Azərbaycan Respublikası
Milli Olimpiya Komitəsi "Amnesty International" beynəlxalq hüquq
təşkilatının Avropa Oyunları ilə bağlı qeyri-dəqiq və qərəzli
hesabatı ilə əlaqədar bəyanat yayıb.
Bəyanatda deyilir:
"Amnesty International" beynəlxalq hüquq təşkilatının Avropa
Oyunlarının başlanmasına 100 gün qalmış yaydığı qeyri-dəqiq və
qərəzli hesabat Azərbaycana qarşı növbəti təxribatdır.
Bu hesabatda verilən məlumatlar və İsveç Olimpiya Komitəsinin
prezidenti Stefan Lindeberqin İsveçin "Aftonbladet" qəzetinə
verdiyi müsahibədə Bakıda keçiriləcək I Avropa Oyunları haqqında
danışarkən Azərbaycanla bağlı doğru olmayan, əsasını yalan və
iftira təşkil edən fikirlər söyləməsi, Azərbaycana qara yaxmaq,
Avropa Oyunlarını ictimaiyyət qarşısında gözdən salmaq məqsədinə
xidmət edən təxribatdan başqa bir şey deyil.
İsveç Olimpiya Komitəsinin Azərbaycandakı repressiyalarla
əlaqədar Avropa Olimpiya Komitəsinə müraciət etməsi haqqındakı
iddialar isə sözün əsl mənasında riyakarlıqdır.
Avropa Olimpiya Komitəsindən aldığımız məlumata əsasən onlara
İsveç Olimpiya Komitəsindən heç bir məlumat daxil olmayıb və bu
məsələ Komitə tərəfindən araşdırılacaqdır.
Biz təəssüf edirik ki, İsveç Olimpiya Komitəsinin prezidenti
Azərbaycan haqqında belə bir bəyanatla çıxış edib. Məlumat üçün
bildiririk ki, bu insanın Azərbaycana qarşı mənfi münasibəti hələ
2012-ci ildə Avropa Olimpiya Komitəsinin Romada keçirilən 8-ci Baş
Assambleyası vaxtı aşkar olundu. İsveç Olimpiya Komitəsinin
prezidentinin özünün etiraf etdiyi kimi, 48 ölkənin iştirak etdiyi
seçkilər zamanı İsveç Olimpiya Komitəsi nəinki Avropa Oyunlarına
Bakının ev sahibliyi etməsini, ümumiyyətlə Avropa Qitə Oyunlarının
keçirilməsinin əleyhinə səs verən 8 komitədən biri olmuşdur.
Qeyd etmək istərdik ki, Azərbaycanda insan hüquqları və
demokratiya ilə bağlı standartlara əməl olunması haqda danışan
İsveç "hüquq müdafiəçiləri" unudurlar ki, 1986-cı il fevralın 28-də
İsveçin paytaxtı Stokholmda İsveçin Baş naziri Ulof Palmenin odlu
silahdan açılan atəş nəticəsində öldürülməsi, 2013-cü il sentyabrın
11-də İsveçin xarici işlər naziri Anna Lindin qəddarcasına qətlə
yetirilməsi, minlərlə etirazçının ölkədə son zamanlar məscidlərdə
törədilən hücumlara qarşı İsveç parlamentinin qarşısında təşkil
olunmuş etiraz aksiyaları və bu kimi onlarla problemi olan ölkəni
təmsil edirlər. Onların insan hüquqlarının və demokratik rejimin
müdafiəçisi qismində çıxış etməsi reallıqdan uzaqdır.
Eyni zamanda, söylənilənlərin əksinə olaraq, Azərbaycanda
kütləvi informasiya vasitələrinin, söz azadlığının qorunduğunu və
indiyədək Azərbaycana səfər etmiş əcnəbi jurnalistlərin fikirlərinə
hörmətlə yanaşıldığını nəzərə alsaq, bu məsələ ilə bağlı irəli
sürülən fikirlər də həqiqətə uyğun deyildir.
İsveç Olimpiya Komitəsinin Bakıda keçiriləcək Avropa Oyunlarında
iştirakına və xərclərinin "Bakı 2015" Avropa Oyunlarının Əməliyyat
Komitəsi tərəfindən ödənilməsinə gəldikdə isə qeyd etmək istərdik
ki, bu, təkcə İsveç komandasına aid deyil, bütün iştirakçı
ölkələrin komandalarının nəqliyyat, yaşayış və yemək məsrəfləri
ödənilir. Bütün Olimpiya Oyunlarında tətbiq edilən bu prinsip
Avropa Olimpiya Komitəsinin qərarı ilə "Bakı 2015" Avropa
Oyunlarına da şamil edilir.
Azərbaycanın qapıları hamı üçün açıqdır. Ümid edirik ki, böyük
uğur qazanacaq "Bakı 2015" Avropa Oyunlarından sonra insanlar
Azərbaycanı daha yaxından tanıyacaq, onu dərk edəcək, bizə qarşı
yönəldilmiş bu kimi təxribatlara son qoyulacaqdır".
Milli Olimpiya Komitəsi