Yuxarı

Eldar Baxışın zəhərlənməsinə səbəb olan şeir – Video

Ana səhifə Reportaj
12 Punto 14 Punto 16 Punto 18 Punto

Eldar Baxış 1996-cı il mayın 22-də dünyasını dəyişdi. Həkimlər bu qənaətə gəldi ki, şair zəhərlənib. 8 ay ölümlə əlbəyaxa oldu. Zalım Əzrayıl bacısının göz yaşlarına, anasının harayına, hələ o qədər də böyüməyən, sümükləri bərkiməyən 3 balanın çəkəcəyi iztiraba, uşaqların anasının aşkar və gizlin axıdacağı göz yaşlarına belə rəhm etmədi... Aldı və apardı şairi 48 yaşında.

Şəxsən tanıyırdım. Bir-neçə dəfə görmüşdüm. Nəhəng insan idi. Təkcə zahiri görünüşünə görə yox, elə şeirlərinə görə də... heç qorxusu-ürküsü olmadı. Qələm dostları, həmkarları, yaşıdları, özündən qabaqda gedənlər yalançı qardaşlıqdan, can deyib can eşitməkdən və s.-dən yazanda, SSRİ-nin ozamankı rəhbərinin dili ağzında dolaşa-dolaşa " Şiroko şaqaet Azerbaydjan" deməsinə poemalar həsr edəndə, alimlər rəhbərin imzası ilə nəşr olunan "Dirçəliş", "Kiçik torpaq" və digər broşürlərdən qalın-qalın dissertasiyalar, monoqrafiyalar yazanda Eldar Baxış rəhbərə atmacalı suallarını ünvanlayırdı:

Çeşməyi gözündən düşməyən kişi,
deyə bilərsənmi nədir bu dünya?
Deyə bilərsənmi hardan başlanıb,
haraya baş alıb gedir bu dünya?

Ardınca da əlavə suallar. Onun suallarına cavab gəlmirdi ki, gəlmirdi... Əksinə, onun verdiyi suallar ona başağrısı yaradırdı. DTK-nın kif iyi verən dindirilmə otaqlarında şairə suallar ünvanlanardı: "Nə demək istəyirsən, kimi nəzərdə tutmusan, niyə böyük kommunizim ideyalarına şübhə ilə yanaşırsan" və sair. İncidirdilər onu. O isə qələmini korluq çəkməyə heç qoymadı. Gördüyünü, hiss etdiyini ürəyindən yanğı ilə geçirtdiyini qələminin köməyi ilə ağ vərəqlərə, oradan da ürəklərə ötürürdü...

Şablon səslənsə də, Eldar baxış əsl vətənpərvər şair idi desək, yanılmarıq.

Xatirə dəftərini vərəqləmək istədik

Onunla bağlı xatirələri vərəqləmək istədik. "Xatirə dəftəri"mizin oxucuları şairin bacısı, ziyalı xanım Ceyran Ağayevanın xatirələrini vərəqləyəcək. Qardaş bacı üçün həmişə qala olub, bacı qardaşın boyuna baxıb, uğuruna sevinib. Bacı qardaş toyunda oynamaq üçün, ana əvəzi qardaşının xidmətində durmaq üçün doğulub. Bir də... bacıların ən ağrılı, ən acılı missiyalarından biri də qardaş yasına ah çəkmək, nalə qoparmaq, ağlamaq, sızlamaq, "ölmək" və "dirilməməkdir". Qardaş itkisindən sonra bacılar qanadları qırılmış quş misalı olurlar...

Ceyran xanım da eləcə... qardaşı Eldar Baxışın adına, boyuna, toyuna, qüruruna sevinib. Qürurunun, adının, istedadının gətirdiyi bəlaya ağrıya, itkiyə sızlayıb, göz yaşı töküb. Elə indi də göz yaşları hər Eldar sözünə qaynamaqdadır. Xatirələrini dilə gətirdikcə kövrəldi, dinlədikcə məni də kövrəltdi...

