"Azərbaycanın Fövqəladə Hallar Nazirliyi (FHN)
"Bakı-2015" Avropa Oyunları ilə bağlı gücləndirilmiş iş rejiminə
keçib".
Publika.az-ın məlumatına görə, bunu fövqəladə hallar nazirinin
müavini, general-leytenant Etibar Mirzəyev bildirib.
Nazir müavinin sözlərinə görə, hər gün qarşıda dayanan məsələlərin
icrası üçün müvafiq işlər görülür. E.Mirzəyev deyib ki, indiyədək
FHN "Bakı-2015" Avropa Oyunları ilə bağlı bir neçə dəfə təlimlər
keçirib və qarşıda duran məqsədə uğurla nail olunub: "Onu da qeyd
edim ki, Avropa Oyunları ilə əlaqədar Azərbaycanın Fövqəladə Hallar
Nazirliyinin (FHN) üzərinə də böyük vəzifələr düşür. "Bakı-2015"
Avropa Oyunları ilə bağlı Fövqəladə Hallar Nazirliyi tərəfindən
xüsusi qərargah yaradılıb. Artıq bu qərargahın Əməliyyat planı da
təsdiq olunub. Bununla yanaşı, bütün idman obyektlərində də
Əməliyyat planları təsdiqlənib. Artıq biz bəzi idman obyektlərini
mühafizəyə götürmüşük.
Bu yaxınlarda keçirilmiş "Bakı-2015" Avropa Oyunları Əməliyyat
Komitəsinin (BEGOC) inteqrasiya qrupunun iclasında da doğru qeyd
edilib ki, "Olimpiya" kəndində baş vermiş kiçik yanğın hadisəsinin
qarşısı dərhal alınıb. Biz "Atletika" kəndini də mühafizəyə
götürmüşük, orada FHN-nin yanğınsöndürmə avtomobili 24 saat ərzində
növbə çəkir. Yəni, bu cür mühafizə olunan obyektlərin sayı çoxdur
və getdikcə daha da artacaq.
Fövqəladə Hallar Nazirliyi yeganə qurumdur ki, Bakı Olimpiya
Stadionunu həm yerdən, həm havadan, həm də sudan mühafizə edir.
İdman yarışları zamanı da biz "Böyük Şor" ərazisinə 2 ədəd
helikopter cəlb edəcəyik. Əgər hər hansı xoşagəlməz hadisə baş
verərsə, Fövqəladə Hallar Nazirliyinin canlı qüvvəsi və texnikası
da operativ şəkildə orada iştirak edəcək. Biz bundan sonra da bu
işləri davam etdirəcəyik. Biz digər qurumlarla da qarşılıqlı
əlaqələr qururuq. Yəqin ki, gələcəkdə bu əlaqələr daha da
genişlənəcək".
Nazir müavini bildirib ki, yaradılan həmin qərargaha BEGOC-un
Əməliyyat üzrə baş direktoru cənab Saymon Kleq də dəvət olunub: "O,
həmin qərargahın işi ilə yaxından tanış olub. Həmin vaxtı Saymon
Kleq bizə sual verdi ki, bəs Fövqəladə Hallar Nazirliyinin
Mingəçevirdə gördüyü işlər nə səviyyədədir? Biz də dərhal
Mingəçevirlə video bağlantı təşkil edib ona orada görülən işlərlə
bağlı məlumat verdik. Cənab Saymon Kleq də görülən tədbirlərdən çox
razı qaldığını söylədi.
Bu gün Fövqəladə Hallar Nazirliyinin qarşısında dayanan ən mühüm
vəzifələrdən biri insanları maarifləndirməkdir, insanlarla xüsusi
treninqlər keçirməkdir".