Mayın 9-da xocavəndli məcburi köçkünlərin
məskunlaşdıqları Beyləqan rayonu ərazisindəki Xocavənd qəsəbəsində
bayram əhval-ruhiyyəsi hökm sürürdü. Minlərlə məcburi köçkün
əllərində gül-çiçək və bayraqlar "Bakı-2015" birinci Avropa
Oyunlarının məşəlini qarşılamaq, məşəl estafetinin sevincini
yaşamaq üçün qəsəbənin küçələrinə axışırdı.
AzərTac xəbər verir ki, birinci Avropa Oyunlarının məşəli günün
ikinci yarısında 320 ailəlik qəsəbədə xocavəndli məcburi köçkünlər
tərəfindən böyük coşqu və alqış sədaları ilə qarşılandı. Alov
estafetini Xocavənd rayonundan olan məşəlçi – sambo, döyüş sambosu,
əlbəyaxa döyüş və jiu-jitsu üzrə dünya çempionu Bəxtiyar Abbasov
qəbul etdi. Sonra 3,2 kilometr məsafədə məşəl yürüşü başlandı. On
nəfər idmançı məşəli bir-birinə ötürərək qəsəbədəki Dövlət Bayrağı
meydanına gəldi. Yol boyu düzülən xocavəndlilər məşəl estafeti
iştirakçılarını hərarətlə qarşıladılar.
Alov estafetinin sonuncu iştirakçısı – qarışıq döyüş növləri və
döyüş sambosu üzrə dünya çempionu Şəhriyar Abbasov məşəli səhnəyə
qaldırdı. Minlərlə xocavəndlinin alqış sədaları göyə ucaldı. Səmaya
sülh göyərçinləri və şarlar buraxıldı. Məşəlin alovu ilə yandırılan
çırağı Salakətin kənd tam orta məktəbinin şagirdi Aytac Rüstəmli
rayon ictimaiyyətinə təqdim etdi. Çıraq yarışların sonuna qədər
"Bakı 2015"-in rəmzi kimi rayonda saxlanılacaq. Mərasimdə Atəşgah
məbədində birinci Avropa Oyunları məşəlinin alovlandırılması
mərasiminin əks olunduğu videoçarx nümayiş etdirildi.
Dövlət Bayrağı meydanına toplaşan xocavəndlilərin çöhrəsində
bayram əhval-ruhiyyəsi vardı. Salakətin kənd tap orta məktəbin
müəllimi Telli Alıyeva dedi: "Bu gün birinci Avropa Oyunlarının
məşəli Xoacvənd qəsəbəsində alovlanır. Bu, 20 ildən də artıq köçkün
həyatı yaşayan xocavəndli məcburi köçkünlər üçün böyük hadisədir.
Məşəlin qəsəbəmizə gəlməsi ilə xocavəndlilərin ürəyində heç vaxt
sönməyən ümid məşəli daha da alovlandı. İnanırıq ki, belə möhtəşəm
mərasimlər tezliklə hazırda erməni işğalı altında olan ata-baba
torpaqlarımızda da keçiriləcək".
Qəsəbə sakini Məhərrəm Nəsirov fikirlərini belə ifadə etdi: "80
yaşım var. Yaşadığım illər ərzində çox hadisələrin şahidi olmuşam.
Ancaq bu gün yaşadığım sevinc və keçirdiyim qürur hissi
bam-başqadır. İnanıram ki, irəlidə xalqımızı hələ çox-çox fərəh
doğuracaq günlər gözləyir. Avropa Oyunlarının məşəlinin qəsəbəmizə
də gəlməsi biz köçkünləri çox sevindirdi. Bu anı bizə bəxş etdiyinə
görə Prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk".
Alqışların ucaldığı və məşəlin şəfəq saçdığı meydan insanların
sabaha olan dərin inamını ifadə edirdi. Çox keçməz ki, bu gün
Xocavənd qəsəbəsində şölələnən bu məşəl Ali Baş Komandanın
rəhbərliyi ilə işğaldan azad ediləcək yurd yerlərində də
alovlanar.