Ceyran xanımla görüşüb, sakit bir məkanda onun illərdən bəri köksündə gəzdirdiyi xatirələrini vərəqlədim. Amma xanım sual verməkdən də çəkinmir:

- Nə əcəb Eldarı yada saldınız, haradan gəldiniz bu fikrə?..

- Eldar müəllim oxucuları, milləti tərəfdən heç unudulmadı ki... O, həmişə xatırlandı.

- Hə, son vaxtlar onun şeirlərinə kliplər hazırlandı - "Sərçə balası"na və başqa üç şeirinə.

Bunu deməklə deyəsən mənimlə razılaşdığını bildirirdi.

- Onun bütün şeirlərini səhnələşdirmək olar. Rəhmətliyin gözəl bir şeiri də var - "Ayağımızın altında bu torpaq ki var..."

- Elə o şeirlə də bağlı bir klip hazırlanıb. Klipin rejissoru da, eşitdim, onun tələbə yoldaşlarından biri olub. Unutmurlar, düz deyirsən, amma mənə elə gəlir ki...

Dinmir. Xeyli fikirlidir. Gözlərinin lap üzündə kədər görünür. Qardaşın itirən bacının qəmi oxunur və bu onun səsində də hiss olunur.

O xatirələr unudulmaz

- Ceyran xanım, sual verdiniz ki, Eldar Baxış haradan yada düşdü. Yada o adamlar düşər ki, yaddan çıxsınlar. Eldar bizim üçün, Azərbaycan ədəbiyyatı üçün çox böyük şair olub. Unudulmayıb. Sizin Eldar müəllimlə bağlı xatirələrinizi dinləyəcəyik. Görək, siz nələri unutmamasınız.

- Qurtarmaz o xatirələr, qardaş... Unudulmaz ki..

- Oğlan uşaqları qardaş olaraq qızların - bacıların üstündə bir balaca hökmlü olur. Eldar da sakit olmayıb axı, deyəsən. Uşaqlıq illərinizə qayıdaq, Eldar müəllimdən incikliyiniz olmayıb ki?

- Olurdu. Biz kənd yerində böyümüş uşaqlarıq. İkimərtəbəli, çardaqlı evimiz vardı. Çardaqda yatdığım vaxt qolumdan tutub cimdikləyirdi. Başlayırdı "dunduru–dunduru" deyib qıdıqlamağa. Bu söz onun şeirlərinin hansındasa var. Bu sözü deyə-deyə məni güldürərdi. Ta ki güldürənə qədər o hərəkəti eləyərdi. Sonra deyirdi ki, bu, qardaş zarafatıdı.

Atam, anam idi o

- Eldar müəllim 1965-ci ildə gəldi Bakı Dövlət Universitetinə qəbul olundu. Qardaşı Bakıda ali məktəbdə oxuyan qız kimi forslanırdız, yəqin?

- Forslanırdım, əlbəttə forslanırdım. Nəinki qardaşı Bakıda oxuyan bacı kimi. O vaxt oxuyanlar çox az olurdu. Nadir hallarda oxuyanlar olurdu. O cümlədən də Eldar. Mən fəxr edirdim qardaşımla. Ondan çox şey öyrənmişəm. Soruşardı ki, hara girəcəksən. Deyirdim, sən oxuyan məktəbə. Zarafat edirdi, deyirdi ki, sən mənə çata bilməzsən. Mən də Bakı Dövlət Universitetinin tarix fakültəsini qurtardım. Onun bir şeiri var. Sonralar əlyazmalarının içindən çıxmadı. Biz uşaq ikən atamız ölüb. Eldar 4-cü sinifdə oxuyanda. Mən də 3 yaş yarımlıq olmuşam. Yadımda qalan bu misralardı:

Atam öləndən,

Zaman məzara qoyulandan

Saatlar, günlər keçib,

Aylar, fəsillər keçib.

Amma ki ürəyimə düşən o xal

atam öldüyü gündən qalacaq

yalnız, yalnız öləndə

o da soyuq məzarda çürüyəcək.

