İdman müxtəlif mədəniyyətlərə malik insanları bir araya
gətirmək, insanlar arasında ixtilafların qarşısını almaq vasitəsi
kimi qəbul edilir. Bəzən isə idman insanları fərqli düşünməyə, daha
çox nailiyyətlər əldə etməyə həvəsləndirmək gücünə malikdir. Elə
tezliklə ölkəmizdə keçiriləcək I Avropa Oyunları da təkcə idman
yarışı deyil, eyni zamanda iqtisadi və mədəni əhəmiyyətə də
malikdir.
APA-nın məlumatına görə, mütəxəssislər hesab edir ki, I Avropa
Oyunları Azərbaycan üçün iqtisadi baxımdan çox rentabellidir. Bu
Oyunların iqtisadi qiymətləndirməsini aparsaq, I Avropa Oyunları
Azərbaycan üçün həm cari, həm də strateji gəlirlər vəd edir.
Özlüyündə bu layihə iqtisadi-strateji layihədir və ölkə
iqtisadiyyatının bu layihədən uzun müddət faydalanmasına imkan
verəcək.
İqtisadçı ekspert Vüqar Bayramov deyir ki, beynəlxalq
qiymətləndirmələrə görə, ölkəyə gələn hər bir turist bir həftə
ərzində 1000 dollar vəsait xərcləyəcək: "Avropa Oyunlarının iki
həftə davam etdiyini nəzərə alsaq, bu o deməkdir ki, oyunlar
keçirilən vaxt hər bir turist ölkə iqtisadiyyatına 2000 dollar
sərmayə yönəldəcək. Bu da təbii ki, turizm sektoruna sərmayə
yönləndirilməsi deməkdir".
Ekspertlər hesab edir ki, Avropa Oyunları Azərbaycanın tanıdılması
hesabına ölkəyə xarici investisiyanın cəlb edilməsinə də təsir
göstərəcək. İqtisadiyyatın şaxələndirilməsi eyni zamanda qeyri-neft
sektoruna xarici sərmayələrin cəlb edilməsini nəzərdə tutur. Belə
beynəlxalq yarışlar ölkəmizin iqtisadi potensialını tanıtmaq üçün
olduqca vacibdir. Deməli, sözügedən layihə Azərbaycan üçün qısa və
uzunmüddətli dövrdə sərmayələrin cəlb edilməsi baxımdan
əhəmiyyətlidir.
Ekspert deyir ki, Oyunlar keçirilən müddətdə kiçik və orta
sahibkarlar da daxil olmaqla, ölkə iqtisadiyyatı, şübhəsiz, bu
tədbirlərdən faydalana biləcək. Avropa Oyunları iqtisadiyyatın
müxtəlif sektorları üçün yeni maliyyə imkanları yaradacaq. Eyni
zamanda fevralda devalvasiyaya uğrayan manatın sabitləşməsinə təkan
verəcək: "Oyunlar son aylar daha çox müzakirə olunan manatın
stabilləşməsinə müsbət təsir göstərəcək. Çünki Azərbaycana gələn
turistlər bura xarici valyuta ilə gələcəklər və burada olduqları
müddətdə həmin xarici valyutanı manata çevirəcəklər. Bu isə xarici
valyuta təklifinin və buna uyğun manata tələbin artmasına səbəb
olacaq. Bütün bunlar isə manatın stabilliyi baxımdan olduqca mühüm
amildir".
Eyni zamanda ölkəmizin bank sektoru Avropa Oyunlarından gəlir əldə
edən sahələrdən biri olacaq. Belə ki, ölkəyə gələn turistlər
plastik kartlardan istifadə edəcəklər. Bu da bank xidmətindən daha
aktiv istifadə edilməsinə və bankların Avropa Oyunlarından gəlir
əldə etməsinə səbəb olacaq.
Ölkəmizin bu yarışlardan digər qazancı da yeni infrastrukturun
yaradılması ilə bağlıdır. Bu gün inşa edilən hər bir idman obyekti
və hotellər sonrakı dövrdə qlobal və beynəlxalq yarışların
keçirilməsi üçün istifadə ediləcək. Nəzərə alsaq ki, 2017-ci ildə
Azərbaycanda İslam Həmrəyliyi Oyunları, 2020-ci ildə isə futbol
üzrə Avropa çempionatının yarımfinalının və digər beynəlxalq
oyunların keçirilməsi qərarı verilib, artıq bu o deməkdir ki,
xərcləri gəlirlərlə müqayisə etməməliyik. Çünki növbəti mərhələdə
ciddi xərcləmələr olmadan digər beynəlxalq oyunları təşkil etmək
mümkün olacaq.
Birinci Avropa Oyunlarının ölkəmizdə keçirilməsinin iqtisadi
cəhətdən müsbət faydası ilə yanaşı, kifayət qədər çoxlu sosial
üstünlükləri də var. Yeni xərclər dövlət büdcəsinə əlavə vergi
ödənişlərinə imkan yaradacaq. digər tərəfdən də ölkəmizə gələcək
turistlərin yalnız paytaxta deyil, eyni zamanda regionlara
səfərlərinin gözlənilməsi və orada müxtəlif xidmətlərdən
faydalanması vətəndaşlarımız üçün əlavə gəlir mənbəyinə çevriləcək.
Oyunlar zamanı paytaxt və regionlardakı turizm obyektləri və
restoranlar şəbəkələrinin aktiv fəaliyyət göstərəcəkləri və bu
sahədən həm əhalinin, həm də dövlət büdcəsinin faydalanacağı aydın
görünür.
Bir sözlə, Oyunların təşkilindən udan tərəf Azərbaycan və ölkə
iqtisadiyyatı olacaq.