Yeni il gecəsi Almaniyada pirotexniki vasitələrdən istifadə və atəşfəşanlıqlar nəticəsində iki nəfər həlak olub, yüzlərlə insan xəsarət alıb.
Axar.az xəbər verir ki, hər iki ölüm hadisəsi Bilefeld şəhərində baş verib.
Şəhərin müxtəlif ərazilərində 18 yaşlı iki gənc özlərinin hazırladığı pirotexniki vasitələrin partlaması nəticəsində həyatını itirib. Rostok şəhəri yaxınlığında 14 yaşlı yeniyetmə fişəngin partlaması nəticəsində bir əlini itirib. Ölkə üzrə ümumilikdə yüzlərlə insanın xəsarət aldığı bildirilir.
Yeni il gecəsi ictimai asayişin gücləndirilməsi və təhlükəsizlik tədbirləri ilə əlaqədar Berlində 4300 polis əməkdaşı və 1600 yanğınsöndürən gücləndirilmiş iş rejimində xidmət aparıb. Buna baxmayaraq, paytaxtda, eləcə də ölkənin digər şəhərlərində ictimai asayişin pozulması, o cümlədən polis və təhlükəsizlik xidməti əməkdaşlarına qarşı zorakılıq halları baş verib. Təkcə Berlində 24, Hamburqda isə 10 polis əməkdaşı xəsarət alıb.
İctimai asayişin pozulması və pirotexniki vasitələrdən təhlükəli şəkildə istifadə ilə əlaqədar paytaxtda 400-dən çox şəxs saxlanılıb. Bir neçə şəhərdə pirotexniki vasitələrdən istifadə nəticəsində yanğın hadisələri baş verib.
Hadisələrlə bağlı araşdırmalar davam etdirilir.