Qədim Atəşgah məbədində
alovlandırılan birinci Avropa Oyunlarının məşəli Naxçıvandan
başlayaraq respublikamızın bir çox rayonlarından keçməklə mayın
12-də Zərdaba gətirilib.
Azərtac xəbər verir ki, Ana Kürün sahilində yerləşən Zərdab
şəhərinin Bayraq meydanında məşəlin izdihamlı qarşılanma mərasimi
olub. Minlərlə zərdablının sevinc dolu sürəkli alqışları və
gül-çiçək yağışı altında rayonun fəal gənclərindən olan Bəxtiyar
Nurəliyev Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul etdi.
Beləliklə məşəlçilərin yürüşü başlandı. On məşəlçi yol boyu
düzülən insanların alqışları ilə məşəli bir-birinə ötürərək şəhərin
Azərbaycan, Ramiz Kərimov küçələrindən keçməklə milli mətbuatımızın
banisi Həsən bəy Zərdabinin ev-muzeyinə, sonra isə Qələbə meydanına
gəldilər. Məşəlçilər burada gəmiyə minərək Kür çayında gəzintiyə
çıxdılar. Avropa Oyunlarının məşəli daha sonra şəhərin Zərdabi
küçəsi, Dədə Qorqud meydanı və Heydər Əliyev prospektindən keçməklə
Heydər Əliyev parkına gətirildi.
Parkda yürüşçülər hərarətli alqışlarla qarşılandılar. Şəhərdə
3,5 kilometr məsafə qət edən idmançılar səhnəyə qalxaraq birinci
Avropa Oyunlarının məşəlini alovlandırdılar.
Karatenin VKC növü üzrə dünya və iki qat Avropa çempionu, idman
ustası, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının
sonuncu kurs tələbəsi Nərmin Camalzadənin yandırdığı ilk Avropa
Oyunlarının çırağı yarışlar başa çatanadək saxlanılmaq üçün Heydər
Əliyev Mərkəzinə təhvil verildi.
Sonra birinci Avropa Oyunları məşəlinin Atəşgah məbədində
alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş
etdirildi.
Respublikamızın tanınmış incəsənət ustalarının və yerli
musiqiçilərin konsert proqramı Zərdab sakinlərinə və qonaqlara
ikiqat bayram sevinci yaşatdı.
İlk Avropa Oyunlarının məşəli Zərdabdan Tərtərə yola
salındı.
Rayonun 82 yaşlı sakini, "Şərəf nişanı" ordenli, Zərdab rayon
Əmək, Müharibə və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri
Hüseyn Həsənov "Bakı-2015" ilk Avropa Oyunları məşəlinin Zərdaba
gətirilməsindən duyduğu sevinci bölüşərək dedi: "Birinci Avropa
Oyunları kimi möhtəşəm beynəlxalq idman yarışının Vətənimizdə
keçirilməsindən fərəh duyuram. Bu, hər şeydən əvvəl Azərbaycanın
beynəlxalq nüfuzundan, bu cür möhtəşəm tədbirlərə ev sahibliyi edə
biləcək qədər qüdrətli olmasından irəli gəlir. Müasir Azərbaycanın
qısa zamanda belə böyük uğurlara nail olması sanki bir möcüzədir.
Bu nailiyyətlər, əlbəttə, ulu öndərimiz Heydər Əliyevin uzaqgörən
siyasətinin, onun siyasi xəttinin layiqli davamçısı Prezident İlham
Əliyevin gərgin əməyinin bəhrəsidir. Çox xoşbəxtik ki, Zərdab
rayonu da bu gün ilk Avropa Oyunlarının məşəlini qarşılamaqla öz
tarixinə daha bir parlaq səhifə yazdı. Zərdab rayonu çox
təntənələrə şahidlik edib. Amma bugünkü mərasimin rayonumuzun
tarixində xüsusi yeri var".
Rayon sakini, ziyalı Elçin Şirinov isə sevincini belə ifadə
etdi: "İlk Avropa Oyunlarının məşəlinin neçə-neçə bölgədən keçərək
Həsən bəy Zərdabinin yurduna gətirilməsini, bununla əlaqədar
keçirilən təntənəli mərasimi heç vaxt unutmayacağam. Bu, əsl
bayram, rayonumuzun tarixində unudulmaz, möhtəşəm bir gündür. Belə
bir təntənəli mərasimin iştirakçısı olmaqdan qürur duyuram.
Əlbəttə, şübhə yoxdur ki, ölkəmiz hələ bundan sonra da bu kimi bir
çox beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edəcək".