyatla təşkil olunmasının siyasi ədəbiyyatımızın və dilimizin inkişafına əlavə təkan verəcəyi bəllidir.

İran İslam Respublikasının mərkəzçi müxalifləri seçkiləri boykot edib-etməmək haqda tərəddüd edirlər. Onlar ancaq rejimin yıxılmasıyla ölkədə demokratik bir seçkinin mümkün olacağını önə sürərək, rejimi yıxmağı fikirləşməyimizin lazım olduğunu düşünməkdə və “Sərnegûni” (Çevriliş) sözünü hardasa bütün problemlərin çözümü kimi istifadə etməkdədirlər. Bəzi azərbaycanlılar da “Sərnegûni” anlayışından və rejimə legitimlik verməmək nöqtəsindən çıxış edərək, bugünkü rejimdə gedən bütün seçimiləri boykot etmək gərəkdiyini irəli sürməkdədirlər.

Mərkəzçi müxaliflərin bir bölümü də İran rejiminin öz içindəki çatları genişlətmək adına seçkilərə qatılıb rejimi içəridən yavaş-yavaş dəyişdirərək, ölkədəki siyasi rejimi ölkə içində və uluslarası səviyyədə daha legitim və qəbulolunan bir standarda gətirməyi qarşılarına məqsəd qoyublar. Bəzi azərbaycanlılar “Sərnegûni” anlayışından və rejimə legitimlik verməmək ideyasından çıxış edərək, bugünkü rejimdə gedən bütün seççiləri boykot etmək gərəyini irəli sürməkdədirlər. Elə bunların qaşısında olan bəzi azərbaycanlılar pis ilə lap pis arasında pisi seçərək, mövcud vəziyyətin daha da pisləşməsinə izn verməmək gərəkdiyini düşünməkdədirlər.

Sərnegûni (Çevriliş) anlayışı və rejim

Mövzuya giriş üçün öncə “rejim” və “çeviriliş” anlayışlarına fərqli siyasi qruplar prizmasından məna vermək lazımdır. Siyasi rejim siyasi sistem ilə eyni mənanı daşıyır. Amma mərkəzçi qüvvələrin rejimdən qəsd etdiklər ilə mərkəzçi siyasətə qarşı olanların prizmasından rejim eynidirmi?

Xalqın mücahidləri, səltənətçilər, çeşidli sol siyasi partiyalar və fərqli-fərqli mərkəzçi güclərin rejimdən qəsd etdikləri bugünkü hökumət sistemidirsə, mərkəzçi olmayanlar (ədəmi-mərkəzçilər) prizmasından rejim “İran dövlət-milləti”dir.

Mərkəzçi siyasi güclərin çoxuna görə, var olan bugünkü siyasi hökumət sisteminin məzhəbi yönünü zəiflədərək, daha milli və dünyəvi (sekulyar) bir siyasi sistem qurmaqla problemlər çözüləcək. Mərkəzçi qüvvələr, fərqli idarəetmə modelləri ortaya qoysalar da, mövcud mərkəzçi sistemin varlığını və ayrımçılıqların davamını sorğulamamaqda və sorğulayanları ölkəyə xəyanət və düşmən olaraq tanıtmaqdadırlar.

