Avropa Oyunlarının başlanmasına 39 gün qalıb. Vaxt
yaxınlaşdıqca həyəcan artır. Bu mötəbər turnirin keçirilməsinə görə
ölkəmizdə yeni idman obyektləri tikilib və yenidənqurma işləri
aparılır.
Publika.az xəbər verir ki, yeni tikilən idman obyektlərindən biri
də Bakı "Olimpiya" stadionudur. "Olimpiya" stadionu futbol
yarışları və atletika görüşlərinə ev sahibliyi etmək üçün nəzərdə
tutulan çoxfunksiyalı idman obyektidir. Atletlər Kəndinin (AK)
şimalında yerləşən kompleksdə Avropa Oyunları üçün atletika
yarışları, həmçinin Avropa Oyunlarının Açılış və Bağlanış
Mərasimləri də baş tutacaq.
"Olimpiya" stadionu ilə yaxından tanış olmaq üçün həmin kompleksə
yollandıq.
Möhtəşəm sürpriz bizi gözləyir
Düzdür, "Olimpiya" stadionunun içərisində çəkiliş aparmaq, oraya
daxil olmaq mümkün olmadı. Buna da səbəb Avropa Oyunları zamanı hər
kəsi gözləyən sürprizdir. Elə stadionun baş meneceri Konstantin
Bortniçek də bunu belə izah etdi. Onun sözlərinə görə stadionun
konstruksiya işləri artıq başa çatıb, ancaq strukturda bəzi işlər
hələ də davam edir:
"Bakı 2005 İlk Avropa Oyunlarına çox ciddi və yüksək səviyyədə
hazırlıq gedir. Bu oyunları səbirsizliklə gözləyən tamaşaçılara
sürpriz etmək istədiyimiz üçün iyunun 12-nə, yəni oyunların
açılışınadək heç bir çəkiliş etməyə icazə verilmir. Stadionun
konstruksiya işləri tamamilə yekunlaşıb, hazırda struktur işləri
plan üzrə açılışa qədər ardıcıllıqla gedir".
Diqqətləri cəlb edən obyekt – Şayiələrə
inanmayaq...
Ümumilikdə 3 mindən çox şəxsin çalışdığı "Olimpiya" stadionunda
güclü iş rejiminin getdiyi kənardan da görünürdü. Yeni üslubda
tikilən arena Avropada və dünyada ən müasir dizaynda tikilmiş
stadionlardandır. Bu stadion həm Avropa Oyunlarını, həm də bir çox
beynəlxalq və yerli yarışları keçirmək imkanına malikdir. Bəlkə də
elə buna görə həqiqətə uyğun olmayan bəzi iddialar ortaya atılır.
Stadionun baş meneceri K.Bortniçek neqativ informasiyaların həmişə
mötəbər yarışlardan əvvəl səsləndiyini bildirdi:
"Dünyadakı bütün mötəbər yarışlar öncəsi belə hallar olur. Həm
Soçi, həm də London olimpiadalarından əvvəl buna şahid olmuşuq.
Həqiqətə uyğun olmayan məlumatları ciddiyə almaq lazım deyil. Hər
kəsi əmin etmək istəyirəm ki, stadionda bütün işlər çox yüksək
səviyyədə və dünya standartlarına cavab verən şəkildə davam edir.
Stadion 60 mindən çox tamaşaçını və idmançıları qəbul etməyə,
açılışa hazırdır. Bir neçə gün sonra stadion sınaq məşqləri
keçirməyə tam hazır olacaq. Artıq iyun ayında açılışa ideal şəkildə
hazırlanacaq".
"Gələcək nəsillər deyəcək ki..."
Doğrudur ki, bu cür mötəbər turnirin Azərbaycanda keçirilməsi bir
tarixdir. Bütün dünya illər keçsə də, bu tarixi oyunu Azərbaycanla
xatırlayacaq. Necə ki, Yay Olimpiya Oyunları Yunanıstanla
xatırlanır. Elə həmsöhbətimiz, stadionda gedən işlərdən
məsuliyyətli şəxs Konstantin Bortniçek də bu fikirlə razıdır:
"Bu Oyunların əsas özəlliyi ondan ibarətdir ki, birinci Avropa
Oyunları məhz Bakıda keçiriləcək. Dünyada müxtəlif olimpiya
oyunları keçirilib. Amma "Bakı 2015" Olimpiya Oyunlarından çox
fərqlənəcək. Gələcək nəsillər deyəcək ki, ilk Avropa Oyunları
Azərbaycanın paytaxtında keçirilmişdi. Hər bir işin başlanğıcında
çətinliklər çox olur. Bakı Avropa Oyunlarının idman tarixini yazır.
Tarixdə Bakı ilk Avropa Oyunlarının keçirildiyi məkan kimi yadda
qalacaq. Hər bir şeyin öhdəsindən gəlmişik, çox möhtəşəm idman
yarışı olacaq. Biz peşəkar komandalarla, ABŞ, London və digər
ölkələrdən gələn mütəxəssislərlə birgə çalışmışıq və əlimizdən
gələni etmişik ki, İlk Avropa oyunları çox yüksək səviyyədə
keçirilsin. Bu yarışlarda müxtəlif millətlərdən olan nümayəndələrin
iştirakı ilə möhtəşəm tədbirin keçiriləcəyinə inanırıq.
Açılış şousunu çox həyəcanla gözləyirik. Doğrudur, 24 saat
fasiləsiz çalışmaq çətin iş qrafiki olsa da, biz tam gücümüzlə hər
şeyin yüksək səviyyədə alınacağına əminik".