"50-dən yuxarı ölkə
tərəfindən I Avropa Oyunlarının canlı yayımlanması, o cümlədən
kifayət qədər turist axını bu oyunlara olan marağın
göstəricisidir".
Bunu Axar.az-a açıqlamasında Azərbaycan Tələbə Gənclər
Təşkilatları İttifaqının sədri (ATGTİ) Şahin İsmayılov
söyləyib.
O, Avropa oyunlarının ölkəmiz üçün müsbət təsirlərindən söz
açaraq ATGTİ-nin bu sahədə gördüyü işləri də dilə gətirib:
"Avropa oyunlarının Azərbaycan üçün olduqca böyük əhəmiyyəti
var. Bu əhəmiyyəti bir neçə cəhətdən - həm iqtisadi rentabelliyi,
həm Azərbaycan mədəniyyətinin və reallıqlarının tarixinin
təbliğatı, həm ölkəyə kifayət qədər böyük axın, həm də
infrastrukturun yaranması baxımından dəyərləndirmək olar. Təbii ki,
bilavasitə olaraq 50-dən yuxarı ölkə tərəfindən bu oyunların canlı
yayımlanması, o cümlədən kifayət qədər turist axınının gəlməsi bu
oyunlara olan marağın göstəricisidir. Avropa Oyunlarına gənclər
təşkilatları, ümumiyyətlə, ictimai qurumların da töhfə verməsi
vacib faktordur. Çünki onlar öz könüllüləri və ya işçiləri
vasitəsilə bu oyunlara töhfə verə bilərlər. O ki qaldı bizim
təşkilata, təbii ki, biz Avropa Oyunlarının təbliğatı və
könüllülərin yığılması baxımından bir neçə böyük layihə həyata
keçirmişik. Təqribən 150 min tələbəni əhatə edən bir sorğu keçirdik
və həmin sorğu nəticəsində Avropa Oyunlarına könüllü olmaq istəyən
gənclərin siyahısını Bakı-2015 Əməliyyat Komitəsinə təqdim etdik.
Eyni zamanda, Avropa Oyunlarında könüllü kimi iştirak edəcək
gənclərə könüllülük pasportlarının verilməsi də İttifaq tərəfindən
həyata keçiriləcək. Universitetlərdə könüllülərin yarana biləcək
problemlərin həll olunması baxımından yaranmış qruplarda İttifaqın
Tələbə Gənclər Təşkilatları öz rolunu oynayır. Eyni zamanda, bütün
üzvlərimiz, Tələbə Gənclər Təşkilatları vasitəsilə Avropa
oyunlarının təbliğatına, regionda yerləşən təhsil müəssisələri
vasitəsilə oyunların təqdimatına, bütün ali təhsil müsəssisələrində
demək olar ki, Avropa Oyunlarının təqdimatında İttifaq tərəfindən
həyata keçirilir. Bu bizim vətəndaşlıq borcumuzdur. Fərq etməz,
bizim təşkilat, ya digər təşkilat olsun. Hər bir təşkilat, hər bir
Azərbaycan vətəndaşı Avropa Oyunlarının təbliğatında öz
missiyasını, vətəndaşlıq borcunu yerinə yetirsin".