İkinici önəmli soru isə İran İslam Respublikasının yıxılmasıdır. İran İslam Respublikanın yıxılması və onun nəticələri hər kəs üçün eyni olacaqmı? İranın içində və dışında İran adına var olan bütün qurumların mərkəzçi güclərin nəzarətində olduğunu düşünsək, bu yıxılmadan doğacaq ehtimalı bir hökmsürmə yetkisinin hazırkı etnik və məzhəbi ayrımçılıqların dəyişməsinə qarşı mərkəzçi siyasi qüvvələrin əlinə keçməsidir. Yəni mövcud şərtlərlə mərkəzçiliyi rədd edənlər prizmasından çox önəmli uğurların olmayacağı görünməkdədir. Unutmayaq ki, rejimin yıxılmasını istəyən və başda gələn siyasi güclər İran İslam Respublikasını fars olmayanlara qarşı çox xoşgörülü və yumşaq davranmaqda suçlayaraq, İslam Respublikasından onlara qarşı daha sərt davranmasını istəməkdədirlər. Yəni bu siyasi güclər İslam Respublikasına müxalif olmalarına baxmayaraq, İslam Respublikasının teokratik və totalitar siyasi rejimiylə birgə, həm də azərbaycanlılara qarşı eyni cəbhədə yer almaqdadırlar. Amma məsələ bu ki, mərkəzçiliyə qarşı olan ictimai qrupların və onların siyasi söyləmlərinin İrandakı siyasətə təsiretmək gücləri hər gün artmaqdadır. Buna görə də onların seçimdəki mövqeyi, davranış və tərcihləri önəmli olacaq.

Birinci suala cavab olaraq bunu bilmək gərəkir ki, İranda mövcud siyasi rejim və ya İran dövlət-milləti iki - şiəçilik və farsçılıq sütununa dayanmaqdadır. Bu iki ünsür modern İran dövlət-milləti qurulduqdan sonra Pəhləvilər və İran İslam Respublikasında davam etməkdədir. Sadəcə bunu demək olar ki, Pəhləvilərdə farsçılıq və ari irqçiliyi şiəlikdən öndə gəlməkdəydi. Yəni ayrımçılığın rəngi daha çox etnik, irqi və təbii ki, sinfi idi. Amma İran İslam Respublikasında bu sıralama dəyişərək ayrımçılığın rəngi daha çox məzhəbyönlü olub. Bu o demək deyil ki, İslam Respublikasında irqçilik, etnik və sinfi ayrımçılıq başa çatıb. Əslində, İran dövlət-milləti irqə və məzhəbə dayanan rejimini davam etdirməkdədir. Bu yöndən baxanda İran müxalifətinin rejimi yıxma şüarı, sadəcə, İslam Respublikasını hədəfə almaqdadır. Rejimin əsasları olan şiəlik və farsçılığı, yəni irqçiliyi və özəlliklə türk düşmənliyini— yıxmaq fikrində deyil. Yəni bizim rejimi yıxmaqdan anladığımız İranda irqçi və məzhəbçi yapının tamamilə yıxılması və bizim özümüzün qədər və gələcəyimizi bəlli etmə haqqımızın olmasıdır. Bu yöndən baxanda bizim İran müxalifəti ilə bir arada hərəkət etməyimiz imkansız görünməkdədir. Elə bu nöqtədən hərəkət edincə, bizim seçim strategiyalarımız ilə İran müxalifətinin seçim strategiyaları arasında fərq olmalıdır.

İkinci suala, yəni “İran İslam Respublikasının yıxılması nə anlama gəlməkdədir?” sualına gəlincə isə fars və mərkəzçi siyasət ilə bizim gözləntilərimizin eyni olmadığı ortadadır. İran mərkəzçi müxalifəti rejimin irqə dayanan dövlət-millətləşməsini tənqid edərək, haradsa irqçiliyi, ayrımçılığı və fars etnikinin üstünlüyünü bütün siyasi fəaliyətlərinin ana xətti halına gətirib. Bu da o deməkdir ki, İslam Respublikası yerinə iqtidar və yönətməyə aday olan mərkəzçi müxalifət azərbaycanlılara qarşı düşmənlikdə daha rəhmsiz ola bilər. Ayrıca Güney Azərbaycan və İranın başqa bölgələrində yaşayan azərbaycanlıların uluslarası alanda güclü bir təmsilçisinin olmaması da İrandakı hər hansı bir dəyişiklikdə azərbaycanlıların (türklərin) gələcəyini bəlirsiz qılmaqdadır. Bu qeyri-müəyyənlik siyasi sistemin bütün çəkilməzliyinə baxmayaraq, içəridə yaşayan insanlar tərəfindən qeyri-müəyyənliyin tərcih edilməməsinə nədən olmaqdadır.

