"Arzu edərdim ki, gələcəkdə keçiriləcək Avropa
Oyunlarının alovu Bakıdan götürülsün".
Trend xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ)
sədri Şeyxülislam Allahşükür Paşazadə bu gün ulu öndər, xalqımızın
ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü
münasibətilə QMİ-nin təşkilatçılığı ilə keçirilən konfransda
bildirib.
QMİ sədri deyib ki, bir vaxtlar Azərbaycanı Avropa ölkəsi kimi
qəbul etmirdilər. Şərq, Asiya ölkəsi, müsəlman dövləti kimi qəbul
edirdilər: "İndi isə Avropa Oyunlarının məşəli buradan Avropaya
gedəcək. Bu, istər-istəməz Avropanın Azərbaycanı tanıması
deməkdir".
A.Paşazadə qeyd edib ki, tarixdə var ki, həmişə Olimpiya
Oyunları başlayanda Oyunların alovu Yunanıstanda Olimpdən
götürülürdü:
"Bu gün də bu ənənə davam edir. Avropa Oyunlarının keçirilməsi
isə bu gün ilk dəfə Bakıdan başlayır. Bu Oyunlar gələcəkdə başqa
yerlərdə də keçirilə bilər. Amma arzu edərdim ki, gələcəkdə həmin
Oyunların alovu başlanğıc nöqtəsi olaraq Azərbaycandan, Bakıdan
götürülsün və bu minvalla davam eləsin. Bu, Azərbaycan üçün böyük
və önəmli bir məsələdir. Bu, həm siyasi, həm dövlətçilik, həm də
mənəvi məsələdir. Heç də əbəs yerə deyildi ki, Prezident İlham
Əliyev məşəlin alovlandırılmasına Atəşgahdan başladı. Əgər alov
İslami yerdən, məsciddən götürülsəydi, deyərdilər ki, İslama
bağlıdır, xristian məbədindən başlasaydı, deyərdilər ki,
xristianlıqla bağlıdır. Amma məşəl elə yerdən alovlandırıldı ki,
gələcəkdə də alov oradan götürülə bilsin və sonra da davam etsin.
Bu bizim üçün böyük şərəfdir. Məsələ təkcə Avropa Oyunlarında
deyil. Bu, həm də Azərbaycanın bütün dünyada tanınması deməkdir. Bu
Oyunlara ən azı 50 dövlətdə televiziyada birbaşa baxılacaq. Yəni
həmin dövlətlər, eləcə də bura gələnlərin hamısı bizi tanıyacaq,
həyatımızla tanış olacaq".
Bütün Qafqazın şeyxin Azərbaycanda, xüsusən də Bakıda din
xadimlərinə müraciət edərək onlara məscidlərə gələn qonaqlarla
görüşlərə, söhbətlərə hazır olmalarını tövsiyə edib.