Xəzər Universitetinin
təsisçisi və rektoru Hamlet İsaxanlının qızı Ülkər İsayeva
Bakı-2015 Avropa Oyunları ilə bağlı tələbələrə və gənclərə
koordinatorluq edəcək.
Bu barədə Publika.az-a açıqlamasında Ülkər İsayevanın atası
Hamlet İsaxanlı məlumat verib.
Onun sözlərinə görə, hazırda Ülkər İsayeva gənclər üçün bir çox
treninqlər təşkil edir.
H.İsaxanlı deyib ki, qızı Ülkər İsayeva gənclərlə yaxından
işləyir, tələbələri hazırlaşıdırır:
"Qızım psixoloji və xarici dillərlə bağlı tələbələrə treninqlər
keçir, bu işə koordinatorluq edir. Biz tələbələri Bakı-2015 Avropa
Oyunlarına könüllü kimi göndərməmişdən öncə burada məşq etdiririk.
Bizim yüzlərlə tələbəmiz bu işdə yaxından iştirak edir.
Tələbələrimiz daha çox könüllülər olaraq tərcüməçi, bələdçi və
köməkçi kimi çalışırlar. Hətta, bəzi tələbələrimiz idmana yaxın
sahələrdə çox fəal iştirak edir. Universitetimiz ingilis dilində
tədris verdiyi üçün Avropa Oyunları ilə əlaqədar Hazırlıq
Komitəsinə biz də daxil edilmişik. Bəzən həftədə 3-4 dəfə
tələbələrimizlə bağlı Avropa Oyunlarına Hazırlıq Komitəsindən
məktub alıram. Onlar bizdən xahiş edirlər ki, daha çox tələbə
göndərək. Yəni, biz Xəzər Universiteti olaraq Avropa Oyunlarına
hazırlıq işində çox fəal iştirak edirik".
Rektor həmçinin qeyd edib ki, Bakı-2015 Avropa Oyunları
Azərbaycanda keçirilən ilk beynəlxalq tədbir deyil: "İndiyədək
Azərbaycan bütün sahələrdə bir çox beynəlxalq və nüfuzlu tədbirlərə
ev sahibliyini uğurla edib. Bakı-2015 Avropa Oyunları isə indiyədək
keçirilən tədbirlərdən ən böyüyü hesab olunur. Bu baxımdan da digər
tərdbirlərdən fərqlənir. Düşünürəm ki, Bakı-2015 Avropa Oyunlarının
ölkəmizdə keçirilməsi Azərbaycanı dünya miqyasında tanıdan çox
böyük hadisədir. Çünki Avropa dünyanın ən məşhur və qədim
svilizasiyası olan yerlərindən biridir. Avropa Oyunları isə dünyada
ilk dəfə olaraq Azərbaycanda keçiriləcək. Bu, bizim üçün həm böyük
məsuliyyətdir, həm də uğurdur. Ona görə də gərək hər bir
azərbaycanlı bu işdə öz töhfəsini əsirgəməsin. Çünki Azərbaycana
minlərlə xarici turist gələcək, Azərbaycanı yaxından tanıyacaq,
burada keçirilən Avropa Oyunlarını izləyəcək. Bütün bunlar üçün
hazırlıq işlərinin vaxtında görülməsi çox mürəkkəb prosesdir. Ona
görə də hər bir azərbaycanlı ümumi vətənpərvərlik mövqeyindən çıxış
edərək çalışmalıdır ki, Avropa Oyunları müsbət mənada yaddaqalan
hadisə olsun. Düşünürəm ki, Azərbaycan Bakı-2015 Avropa Oyunlarının
da öhdəsindən çox uğurla gələcək".