Alternativin olmaması təbii olaraq İslam Respublikasını yıxıb-devirmək (Sərnegûni) strategiyasını anlamsız edir. Təbii ki, bu məsələ durumun belə qalacağı anlamına gəlmir. Amma vəziyyəti doğru-düzgün anlamaq üçün şüarlardan uzaq təhlillər gərəkdir.

“Sərnegûni” məsələsindən daha önəmli olan və unudulan mövzulardan biri də bu yıxılmanın sadəcə ölkə içi mexanizmlərə bağlı olmamasıdır. İran İslam Respublikasının yıxılması üçün iç şərtlər qədər bölgəsəl və kürəsəl şərtlərin də oluşması gərəyi bir çoxumuza açıqdır.

Bugün etibarı ilə Güney Azərbaycan və türkçülük söyləmi özünü ciddi bir alternativ kimi yerəl, bölgəsəl və kürəsəl olaraq ortaya qoymadığından, yıxıcılıq strategiyasından hərəkət etməyin nə qədər keçərli olacağını bir daha dərindən düşünmək lazımdır.

Seçkilərə qatılmaq və ya qatılmamaq

İran İslam Respublikada keçmiş Pəhləvilər dönəmində olduğu kimi vətəndaşların - özəlliklə fars və şiə olmayan vətəndaşların hökumətə məhdudiyyətsiz və azad şəkildə qatılmasından söhbət belə gedə bilməz. İslam Respublikası Qoruyucular Şurası (Şûrâ-yı Nigəhban) və başqa qurumlarını qullanaraq, qatılımı istədiyi səviyyədə, istədiyi sahədə tuta bilməkdədir.

İştirak mövzusunda diqqət edilməsi gərəkən başqa bir məsələ də seçkilərin özü və mahiyyəti ilə bağlıdır. Ortada iki seçki var: Biri mərkəzi hökuməti bəlli edəcək prezident seçkiləri, o biri də sınırlı olaraq şəhər hökumətində söz sahibi olmaq üçün keçiriləcək seçkilər. Bu iki seçkini bir-birindən ayırmaq lazımdır.

Seçkidə iştirakda başqa önəmli məsələlərdən biri də seçkinin təbliğat müddəti, seçim atmosferinin yaratdığı açıq siyasi və güvənlir ortamın toplumsal hərəkətlər üçün sunduğu fürsətdir. Eyni halda seçkilərdə seçki qutusuna getmək ilə seçki qutusuna qədər olan müddəti də bir-birindən ayıraraq yaranmış ortamdan toplumsal və siyasi söyləmi gəlişdirmək və genişlətmək üçün yararlanmaq məsələsi önəmlidir. Bu yöndən baxanda prezident seçkilərində sandığa getməmək önəmli bir siyasi davranış ola bilər. Keçmiş prezidentin Güney Azərbaycan bölgəsinə verdiyi vədlərinin hardasa heç birini tutmaması ona səs verməməyi gərəkli qılmaqdadır. Prezidentliyə namizədlərə baxanda, məncə, yenə də sandığa getməmək ən yaxşı davranış ola bilər. Yeni namizədlərə səs verməməklə birlikdə onlara ikinci dövrədə şərtli səs vermək kimi bir mexanizm yaratmaq da olar. Yəni yeni namizədlərdən hər hansı biri qazanarsa-qazansın, bizim istəklərimizə qarşı tutumunun və addımlarının ikinci dönəm üçün bir meyar olacağını anlatmaq və ortaya qoymaq kimi bir mexanizmdir.

Prezident seçkilərində mərkəzin siyasəti və siyasi rejimin legitimliyi əsas mövzudur. Bu nədəndən dolayı da prezident seçkisində bir bölgədən az səs çıxması mərkəzin siyasətinə güvənsizliyin göstəricisi olaraq və mərkəzin siyasətini rədd etmək anlamında önəmli ola bilər. Bu istiqamətdən baxanda Güney Azərbaycan Milli Hərəkəti və Türkçü Hərəkət prezident seçkisində xalqı sandığa getməməyə razı salmaq üçün mərkəzin tezislərinə qarşı anti-tezislər yaratmalıdır.

