Bu gün Beynəlxalq Mətbuat
Mərkəzində (BMM) "Bakı-2015: Birinci Avropa Oyunlarına Dəstək"
Vətəndaş Koalisiyası tərəfindən "Anti-Azərbaycan kampaniyasının
təşkilatçıları göründükləri və olduqları kimi" mövzusunda "dəyirmi
masa" işə başlayıb.
Publika.az-ın məlumatına görə, tədbirdə çıxış edən Koalisiyanın
koordinatoru Rufiz Qonaqov bildirib ki, son vaxtlar Azərbaycana
qarşı qarayaxma kampaniyası daha da genişlənib.
Onun sözlərinə görə, bu cür kampaniyanın Bakı 2015 Avropa
Oyunları ərəfəsində keçirilməsi təsadüfi deyil:
"Vətəndaş cəmiyyəti və media olaraq biz də öz növbəmizdə bu cür
kampaniyalara cavab verməliyik. Həmçinin, Bakı 2015 Avropa Oyunları
ərəfəsində Azərbaycana qarşı qarayaxma kampaniyası aparan şəxslərin
və təşkilatların adları açıqlanmalıdır".
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini,
"Xalq Cəbhəsi" qəzetinin baş redaktoru, Elçin Mirzəbəyli isə
bildirib ki, ilk Avropa Oyunları Bakıda keçirildiyinə görə,
standartlarda burada formalaşır:
"Azərbaycan beynəlxalq tədbirlərinin keçirilməsi sahəsində öz
mövqeyini gücləndirəcək, o cümlədən erməni diasporunun
anti-Azərbaycan siyasətinə zərbə vuracaq. Çünki ermənilər bildirir
ki, Azərbaycan tolerant olmadığı üçün onlar üçün təhlükə var.
Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi isə onların dünyaya
yaymaq istədiyi yalanları aşkar edir. Azərbaycana qarşı həyata
keçirilən kampaniyaların arxasında Ermənistan, ermənipərəst
qüvvələr və erməni lobbisidir. Biz Azərbaycana qarşı aparılan
qarayaxma kampaniyasına nəinki Avropa Oyunları ərəfəsində, eləcə də
2012-ci ildə Azərbaycanda keçirilən "Avroviziya" mahnı
müsabiqəsində də şahidi olmuşuq.
İlk Avropa Oyunları ərəfəsində də davamlı olaraq bu proses
gedir. Təbii ki bu, gözlənilən bir hadisədir və Azərbaycana qarşı
aparılan kampaniyanın tərkib hissəsidir. Bu kimi beynəlxalq
təşkilatlar faktiki olaraq eyni mənbədən, mərkəzdən idarə
olunurlar. Bu baxımdan da hesab edirəm ki, bəzi xarici
təşkilatların birinci Avropa Oyunları ərəfəsində Azərbaycan qarşı
sərgilədiyi qarayaxma kampaniyası yayılan açıqlamalardan, verilən
bəyanatlardan fərqli bir yanaşma tərzi deyil".
Əmək Hüquqları Liqasının icraiyyə komitəsinin sədri Sahib
Məmmədov qeyd edib ki, Avropa Məhkəməsinin qərarlarına baxarkən
xeyli sayda problemlərin olduğu aşkarlanır. Onun sözlərinə görə,
sərbəst toplaşmaq azadlığı Avropa məkanında tam təmin olunmayıb:
"Azərbaycanla bağlı isə belə bir qərar yoxdur. Ya bu qanunlar bizdə
daha yaxşıdır, ya da ki şikayət olunmayıb. Qeyd edim ki, şikayətlər
olub, sadəcə iddia əsaslandırılmayıb. Amerikada da bu sahədə xeyli
problemlər var".
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini
Niyaməddin Orduxanlı bildirib ki, Azərbaycanda sərbəst toplaşma
azadlığı ilə bağlı heç bir problem yoxdur: "Bunun üçün hər cür
şərait yaradılıb. Fikir verin, əvvəllər Əli Kərimli ayda 1 dəfə
mitinq keçirirdisə, indi isə hər həftə aksiya təşkil edir. Bir
tərəfdən iddia edirlər ki, guya Azərbaycanda narazı insanlara
sərbəst toplaşmağa icazı verilmir. Məgər icazə verilməsəydi, o
zaman Milli Şura hər həftə şəhərin mərkəzində necə aksiya keçirir?
