Rusiya vəd etdiyi 200 milyon dollarlıq kredit sazişi
çərçivəsində Ermənistana silah göndərməyə başlayıb.
ANS xəbər
verir ki, bu barədə rusiyalı politoloq Andrey Areşev Ermənistan
Müdafiə Nazirliyinə istinadla deyib..
Ermənistan xarici işlər nazirinin müavini Şavarş Koçaryanın
Avstriyanın "Die Presse" qəzetinə müsahibəsi zamanı münaqişə
tərəflərinə - Azərbaycana və Ermənistana silah satışına embarqo
qoyulmasını təklif etməsini şərh edən Areşev bunun Ermənistan üçün
dəhşətli nəticələrə səbəb ola biləcəyini vurğulayıb: "Sizə çox
yaxşı bəllidir ki, münaqişə tərəflərindən biri (Azərbaycan - red.)
daima niyyətinə çatacağına qərarlı olduğunu bildirir. Təbii ki, bu
güc və hərb yolu ilə gerçəkləşdirilir. Ona görə də bu ideyanın
uzunmüddətli perspektivdə ilk növbədə Ermənistanın milli
təhlükəsizliyinə zəmanət baxımından nə dərəcədə konstruktiv ola
biləcəyini deyə bilmərəm".
Yəni Tiflisdə doğulmuş və milliyyətcə erməni olduğu bildirilən
rusiyalı politoloq erməniləri Rusiyanın Azərbaycana silah satması
ilə bağlı çox hay-küy qaldırmamağa, Ermənistana Rusiya daxili
qiymətlərlə təklif edilən rus silahlarından imtina etməməyə
çağırıb. Areşev Azərbaycanın kommersiya yolu ilə silahları
istənilən ölkədən ala biləcəyinə diqqət yetirib:
"İsrail dəfələrlə Azərbaycana kommersiya qiymətləri ilə öz
silahını satmağı təklif edib. Bu ölkənin əsas tərəfdaşı Türkiyə
artilleriya, raket sistemləri, yaxın döyüş üçün nəzərdə tutulan
silah növləri göndərir. Yəni biz hamımız gözəl anlayırıq ki,
Türkiyə Bakıya silah göndərməkdən imtina etməyəcək".
Ermənistan Müdafiə Nazirliyinin bəzi əməkdaşlarının son 1-2
gündə verdiyi ədəbaz bəyanatlardan da Rusiyanın kredit sazişi
çərçivəsində silahları göndərməyə başladığını anlamaq olur.
Məsələn, Ermənistan Silahlı Qüvvələrinin təchizat rəhbəri polkovnik
Noryar Yolçuyan da ordunun heç bir təchizat probleminin olmadığını
bildirib.
Azərbaycan Müdafiə Nazirliyinin keçmiş əməkdaşı,
polkovnik-leytenant Üzeyir Cəfərov müsahibəsində Ermənistan
hərbçilərinin bu cür bəyanatlarını özünə təskinlik kimi
dəyərləndirib: "Onsuz da Rusiya leqal və ya qeyri-leqal yollarla
Ermənistana silah göndərirdi. Amma aprel döyüşləri göstərdi ki,
Ermənistan ordusu çox zəifdir. 200 milyon dollarlıq silah nədir ki?
Bizim İsraillə müqavilələrimizdən, bəlkə də, 20 dəfə azdır".
Hərbi ekspertin sözlərinə görə, erməni hərbçilərinin və hərbi
ekspertlərinin bu cür bəyanatları işğal edilmiş Azərbaycan
ərazilərində zorla məskunlaşdırılmış insanlara ünvanlanıb:
"O insanlar erməni hərbçilərindən qat-qat məntiqlidirlər. Aprel
döyüşlərindən sonra gördülər ki, Ermənistan ordusunun güclü olması
barədə danışılanlar mifdir. Buna görə də Dağlıq Qarabağı tərk
edirlər. Ermənistanda bundan çox narahatdırlar. Buna görə də Serj
Sərkisyanla yanaşı baş nazir, nazirlər, hətta müxalifət liderləri
Qarabağa səfər edərək aldadılmış əhalini sakitləşdirmək
istəyirlər".
Əslində, aprel döyüşlərində Azərbaycan öz hərbi potensialını tam
açmadı, sadəcə, Ermənistan ordusunun Azərbaycan ərazisinə yeni
hücumunun qarşısını aldı, düşmənin onlarla tankı vuruldu. Amma
Azərbaycan həm də Ermənistan ordusunun real gücünü müəyyən edə
bildi. Bu fikri Şuşanı işğal etmiş Ermənistan silahlı
birləşmələrinin rəhbəri olmuş general Arkadi Ter-Tadevosyan da
vurğulamışdı. Erməni general Azərbaycanın strateji mövqeləri ələ
keçirməsinin kəşfiyyat xarakterli olduğunu, real hücumun isə
qat-qat güclü olacağını bildirmişdi. Ermənistan ordusunun real
gücünə bələd olan mülki əhali də İrəvan rəsmilərinin vədlərinə
inanmır və öz başına çarə qılmağa çalışır.
Təbii ki, Azərbaycan münaqişənin dinc yolla, mülki əhaliyə heç
bir zərər dəymədən həll olmasının tərəfdarıdır. Hər şey iki ölkə
prezidenti arasında sabah Vyanada keçiriləcək görüşdən asılı
olacaq. Əgər bu görüşdən sonra Ermənistan tərəfi yenə də loğva
bəyanatlar verərək işğal edilmiş torpaqlardan çıxmaqdan imtina
edəcəksə, Azərbaycanın öz ərazi bütövlüyünü təmin etmək üçün hərbi
seçməkdan başqa yolu qalmayacaq. Əksər hərbi ekspertlər, o cümlədən
erməni ekspertlər də Azərbaycan ordusunun buna qadir olduğuna tam
əmindirlər.