Şəhər şurası seçkiləri

Şəhər Şurası və prezident seçkiləri arasındakı ən önəmli fərqlərdən biri seçicilərin davranşlarının fərqliliyidir. Prezident seçkisində seçicilər prezidentin ölkədəki iqtisadi, siyasi, ictimai vəziyyəti yaxşılaçdıracağına dair proqramları, sözləri, vədlərinə və ideoloji olaraq yer aldığı cəbhəyə görə səs verməkdədir. Əlbəttə, fars olmayan və güclü sosial hərəkətlərə sahib bölgələrdə prezidentin etnik kimliyi, bölgənin problemlərinə necə yanaşması və bölgə ilə bağlı olan tarixi münasibətlər də seçici davranışlarında önəmli rol oynayır.

Şəhər Şurası seçkilərində isə seçici davranışları şəhərdən şəhərə dəyişməkdədir. Hər şəhərin problemləri və öz durumu seçicilərin davranışlarını etkiləməkdədir. Məsələn, Azərbaycanın batı bölgəsində etnik və məzhəb kimliyi önəm qazanmaqdadır. Və ya başqa bölgədə iki qonşu şəhərin tarixi rəqabəti seçici davranışlarına sirayət etməkdədir.

Şəhər Şurası seçkilərində ən önəmli seçici davranışlarından biri də tayfa və el münasibətləridir. Təbii ki, seçici davranışları iqtisadi, mədəni və ümumi olaraq sosial fərqliliklərə görə dəyişməkdədir. Amma ümumi olaraq hələ də tayfa və el münasibətləri ləyaqətlilik və işin əhli olmaqdan öndə gəldiyi bölgələr vardır. Bu seçici davranışı toplumun demokratik gəlişimi üçün bir sorun təşkil etməkdədir.

Şəhər Şuraları seçimləri demokratik bağlamında

Demokratiya bir model və sistem olmasıyla yanaşı, bir kültür və gələnək məsələsidir. Demokratiyanın yuxarıdan dövlət əmriylə toplumda yerləşdirilməsinin mümkün olub-olmaması çox mübahisəli məsələdir. Amma hardasa bütün sosial bilimçilərin üzərində anlaşdığı xüsus demokratiyanın aşağıdan-yuxarıya doğru oluşması, gəlişməsi və özünü dizayn etməsidir. Bununla birlikdə yerli seçkilər demokratik gəlişimin ana nöqtələrindən birini təşkil etməkdədir. Demokratiyanın bir mədəniyyət və gələnək halına dönüşməsi üçün yerli mexanizmlərin gücləndirilməsi və yerli özünüidarəetmə gücünə malik olması lazımdır. Ayrıca yerli seçki öz yaşamını və yaşam çevrəsini tasarlamağa qatılması baxımından demokratiyanın özüdür.

İran İslam Respublikasında seçkilərin demokratik üsullardan çox-çox uzaq olmasına və ən ləyaqətli namizədlərin seçkilərə qatıla bilməməyinə baxmayaraq, yenə də Şəhər Şurası seçkiləri demokratik mədəniyyətin inkişafı yönündə bir vərdiş kimi önəm qazanmaqdadır.

