Birinci Avropa Oyunlarının məşəli mayın 14-də Bərdədən
Goranboy rayonuna gətirilib.
Azərtac xəbər
verir ki, məşəlin qarşılanma mərasiminə minlərlə rayon sakini
toplaşmışdı. Əllərində dövlət bayrağımızı, birinci Avropa
Oyunlarının atributlarını əks etdirən şəkil və plakatlar tutmuş
sakinlər məşəl yürüşünün iştirakçılarını alqışlarla
salamladılar.
Məşəli Avropa Oyunlarının rəmzi qapısında rayon idmançısı Xəyal
Hüseynov qəbul etdi. Sonra 10 məşəlçi 4 kilometr məsafədə yürüşə
başladı. Məşəli növbə ilə bir-birinə ötürən idmançılar rayon
sakinlərinin alqış sədaları altında Ulu Öndərin adını daşıyan
prospekt boyunca hərəkət edərək Heydər Əliyev Mərkəzinin qarşısına
gəldilər.
Dünya çempionu Yalçın Qarayev səhnəyə qalxaraq Avropa
Oyunlarının məşəlini alovlandırdı. İştirakçılar Atəşgah məbədində
birinci Avropa Oyunları məşəlinin alovlandırılması mərasimini əks
etdirən videoçarxı maraqla izlədilər.
Sonra "Bakı-2015"-in çırağı yandırıldı. Rayonun gənc idmançısı,
yunan-Roma güləşi üzrə yeniyetmələr arasında dünya çempionu Elnur
Həsənov çırağı Oyunlar başa çatana qədər saxlanılması üçün Heydər
Əliyev Mərkəzinə təqdim etdi.
Məşəl estafetinin iştirakçısı, rayon mədəniyyət və turizm
şöbəsinin müdiri Gündüz Hacıyev sevinc hisslərini bölüşərkən dedi:
"Bu gün sevincimizin həddi-hüdudu yoxdur. Birinci Avropa
Oyunlarının məşəli bizim rayona da gətirildi. Belə mötəbər bir
tədbirin Azərbaycanda keçirilməsindən qürur duyuram. Heç kimin
ağlına belə gəlməzdi ki, yenicə müstəqillik qazanan Azərbaycan qısa
vaxt ərzində belə bir mötəbər tədbirə ev sahibliyi etsin. Ancaq
möhtərəm Prezidentimiz İlham Əliyevin apardığı yorulmaz və
çoxsahəli fəaliyyət nəticəsində xəyallarımız gerçəkləşdi. Təxminən
bir aydan sonra Azərbaycan öz qapılarını Avropa idmançılarının
üzünə açacaq. Bununla da dünya ölkələri müstəqil dövlətimizin
uğurlarını daha yaxından görəcək".
Rayon ağsaqqallar şurasının sədri Məzahir Zeynalov ilk Avropa
Oyunlarının ölkəmizdə keçirilməsinin həyəcanını belə ifadə etdi:
"Böyük qürur hissi keçirirəm. Bu gün ilk Avropa Oyunlarının məşəl
estafeti bizim rayona da gətirildi. Ölkəmizin bu mötəbər idman
yarışına ev sahibliyi etməsini ulu öndər Heydər Əliyevin
müəyyənləşdirdiyi, Prezident İlham Əliyevin müvəffəqiyyətlə davam
etdirdiyi idman siyasətinin uğurlu nəticəsi kimi dəyərləndiririk.
İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi respublikamızın
dünyada nüfuzlu idman ölkəsi kimi tanındığını bir daha sübut etdi.
Buna görə goranboylular adından dövlətimizin başçısına
minnətdarlığımı bildirirəm".
Goranboy rayon Abbasqulular kənd orta məktəbinin müəllimi Müşfiq
Sadıqov söhbətə qoşularaq Azərbaycanda keçiriləcək birinci Avropa
Oyunlarını tarixi hadisə adlandırdı. O, qeyd etdi ki, bu qələbə
ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğının əsl
təntənəsidir.
Birinci Avropa Oyunlarının məşəli Goranboydan Naftalan şəhərinə
yola salındı.