"Bakı-2015" birinci Avropa Oyunları məşəlinin növbəti
dayanacağı Salyan rayonu olub. Mayın 4-də birinci Avropa
Oyunlarının məşəli Cəlilabaddan Salyana gətirilib.
Trend-in məlumatına görə, bu münasibətlə Salyan şəhərinin giriş
qapısında təşkil olunan mərasimdə məşəl estafetinin iştirakçılarını
yüzlərlə rayon sakini böyük coşqu ilə qarşılayıb.
Birinci Avropa Oyunlarının rəmzi qapısında kikboksinq üzrə
məşqçi Rahil İsgəndərov Olimpiya məşəlini qəbul etdikdən sonra
yürüşə start verilib. Məşəli növbə ilə bir-birinə ötürən on məşəlçi
birinci Avropa Oyunlarının rəmzi qapısından başlayaraq 3,2 kilometr
məsafə qət ediblər. Salyan şəhərinin Heydər Əliyev, Xəlil Rza,
Yusif Qasımov, Aslan Hüseynov, Səməd Vurğun, Məmməd Əmin Rəsulzadə,
Əli bəy Hüseynzadə, Təbriz Xəlilbəyli küçələri ilə hərəkət edən
idmançılar məşəli Heydər Əliyev parkına gətiriblər.
Birinci Avropa Oyunlarının məşəl estafetini qəbul edən
idmançıları meydana toplaşanlar hərarətlə alqışlayıblar.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunun tələbəsi Cavid
Quliyev səhnəyə qalxaraq birinci Avropa Oyunlarının məşəlini
alovlandırdı.
Salyan şəhər 1 nömrəli məktəb-liseyin şagirdi Zərxanım Ağabəyova
yandırdığı ilk Avropa Oyunlarının çırağını yarışlar başa çatanadək
saxlanması üçün Heydər Əliyev Mərkəzinə təhvil verdi.
Mərasimdə Atəşgah məbədində birinci Avropa Oyunları məşəlinin
alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş
etdirildi.
Birinci Avropa Oyunlarının məşəli günün ikinci yarısında
Salyandan Neftçalaya yola salındı.
Xatırladaq ki, "Bakı-2015" birinci Avropa Oyunlarının məşəl
səyahətinə mindən çox məşəlçi cəlb olunub. İyunun 10-u məşəl
proqramının son günü olacaq və məşəl Bakıya gətirilənədək təxminən
5500 kilometr məsafə qət edəcək.
İyunun 12-28-də idmanın 20 növü üzrə keçiriləcək ilk Avropa
Oyunlarında Avropanın 50 ölkəsindən altı mindən çox atlet 253 dəst
medal uğrunda mübarizə aparacaq.