O, həmişə deyirdi ki, mənim kişi qardaşım Qubadlıdır, mən də qalmışam Bakıda. Eldar bütün kitablarında mənə eyni sözləri yazıb verərdi: "Atadan atam, qardaşdan qardaşım, bacıdan bacım, anadan anam Ceyrana". Eldar mənə ata olub. Mən atamı görməmişəm. Heç xatirələrimdə də qalmayıb atamın izləri. O mənim həm atam idi, həm də anam. Anam olsa belə...

- Eldar müəllim tələbə olanda heç ailəyə yük oldumu?

- Eldar tələbə olarkən işləmək istəsə də, anam qoymurdu. Deyirdi ki, sən oxu, işləsən, özümü öldürərəm. Atamdan qalan bəzi şeylər vardı, anam Eldarı yaxşı oxutdu, qoymadı korluq çəksin, elə mən də tələbə olarkən korluq çəkmədim. Düzü, məni Eldar oxutdu.

Ayaz Mütəllimova dedi get

- Eldar müəllim tələbə vaxtı olmasa da, sonralar korluq çəkib, ona qarşı təpgi, qadağa davamlı olub, deyirlər.

- Bilirəm, elə olub ki, mətbuatdan yazılarını saxlayıblar. Eldar elə adam idi ki, heç nədən çəkinməzdi. Ayaz Mütəllibovun otağına girib, üzünə dedi ki, xalq səni istəmir, çıx get. Əbülfəz Elçibəyə dedi: "Verdiniz vətənimi o murdarlara. İndi ölürəm, mənə bir parça təmiz torpaq lazımdır ki, gedəm orda rahat öləm. Bərgüşad və Həkərini bütünlüklə buraxsanız da, mənim kəndimi təmizləyə bilməzsiz".

- Dalaşqan uşaq olub, deyəsən?

- Çox davakar idi. Həm də macəralı.

Yaddaşının hansı qatına isə "baş vurur". Gülümsəyir:

- Bilirsən, o şirniyyatı sevən idi. Bir dəfə torba dolu qəndi götürüb arxın başına gedir. Körpünün üstünə çıxıb torbadakı qəndi tökür arxa. Qaça-qaça gəlib çayın axırında durub ki, qəndin şirinliyi çayın axırına qədər gəlib çatacaq? Sözsüz, uşaq da olsa, bu gələcək bir şairin təxəyyülü idi.

Atımız itib

- Bizim Paşa kişi adında qonşumuz vadı. Təsərrüfat adamı idi. Xiyar onun bostanında yetişəndə, bizim bostanda hələ yenicə çiçək açardı. Bir dəfə Eldar gedib bıçaqla Paşa kişinin çəpərini dairəvi kəsib, bostana girib. Özü ilə də bir kisə götürüb. Başlayıb xiyarları yığmağa. Rəhmətlik Paşa kişi anamdan soruşub ki, Eldar hanı, gözə dəymir? Anamda deyib ki "səhər çıxandı, hələ gəlməyib". Paşa dayı:

- O, yüz faiz bağa gedib, deyib. Gəlib bostanlığa, görüb hə, başını aşağı salıb xiyar yığır. Yavaş-yavaş Eldarda yaxınlaşır, başı üstə dayanıb deyir:

- Eldar, burada neynirsən?

Eldar da başın qaldırıb deyir:

- Paşa dayı, atımız itib, onu axtarıram.

