"Bakı-2015" ilk Avropa Oyunlarının başlanmasına 38 gün
qalır. Dünyada ilk dəfə keçiriləcək bu mötəbər idman yarışına maraq
böyük olduğundan nüfuzlu media qurumları ilk Avropa Oyunlarının
işıqlandırılmasını diqqət mərkəzində saxlayırlar. "Bakı-2015" ilk
Avropa Oyunlarının işıqlandırılması üçün 1500-ə yaxın media
nümayəndəsinin qeydiyyatdan keçməsi dünya mətbuatının bu idman
yarışına böyük maraq göstərdiyini sübut edir.
"Bakı-2015" ilk Avropa Oyunları Əməliyyat Komitəsinin mətbuat
əməliyyatları şöbəsinin müdiri Ceyn Pirs bütün bu məsələlər,
xüsusən də media nümayəndələrinin qeydiyyat prosesinin nəticələri
ilə bağlı AZƏRTAC-ın müxbirinə məxsusi müsahibə verib.
- Birinci Avropa Oyunlarının işıqlandırılması üçün
müraciət edən media nümayəndələrinin qeydiyyatı prosesinin
nəticələri haqqında nə deyə bilərsiniz?
- Media nümayəndələrinin qeydiyyatı prosesinin nəticələri bizi
çox sevindirir. Çünki qeydiyyat zamanı yerli və xarici media
nümayəndələrinin yüksək fəallığının şahidi olduq. Belə ki, bu
mötəbər idman yarışını işıqlandırmaq üçün 630-dan çox yerli və 800
beynəlxalq media nümayəndəsi qeydiyyatdan keçib.
- İlk Avropa Oyunlarını işıqlandıracaq media
nümayəndələri arasında əsasən hansı ölkələrdən olanlar üstünlük
təşkil edir?
- Qeydiyyatdan keçən media nümayəndələri arasında azərbaycanlı
jurnalistlər üstünlük təşkil edirlər. Bundan başqa, Rusiya,
Türkiyə, Böyük Britaniya, Fransa, Almaniya və digər ölkələrdən
çoxlu sayda müraciətlər qəbul etmişik. "Bakı-2015"in
işıqlandırılması üçün 50 ölkənin media nümayəndəsi qeydiyyatda
keçib.
- "Bakı-2015"in açılış və bağlanış mərasimində nə qədər
jurnalistin iştirakı nəzərdə tutulub?
- Hər bir idman obyekti fərqli tamaşaçı tutumuna malikdir. İlk
Avropa Oyunlarının açılış və bağlanış mərasimi Bakı Olimpiya
Stadionunda təşkil olunacaq. Biz həmin mərasimlərin
işıqlandırılması üçün 500 müxbirin və 250 fotomüxbirin iştirakını
nəzərdə tutmuşuq. Mötəbər yarışı işıqlandıracaq media nümayəndələri
bunun üçün bilet almalıdırlar. Hazırda mərasimləri işıqlandıracaq
xarici və yerli media nümayəndələrinin iştirakı ilə bağlı
müzakirələr aparılır. Əminik ki, mərasimlərdə media
nümayəndələrinin iştirakı ilə bağlı seçim ədalətli olacaq.
- İlk Avropa Oyunları zamanı yerli və xarici
jurnalistlər üçün hansı imtiyazlar nəzərdə tutulub?
- Akkreditasiya kartına sahib media nümayəndələri üçün ən böyük
imtiyaz onların idman obyektlərinə sərbəst daxil olmalarıdır.
Arenalarda müxbirlər və fotomüxbirlər üçün beynəlxalq tələblərə
cavab verən media mərkəzləri hazırlanacaq ki, onlar da burada rahat
işləyə, bir-biriləri ilə ünsiyyət qura və böyük idman tədbirinin
bir hissəsinə çevrilə bilərlər. Media mərkəzləri yarışların
işıqlandırılması üçün bütün vacib avadanlıq, o cümlədən yüksək
sürətli internet ilə təchiz olunacaq.
- Media nümayəndələri akkreditasiya kartlarını nə vaxt
ala biləcəklər?
- Bildiyiniz kimi, ilk Avropa Oyunlarını işıqlandırmaq üçün
aparılan qeydiyyat prosesi aprelin 3-də başa çatıb. Hazırda qəbul
olunan müraciətlər dəyərləndirilir və həmin nümayəndələrə təsdiq
cavabları yollanılır. Media nümayəndələri akkreditasiya kartlarına
mayın 29-dan başlayaraq sahib ola biləcəklər. Yerli media
nümayəndələri kartları yaxın günlərdə açılışı nəzərdə tutulan
Akkreditasiya Mərkəzindən əldə edə biləcəklər. Akkreditasiyadan
keçən beynəlxalq media nümayəndələrinə isə xüsusi bildiriş
göndərilir ki, onlar Azərbaycana gəlib viza ala və fəaliyyət
göstərə bilsinlər. Xarici media nümayəndələri akkreditasiya kartını
hava limanında quraşdırılmış xüsusi məntəqədən ala biləcəklər.