Bütün bunlar bir daha onu göstərir ki, Azərbaycana qarşı mənfi rəy
formalaşdırmağa çalışırlar. Bir sıra xarici dairələr Azərbaycana
qarşı qarayaxma kampaniyası aparır. Ancaq bütün bunlar
Azərbaycandakı ictimai-siyasi proseslərə heç bir təsir
göstərməyəcək. Azərbaycanda "Bakı-2015" Avropa Oyunları yüksək
səviyyədə təşkil olunacaq".
"Olaylar" İnformasiya Agentliyinin baş direktoru, yazıçı Yunus
Oğuz qeyd edib ki, yeni yaranmış dövlətlərə bəzi beynəlxalq
təşkilatlar vasitəsilə təzyiq etmək istəyirlər. Onun sözlərinə
görə, Azərbaycanla Ermənistan arasındakı münaqişəyə dünya
dövlətləri tərəfindən ikili standartlarla yanaşma var: "Dağlıq
Qarabağla Krımı müqayisə edərkən açıq şəkildə Krıma qarşı daha
diqqətlə yanaşılır, ilhaqı bəyan edilir. Lakin Dağlıq Qarabağdakı
qondarma rejimlə bağlı Qərb dövlətləri tanımadıqlarını bəyan
etsələr də, əl altdan köməklik göstərir. Əminəm ki, Azərbaycan ona
qarşı olan bu ikili standartlara baxmayaraq, öz yolunda davam
edəcək".
"İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib ki,
Azərbaycan qısa vaxt ərzində Birinci Avropa Oyunları ilə bağlı çox
böyük işlər görməyə başlayıb:
"Azərbaycanda media və söz azadlığı ilə bağlı da xeyli işlər
həyata keçirilib. Amerikada hələ də ölüm hökmü qüvvədədir. Belə
olan halda Azərbaycana qarşı hansı iradlar bildirməyə haqqı yoxdur.
Onların tələb etdikləri şeylər heç onların özündə yoxdur və
ümumiyyətlə, bunu həyata keçirmək imkanı belə yoxdur. Lakin bəzi
beynəlxalq təşkilatları tərəfindən Azərbaycana qarşı belə bir
iddialar irəli sürülür. Faktiki olaraq, Azərbaycanda mətbuatla, söz
azadlığa ilə bağlı mükəmməl qanunvericilik bazası var. Bu da
Azərbaycanda söz azadlığı sahəsində kifayət qədər müsbət işlər
görülüb".
Politoloq Cabbar Məmmədov isə bildirib ki, dünyada Uşaq
Hüquqları Konvensiyasını ratifikasiya etməyən iki dövlətdən biri
Amerikadır. Onun sözlərinə görə, digər ölkə isə Somalidir ki, hələ
də orada uşaqlara ölüm hökmü çıxarılır: "ABŞ-da seçkiləri müşahidə
etmək 4 ştatdan başqa digərlərində qəti qadağandır. Qeyd edilən 4
ştatda isə icazə ilə müşahidə aparılır. Bu mənada ABŞ tərəfindən
Azərbaycana qarşı edilən təzyiqləri heç bir əsası yoxdur.
Azərbaycan neytral mövqedədir və bunu dünya ölkələri qəbul edə
bilmirlər".
"ELS" Müstəqil Araşdırmalar Mərkəzinin sədri İradə Yaqubova
söyləyib ki, qədimdən bəri idman yarışları dünyada sülhə çağırış
etsə də, ancaq Azərbaycana çatdıqda sülh diqqətdən kənara
qoyulur:
"Bu qarayaxma kampaniyası ölkəmizə qarşı məqsədli şəkildə
edilir. Yanlış informasiya cəmiyyətə ötürülür ki, bu da gələcəkdə
problemlərə gətirib çıxarır. Ona görə də biz indidən bu yanlı
informasiyaların qarşısının alınması istiqamətdə addımlar
aparılmalıdır. Bunun üçün də vətəndaş cəmiyyəti olaraq, bir yerdə
Azərbaycan qarşı idarə edilən qarayaxma kampaniyaları ifşa
etməliyik".