Rusiya rəsmi yığmasının üzvləri İlya Leonov, Andrey
Buxlitski və Anton Şkarin birinci Avropa Oyunlarının çimərlik
futbolu üzrə elçiləri seçiliblər.
Azərtac xəbər verir ki, Rusiya Çimərlik Futbolu Federasiyasının
rəsmi saytında idmançılarla müsahibə yerləşdirilib. Hazırda Rusiya
komandası, şəksiz ki, Avropada ən güclü komandadır. Odur ki, bu cür
yüksək ad qazanan idmançılar öz təəssüratlarını bölüşüb, Bakıda
yarışların başlanmasını intizarla gözlədiklərindən danışıblar.
Andrey Buxlitskinin sözlərinə görə, Avropa Oyunları çimərlik
futbolu aləmində əlamətdar hadisədir. Bu Oyunlar ilk dəfə
keçiriləcək və Rusiya komandası üçün yeni pillə olacaq. A.Buxlitski
deyib: "Hələlik intizar içindəyəm, amma artıq başa düşürəm ki, bu,
bütün qonaqlar, azarkeşlər və idmançılar üçün möhtəşəm hadisə
olacaq. Eyni zamanda, orada iştirak etmək bizim üçün böyük
məsuliyyət və şərəfdir.
Hesab edirəm ki, Bakıdakı Oyunlar çimərlik futbolunun Olimpiya
ailəsinə üzv olması üçün addımdır. Mən daxilən bilirəm ki, bu,
Olimpiadada yer tutmağa layiq olan maraqlı və baxımlı idman
növüdür. Mən və Mixail Lixaçov artıq bir dəfə Olimpiya hərəkatına
qoşulmuşuq – Soçidə Olimpiya məşəli estafeti zamanı məşəl
aparmışıq. Onda məşəl aparırdıq, indi isə özümüz oynayacağıq! Bu
isə qat-qat yaxşıdır.
İlya Leonov qeyd edib: "Bakının bu yarışlara necə hazırlaşdığını
bilirik. Ölkə bununla yaşayır. Bu, təkcə Avropa üçün deyil, bəlkə
də bütün dünya üçün möhtəşəm hadisə olacaq. Avropa Oyunlarının
çimərlik futbolu üzrə elçiləri kimi idmanın bu növünü, ilk növbədə,
Rusiyada, lazım gəlsə, bütün dünyada kütləviləşdirmək, onu təbliğ
etməklə məşğul olmağımız bizi çox qürurlandırır və sevindirir.
Çimərlik futbolunun populyar olduğu hər yerdə bizi tanıyırlar".
Onun sözlərinə görə, Rusiya yığması artıq iki dəfə bu titulun
sahibi olub. Odur ki, azarkeşlər nə isə yeni bir şey gözləyirlər.
İ.Leonov daha sonra deyib: "Birinci Avropa Oyunlarının qalibi
olmağı çox istəyirik. Zənnimcə, bu, hətta dünya çempionatındakı
qələbədən daha güclü əks-səda doğura bilər. Hər halda əminəm ki,
Bakıda yarışların qalibi olsaq, onların hamısı çox sevinəcək. İndi
Avropa Oyunları və dünya çempionatı bizim üçün prioritetdir. Bu
turnirləri bütün dünya izləyəcək. Aydın məsələdir ki, biz oyunçular
turnirləri əhəmiyyətli və əhəmiyyətsiz yarışlara ayırmırıq – biz
hər oyuna qalib gəlmək üçün çıxırıq. Lakin indi bizə həyatımızda
ilk dəfə Oyunlarda çıxış etmək şansı verilib. Hələlik Avropa
Oyunları olsa da, bu, Olimpiya ailəsinə üzv olmağımız üçün ilk
addımdır".
Çimərlik futbolunu seçdiklərinə görə Avropa Oyunlarının
təşkilatçılarına təşəkkür edən Anton Şkarin deyib: "Bizim idman
növünü seçdiklərinə görə təşkilatçılara "Çox sağ olun" deyirəm.
Əminəm ki, onlar düzgün seçim ediblər. Çimərlik futbolu çox
rəngarəng və maraqlıdır, stadionda olanların hamısının xoşuna
gələcək. Biz belə turnirdə ilk dəfə iştirak edəcəyik. Buna görə də
yaxşıların yaxşısı olduğumuzu bir daha sübuta yetirmək üçün meydana
ikiqat qələbə əzmi ilə çıxacağıq".
A.Şkarin bütün rusiyalı azarkeşləri çimərlik futbolu yarışlarına
dəvət edərək deyib: "Mən öz tərəfimdən çalışacağam ki, Avropa
Oyunları elçisi adına layiq olum".
Avropa Oyunlarının elçisi daha sonra deyib: "Bütün bunların necə
görünəcəyi mənim üçün çox maraqlıdır. Eşitdiyim əhvalatlara,
oxuduğum məqalələrə əsasən, Olimpiya hərəkatının nə demək olması
barədə müəyyən təsəvvürüm var. Yenilik olacaq və mən bütün bunları
özüm hiss etmək istəyirəm. Ümumi medal hesabı olacaq. Biz başqa
idmançılarla, müxtəlif idman növlərinin nümayəndələri ilə bir yerdə
yaşayacağıq. Hələ belə halla üzləşməmişik. Yalnız bu atmosferə
daxil olandan sonra bunu hiss edə biləcəyik".