Şəhər şuraları seçkilərinin bir başqa özəliliyi də yerəldəki siyasi və ictimai hərəkətlərin özlərini demokratik üsullara və yöndəmlərə dayanaraq göstərmələri və əhalinin səsini qazanmaq üçün şəhər yaşamı mövzusunda vəd vermək zorunda olmalarıdır. Şəhər şuraları seçimlərində tayfabazlıq kimi seçki davranışları olsa da, seçkilərin təkrarlanmasıyla və rəqabətin artmasıyla seçicilərin siyasi və demokratik bilincinin yüksəlməsi də əsas mövzu ola bilər. Bu seçkilərin Güney Azərbaycan coğrafiyasında etkin olan söyləmlərin yarışı olduğunu düşünsək, bu söyləmlərin yarışı siyasi bilinci, şəhər yaşamı bilincini gəlişdirəcəyini də fərz etmək olar. Söyləmlərin yarışması tayfa-tanış yerinə “ləyaqət” (Meritokrasi) ilkəsinə görə səs vermə mədəniyyətinin inkişafında da önəmli rol oynayacağı güman edilir. Güney Azərbaycan milli ifadəsi və türkçülük ifadəsi bu seçkilərə ümumi yarar və mənfəətə dayanan ifadələri inkişaf etdirərək qatılsa, bu tayfaçılıqla da hesablaşma fürsəti yaradıb, ləyaqət prinsipinə önəm vermə mədəniyyətini inkişaf etdirə bilər. Bu hesablaşmanın hansı oranda başarılı olacağının isə ortaya qoyulan ifadəyə və zamana, yəni təcrübəyə bağlı olduğu açıqdır. Bu prizmadan da yerli seçkilərə qatılmaq nisbi olaraq bir demokratiyanın ifadəsi kimi də görünə bilər.

Seçkilər və Milli Hərəkat ifadəsi

Hərəkatın bu seçkilərə öz ifadəsi ilə qatılması onun, bir siyasi oyunçu kimi, siyasi oyuna qatılmasını gərəkli qılmaqdadır. Bu siyasi oyuna qatılmağın Hərəkatı bir siyasi fakt halına gətimək prizmasından yararları olduğu kimi, zərərləri də ola bilər. Çünki siyasi oyunda uğur qazanmağı da, uduzmağı da nəzərdə tutmaq lazımdır. Burada əldə ediləcək qazanc sadəcə seçkini qazanmaq olmayacaq. Hərəkatın siyasi ifadəsini sınaqdan keçirməsi, toplum ilə paylaşması, inkişaf etdirməsi, siyasi oyunun qaydalarını və mexanizmlərini və idarəçiliyi öyrənməsi də əsas qazanc hesab oluna bilər. Bu yolla Hərəkatın özünə bəlli bir alan aça biləcəyini də gözdən qaçırmamaq lazımdır. Təbii ki, bu məsələnin Hərəkat adına seçkiyə qatılanların ifadələrindən asılı olacağı qədər onların tərafdarlarının söyləmləri, davranışları və topluma yaxınlaşma biçimləri də önəmli olacaq.

Seçkilərdə uduzmaq tam bir zərər hesab edilməməlidir. Seçkilərdə uduzmaq durumunda bunun gələcək dönəmlər üçün bir təcrübə olmasını təmin etmək lazımdır.

Sonuc olaraq yerli seçkilərə qatılmaq və nəticələri elmi olaraq dəyərləndirmək Hərəkat prizmasından yeni qapıların açılmasına səbəb olacaq. Başqa bir tərəfdən də Hərəkatın öz namizəd və şüarı ilə prosesə qatılması onun oyun quruculuq gücünü də sınağa çəkəcək.

Bundan başqa, unutmamaq gərək ki, İran - bir rant dövlətidir. Vətəndaşlar istər-istəməz bu rantlardan yararlanmaq məsələsində bir yarış içindədirlər. Bu pay yarışı sadəcə vətəndaşlar üçün deyil, eyni zamanda, bölgələr arasında da rantlardan pay almaq mövzusunda bir yarışa başlamaqdır. Bu prizmadan baxanda Hərəkatın bu rantlardan pay almaq istəyən şəxslərin oyuncağı olmaması üçün də olsa da, öz namizədlərini və öz ifadələrini ortaya qoyaraq, bu seçkilərə qatılması lazımdır. Digər tərəfdən, bölgələr arasında olan pay alma cəhdlərini də bölgələr arasında düşmənçiliyə yol vermədən idarə edə bilmək vacibdir.

