Məşhur telepat, hipnozçu, öncəgörən, psixoloji eksperimentlər ustası Volf Messinqdən söhbət düşür. Onun 2026-cı ilin 26 yanvarıyla bağlı proqnozları indi sosial şəbəkələri bürüyüb. Birdən Anar müəllim qayıdır ki, mən onu görmüşdüm: “1952-ci ildə atam, Ənvər Məmmədxanlı, bacım Fidan və mən Odessaya getmişdik. Onun konsert-tamaşasında iştirak etdik. Ənvəri münsiflər heyətinə dəvət etdilər. Yazılı suallar verirdilər. Zalı gəzib cavablayırdı. Bir də gördüm, mən tərəfə gəldi, biləyimdən tutdu. Enerjisini hiss edirdim. Məni qaldırdı, əlini biləyimdən çəkmədən atama tərəf apardı. "Sizin oğlunuz budu" - deyib atamın cibinə əlini saldı, deputat vəsiqəsini çıxardıb baxdı: "Bu sənə hələ tezdi" - deyib yerinə qoydu. Sən demə, atam sual-tapşırıq yazıbmış ki, mənim oğlum bu zaldadı, onu tapıb yanıma gətirə, cibimdən nəsə çıxarıb ona göstərə bilərsənmi?"
Kult.az xəbər verir ki, bu sözləri Mətbuat Şurasının sədri Rəşad Məcid qeyd edib.
“Və mən xalq yazıçısı Anarın yaşadığı qeyri-adi ömrə, onun unikal yaddaşına bir daha heyrət edərək susub düşünməyə başladım”, - o əlavə edib.
Qeyd edək ki, Messinqin 26 yanvar deyil, 26 fevralla bağlı öngörüsü məşhurdur. 1974-cü ildə vəfat edən Messinqin məşhur proqnozunda deyilir:
“26 fevral 2026-cı ildə Rusiyanın taleyi həll olunacaq. Mavi gözlü insan müharibə və sülh arasında seçim qarşısında qalacaq. Onun qərarı bəşəriyyətin 2027-ci ilə qədər yaşayıb-yaşamayacağını müəyyən edəcək. Həmin gün bütün dünyanı lərzəyə salacaq hadisə baş verəcək”.
Onun sözlərinə görə, dünyada Qartal (ABŞ), Əjdaha (Çin), Ayı (Rusiya) birləşəcək. Amma əsl təhlükə dördüncü qüvvədir. Messinq o qüvvələri “ölkələri idarə edən qızıla və informasiyaya sahib vətənsizlər” adlandırıb. “Onlar bu nəhəngləri müharibədə bir-birinə qarşı qoymağa çalışacaqlar. Beləliklə, 2026-cı ilin fevralında bəşəriyyət öz tarixində böyük bir seçim qarşısında qalacaq. 2026-cı ilin fevral ərəfəsində səmada kometanın görünməsi qlobal dəyişikliklərin xəbərçisi olacaq. Bu İlahidən bir xəbərdarlıq olacaq”. O, həmçinin fevralın 26-dan bir gün əvvəl dünyada bütün rabitə sistemlərinin tamamilə sıradan çıxacağını proqnozlaşdır.
Volf Messinq onu da proqnozlaşdırıb ki, əgər bəşəriyyət sülh yolu ilə getsə və gələcək inkişafı seçsə, insanlar 2040-cı ildə ulduzlara səyahət edə, qocalmağa qalib gələ və istənilən xəstəliyi müalicə etmək üçün texnologiyalar inkişaf etdirə biləcək.
Əks halda, Messinq bəşəriyyətin Daş dövrünə geriləyəcəyini söyləyib.
Bundan başqa, 26 fevral 2026-cı il unikal astronomik hadisə gözlənilir: Mars, Yupiter, Saturn, Uran və Neptun Dolça bürcündə düzləşəcək. Bu, son iki minillikdə yalnız bir dəfə - İsa Məsihin doğulduğu zaman baş verib. Həmin gün Sibir üzərində qismən Günəş tutulması baş verəcək və mütəxəssislər dünyalar arasında "enerji portalı" adlanan yerin açılacağını proqnozlaşdırırlar. Astroloqlar bu müddət ərzində münaqişələrdən qaçmağı və lazımsız risklərə getməməyi tövsiyə edir.