Salyan rayonunda yandırılan birinci Avropa Oyunlarının
məşəli mayın 4-də günün ikinci yarısında Neftçala rayonuna
gətirildi. Rayon sakinləri estafet iştirakçılarını böyük coşqu ilə
qarşılayıblar.
Neftçala şəhərinin giriş qapısında məşəlin qarşılanma mərasimi
oldu. Birinci Avropa Oyunlarının məşəlini Azərbaycanın ərazi
bütövlüyü uğrunda fiziki sağlamlığını itirmiş mədəniyyət işçisi
Ceyhun Mehdiyev qəbul edib.
Bədən tərbiyəsi müəllimi Ülkər İbrahimova, məktəbli Səyyarə
Səmədzadə, mədəniyyət işçisi Kamran Əsədov, boks üzrə gənclər
arasında ölkə çempionatının qalibi Elmar Abbasov və finalçısı
Həsənağa Həsənov, boks məşqçisi Xəyal Mustafayev, "Neftçala" futbol
klubunun məşqçiləri Mehman İbrahimov və Fəxrəddin Mürvətov Mirzə
Ələkbər Sabir küçəsi və Heydər Əliyev prospekti boyunca 4 kilometrə
yaxın yolu qət edərək məşəli növbə ilə daşınıblar.
Mərasimdə "Bakı 2015"-in ulduz elçiləri, sevilən aktyorlar
Rafael İsgəndərov və Coşqun Rəhimovun iştirakı sakinlərin bayram
ovqatına xüsusi rəng qatıb.
Son məşəlçi, futbol məşqçisi Dilavər Yaqubov məşəli Bayraq
meydanına gətirərək səhnəyə qalxdı və çırağı yandırıb. Coğrafiya
fənni üzrə respublika olimpiadasının qızıl medalçısı İlham
Səmədovun ictimaiyyətə təqdim etdiyi çıraq Oyunların sonuna qədər
saxlanılmaq üçün şəhərə hədiyyə edilib.
Mərasimdə aprelin 26-da Bakıda, Atəşgah məbədində birinci Avropa
Oyunları məşəlinin alovlandırılması mərasiminin əks olunduğu
videoçarx nümayiş etdirilib.
Məşəl yürüşü mərasiminin böyük sevincini yaşayan rayon
sakinlərinin bir neçəsi təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə də
bölüşüb:
Məşəl yürüşündə iştirak etmiş veteran futbolçu, hazırda
Neftçalanın eyniadlı klubunda məşqçi işləyən Mehman İbrahimov:
"Birinci Avropa Oyunlarının ən mühüm mərasimlərindən birinin
iştirakçısı olduğum üçün sevincim hədsizdir. Bu etimada görə
təşəkkür edirəm. Tarixdə yerini alacaq Oyunların idmanımızda xüsusi
yeri olacaq və həmişə xatırlanacaq. Bu anların mənim də həyatımda
xoş xatirə kimi xüsusi izi qalacaq. Məşəl estafetinin layiqincə
qarşıladıqları üçün bütün həmyerlilərimə minnətdaram və onları bu
bayram münasibətilə təbrik edirəm. Avropa Oyunlarında isə
idmançılarımızın hər birinə uğurlar arzulayır və onlardan qələbə,
ən əsası, layiqli çıxış gözləyirəm".
Böyük Vətən müharibəsi veteranı Alxan Əliyev: "Bu günlər ikiqat
sevinc yaşayıram. Mayın 9-da faşizm üzərində tarixi Qələbənin 70
illiyi tamam olur. Qələbənin əldə olunmasında azərbaycanlı
döyüşçülərin də böyük rolu olub. İyunun 12-də isə Azərbaycanda
birinci Avropa Oyunlarına start veriləcək. Bunların hər ikisi fərəh
doğuran hadisədir. Bir arzum var: Qələbə gününü Şuşada, Xankəndidə
də qeyd edək, bu məşəli Dağlıq Qarabağda da yandıraq".
Rayon gənclər və idman idarəsinin rəisi Yalçın Nuriyev də sevinc
hisslərini dilə gətirərək Azərbaycanda idmanın inkişafına
göstərilən dövlət dəstəyindən danışıb, ölkəmizdə keçirilən ilk
Avropa Oyunlarında çıxış edəcək idmançılara qələbə arzulayıb.
Sonra məşəl Azərbaycanın balıqçılıq və kürü sənayesinin aparıcı
müəssisəsi olan məşhur nərə balıqartırma zavoduna aparılıb. Kür
çayı sahilində salınmış yeni Bayraq meydanında ecazkar axşam
mənzərələri seyr edildi, yelkən səyahətinə çıxılıb.
Neftçala rayonunda alovlandırılan birinci Avropa Oyunlarının
məşəli oradan Şirvan şəhərinə istiqamət götürüb.