Təbii ki, məsələ sadəcə seçməklə bitmir. Şəhər Şurası seçkilərindən sonra seçilmişlərin seçənlər tərəfindən yoxlanması, sorğulanması və seçilmişlərin məsuliyyətlərini qəbul edərək seçicilərinə cavab verə biləcək mexanizmləri yaratmaları çox böyük önəm daşıyır. Yəni bu demokratik prosesin işləməsi üçün seçici ilə seçilən arasındaki ilişkinin davamlılığı və qarşılıqlı məsuliyyətin olması şərtdir.

Siyasətin vəzifələrindən biri sorunların çözümünə yönəlik siyasət ürətməkdir. Bu siyasət havada hazırlana bilməz. Siyasət toplumun daban və tavanını hesablayaraq, o fəzanı doldura biləcək və fəzaya yeni ortaq yarar müəyyən edəcək söyləm ilə hazırlanır. Şəhər şuraları seçkilərinə qatılmaq bu siyasəti hazırlamaq və ortaya qoymaq prizmasından önəmli bir cəhd ola bilər.

İfadənin nəzəri yönünün önəmini unutmayaq. Çünki nəzəri çalışmalara və bilgilərə sahib olmayanların praqmatik həll yolları yarada bilməsinə şübhəylə yanaşmaq lazımdır. Yəni namizədlərin öz alanlarında nəzəri məlumat və çalışmalarının praqmatik uyqulamalar ürətmək prizmasından olmazsa-olmazlarından olduğunu bilmək vacibdir. Bunun üçün də Şəhər Şurasına namizəd olanların şəhərçiliklə bağlı bilimsəl yetərliyə sahib olmaları ən mühüm özəlliklərdən biridir. Bunu sadəcə texniki olaraq mühəndislik bilgisiylə ilə məhdudlaşdırmaq olmaz. Namizədlərin şəhərli bir mühəndislik atelyesi və şantiyesi kimi görməsi onların şəhərçiliklə bağlı yetərli olmadıqlarının ən böyük dəlilidir.

Buradan yola çıxaraq şəhəri idarə etməyə namizəd olanların necə bir şəhər və şəhərçilik anlayışları olduğunu bilmək də bütün seçicilərin haqqıdır. “Mən türkçüyəm”, “Mən azərbaycançıyam” demək və türkcə iki-üç təbliğat ilə olacaq iş deyil bu. Namizədlər bölgənin etnik yapısına, dilinə, tarixinə və bütün şəhərin kimliyinə sayğılı olmalı və şəhərlərimizi mədəni, iqtisadi olaraq zənginləşdirə biləcəklərini ortaya qoymalıdırlar. Bunun üçün də şəhər şuraları seçimlərinə namizəd olanlar necə bir şəhər istədiklərini ortaya qoymalıdırlar. Şəhər alanlarını hamının istifadəsi üçün uyğun hala gətirmək, şəhərlərimizin yaşıl sahələrini çoxlatmaq, tıxac problemlərinin həllini tapmaq, şəhərləri fiziki məhdudiyyətli vətəndaşların istifadısi üçün abadlaşdırmaq, şəhərlərin tarixi yapılarını qorumaq yönündə plan və uyğulamaların yolunu aramaq, şəhərləri bir iqtisadi bölgə olaraq daha canlı hala salmaq, eyni zamanda, şəhərlərimizin kimliyini qorumaq və onlara kimlik qazandırmaq kimi plan və proqramlar ilə seçkilərə qatılmaq şübhəsiz ki, rəqabətin, eləcə də istəklərin səviyyəsini daha da irəli aparacaq.

Tarix
2017.04.14 / 16:06
Müəllif
Umud Məhdian
Şərhlər
Загрузка...
Digər xəbərlər
KULT
<>
Xəbər xətti
 
SORĞU
Harada dincəlmək istəyərdiniz?
  
  
  
  
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla