Birinci Avropa Oyunlarının məşəlinin növbəti ünvanı Aran
Qarabağın son illərdə sürətlə inkişaf edən və gözəlləşən diyarı
Ağcabədi oldu.
Azərtac xəbər
verir ki, mayın 10-da Ağcabədi şəhərindəki Heydər Əliyev adına
parkın qarşısında məşəlin təntənəli qarşılanma mərasimi
keçirilib.
Ağcabədililərin alqış sədaları altında Yeni Azərbaycan Partiyası
rayon təşkilatı Qadınlar Şurasının sədr müavini Radə Qafarova
birinci Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul etdikdən
sonra 3,5 kilometr məsafədə yürüş başlanıb. Üzeyir Hacıbəyov və
Heydər Əliyev prospektləri boyunca hərəkət edərək Heydər Əliyev
adına mərkəzi meydana gələn məşəlçilər rayon sakinləri tərəfindən
sevinc və hərarətlə qarşılandı. Sonuncu yürüşçü –rayon gənclər və
idman idarəsi rəisinin müavini Eldəniz Qənbərov səhnəyə qalxaraq,
məşəli alovlandırdı. Oyunların burada yandırılan çırağını 1 nömrəli
tam orta məktəbin şagirdi Minayə Əkbərova rayon ictimaiyyətinə
təqdim etdi. Çıraq Birinci Avropa Oyunlarının sonunadək rayonda
qalacaq.
Mərasimdə aprelin 26-da Atəşgah məbədində birinci Avropa
Oyunlarının məşəlinin alovlandırılması mərasiminin əks olunduğu
videoçarx nümayiş olundu.
Yürüşdə iştirak edən sonuncu məşəlçi Eldəniz Qənbərov
təəssüratlarını bölüşüb.
"Çox həyəcanlıyam. Məşəli alovlandırmaq mənə nəsib olduğu üçün
sevincimin həddi-hüdudu yoxdur. Birinci Avropa oyunlarında
Azərbaycan idmançılarına uğurlar arzulayıram. Qoy yarışlarda üç
rəngli, ay-uldurlu bayrağımız ucalsın, dövlət himnimiz
səslənsin".
Məşəl estafetini qarşılayan rayon sakini Mais İbrahimov
qürurverici anlarını belə ifadə etdi: "Fotoqraf kimi indiyədək çox
tədbirlərdə olmuşam. Bu günkü coşqunu, insanların fərəh və
sevincini sözlə ifadə etmək çətindir. Məşəl estafetinin şahidi
olduğum, bu tarixi anları kadrlarlara köçürdüyüm üçün özümü xoşbəxt
sanıram".
Ağcabədi şəhər 11 nömrəli tam orta məktəbinin müəllimi Xanım
Əliyeva isə dedi: "Bu gün rayonumuz fərəhli günlər yaşayır. Birinci
Avropa Oyunlarının məşəli artıq bizim rayondadır. Bu günün
sevincini yaşamaq üçün müəllim yoldaşlarım və şagirdlərimlə
gəlmişəm. İnanıram ki, Alov estafeti, ilk dəfə ölkəmizdə
keçiriləcək Avropa Oyunları şagirdlərin vətənpərvəlik hislərini
daha da artıracaq və onların yaddaşlarında uzun müddət
qalacaq".
Ağcabədi şəhər sakini Tofiq Zeynalov fikirlərini belə ifadə
etdi: "Son zamanlar Ağcabədi rayonunda bir çox tədbirlər, musiqi
festifalları və müsabiqələr, təntənəli mərasimlər keçirilir. Ancaq
belə möhtəşəm tədbirin ilk dəfədir ki, şahidi oluram. Ölkə
başçısının və Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın
bu sahəyə diqqət və qayğısı bir ziyalı kimi məni çox sevindirir.
Birinci Avropa Oyunları sayəsində dünya əhalisi ökəmizi daha
yaxından tanıyacaq. Bütün bunlara görə Prezident İlham Əliyevə
minnətdarlığımızı bildiririk".
Sonra birinci Avropa Oyunlarının məşəlindən götürülən alov cəbhə
bölgəsində yerləşən Ağdam rayonuna yola salındı.