Eldara güllə atır

- Kəndimizdə Bahadır dayının üzümü vardı, hər kəs üzümünü yığsa da, o, hələ saxlayırmış. Bir gün dostları Eldara deyib ki, gedək Bahadır dayının bağına peşəri yığaq. Peşəri bizim Qubadlıda yığımdan sonra yaddan çıxıb qalan məhsula deyilir. Üzüm ağacı da sarmaşaraq qalxıb hündür çinar ağaclarına. Eldar dırmaşıb çinara. Üzümü də dərin qoynuna yığırmış. Bu zaman də görüb bağın yiyəsi çiynində tüfəng gəldi. Yaşlı kişi idi. Ağaca da çıxa bilmir. Yerdən giləmeyvələrdən götürür, təmizləyib yeyir. Eldar deyir ki, mən də bir-bir üzüm gilələrini kişinin başına atıram. Kişi zənn edib ki, ağacda oturan qarğadır. Deyib ki "köpək oğlu qarğa, bu saat səni gör neyləyəcəm! Bir də gördüm ki, tüfəngi mən tərəfə tutub, guya qarğayam, üzümü tökürəm. Eldar danışırdı ki, gördüm, məni vurmaq istəyir, ağacdan düz Bahadır kişinin üstünə tullandım. Kişi arxadan qışqırıb:

- Yenə Eldar?

Üzümlər elə qoynundaca evə gəldi. Anam soruşdu ki, de görüm, kimin bağından oğruluq eləyibsən. Eldar dedi: - Tövbə oğurlamamışam. Uşaqlarla peşəriyə getmişdim. Anam onun gətirdiyi üzümləri məcməyiyə yığıb, aparıb atdı zibilliyə.

Ceyran xanımı uşaqlıq illərinin isti vaxtlarından ayırmıram. Yadına saldıqca, kövrəlir, qardaşının macəralarına sevinir, sanki bu sevinc o vaxtların sevincidir. Bu hadisələri danışdıqca Eldar hələ yaşayır onunla, dostları ilə zarafat edir. Ceyran xanım, Eldarın dostları ilə kolxozun qarğıdalı sahəsinə girməsindən, keşikçilər gələrkən hündür yarğandan Bərgüşad çayına tullandığından da bəhs edir...

Yazıçı var başına döyürlər, yazıçı var qələminə

Ceyran xanımı uşaqlıq, yeniyetməlik anlarından ayırıram:

- Eldar müəllimə basqılar, təzyiqlər olub? Sizə də gileylənirdi?

- Çox olurdu və mənə bəzən danışardı. Bir şeiri var e, deyirdi, yazıçı var başına döyürlər, yazıçı var qələminə. Qələminə döyülən ölkədə yaşamaram. Çox arzusunda idi Türkiyədə yaşasın, orda yazıb-yaratsın.

- Bəs niyə gerçəkləşmədi o arzusu?

- O dövrdə bir az çətin idi. Ona görə də gerçəkləşmədi. Eldarı o vaxtlar çox izləyirdilər. O "Yeni Müsavat" qəzeti ilə müqavilə imzalamışdı. Hər nömrə Eldarın yazısı çıxacaqdı. Bir nömrədə də oktyabr hadisələri, metro partladılması haqda yazdı. "Millət qırılır. Qırılmalı olan adamlara isə heç nə olmur. Filankəsləri öldürün, niyə qara millətimi qırırsız? Bir şeir də yazdı. Mən ona çox yalvardım ki, Eldar, o şeiri dərc eləmə. Eşitmədi məni. Elə o şeirin də qurbanı oldu.

- O şeirdən yadınızda qalan var?..

Ardı olacaq

Tarix
2014.07.15 / 09:00
Müəllif
Faiq Balabəyli
Şərhlər
Digər xəbərlər

Əsədov Qəhrəmanmaraşda: Tapşırıqlar verdi - Foto

Paşinyan: Bakı ilə bu tarixdə sülh bağlayacağıq - Təcili

ABŞ Libbini niyə dərhal Şuşaya göndərdi? - Şok səbəb

İrəvanın təhlükəsizlik doktrinası dəyişdirilməlidir

Erməni yürüşçilərə güc tətbiqi... - DİN

Əliyevlə Fiko mətbuata bəyanatlarla çıxış tdi

Azərbaycan-Slovakiya sənədləri imzalandı

Paşinyan: Delimitasiya bu xəritələrlə aparılır

Azərbaycanla sərhəd dirəklərini artırmaq üçün...

Bolqarıstan prezidenti Azərbaycana gəlir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla