Bu ilin sonunadək Naxçıvan Avtomobil Zavodunda əlavə 7
"NAZ-Lifan" modelinin istehsalına başlanması
planlaşdırılır.
Hazırda zavodda 10 modeldə "NAZ-Lifan" avtomobili istehsal
olunur. Respublikada sifarişlərin artması nəzərə alınaraq zavod
model sırasını genişləndirməyi nəzərdə tutur.
Bu barədə Azərtac-a Naxçıvan Avtomobil Zavodunun direktoru Musa
Abdullayev məlumat verib.
O bildirib ki, indiyədək avtomobillərin qiymətlərində artım
olmayıb və 11 min manatdan başlayaraq dəyişir. Direktorun sözlərinə
görə, yaxın günlərdə zavodun nümayəndə heyəti Çinə səfər edəcək,
orada qiymətlər və yeni modellərlə bağlı danışıqlar aparılacaq.
Musa Abdullayev valyuta bazarındakı son vəziyyəti nəzərə alaraq
qiymətlərə yenidən baxılacağını deyib. "Naxçıvan Avtomobil
Zavodunun istehsal etdiyi modellərin respublikada satılan digər
avtomobillərin qiymətləri ilə müqayisədə daha ucuz olmasına
çalışacağıq. Ehtimal ki, qiymətlər modeldən asılı olaraq 15-30 min
manat arası dəyişəcək", - deyə zavodun direktoru bildirib.
O qeyd edib ki, yanvarın 27-də "Azərbaycan Respublikası
regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı"nın icrasının ikinci ilinin yekunlarına həsr olunmuş
konfransda Prezident İlham Əliyevin dövlət qurumlarına Naxçıvanda
istehsal olunan avtomobillərin alınması ilə bağlı tövsiyəsindən
sonra qısa müddətdə bir il ərzində satılandan da çox avtomobil
satılıb: "Hazırda bir sıra dövlət müəssisələri tərəfindən zavoda
sifarişlər verilib. Naxçıvan Avtomobil Zavodu qəbul olunan bütün
sifarişləri təmin etmək imkanına malikdir".
Avtomobillərin keyfiyyəti barədə danışan zavodun direktoru
vurğulayıb ki, bu gün Naxçıvan Avtomobil Zavodunun istehsalı olan
"NAZ-Lifan" markalı 400-dən çox avtomobil respublika ərazisində
taksi fəaliyyəti göstərir. Bu avtomobillərin bəzilərinin 1 milyon
kilometrdən çox yol qət etməsinə baxmayaraq, onlarda heç bir
problem yaranmayıb.
Qeyd edək ki, Naxçıvan Avtomobil Zavodu 2010-cu ildən fəaliyyət
göstərir. Zavodda Almaniya, İtaliya və Belçikadan gətirilmiş müasir
texnoloji avadanlıqlar quraşdırılıb.