Mayın 15-də Gəncədə əsl bayram əhval-ruhiyyəsi yaşanıb.
Əllərində gül dəstələri, Azərbaycanın üçrəngli bayraqlarını tutmuş
on minlərlə şəhər sakini birinci Avropa Oyunlarının məşəlini
qarşılamaq, Alov festivalında iştirak etmək üçün küçələrə
çıxmışdılar.
Mərkəzi meydanda məşəli "Şöhrət" ordenli əməkdar idman ustası
Elçin Zeynalov qəbul etdi. Sonra 10 idmançı məşəl yürüşünə çıxdı.
Dünya və Avropa yarışlarında böyük uğurlar qazanan bu idmançılar
növbə ilə məşəli qəbul edərək Nizami Gəncəvinin adını daşıyan
prospektlə Heydər Əliyev park kompleksindəki amfiteatra gəldilər.
Yol boyu düzülən şəhər sakinlərinin alqış sədalarının müşayiəti ilə
səhnədə məşəlin alovlandırılması mərasimi keçirildi. Məşəli sərbəst
güləş üzrə Olimpiya çempionu Toğrul Əsgərov alovlandırdı. Meydana
toplaşanların sürəkli alqışları altında birinci Avropa Oyunlarının
çırağı yandırılaraq yarışlar başa çatana qədər saxlanılması üçün
Heydər Əliyev Mərkəzinə təqdim olundu.
Sonra Gəncənin incəsənət ustaları konsert proqramı ilə çıxış
etdilər.
Alov festivalında birinci Avropa Oyunları məşəlinin Atəşgah
məbədində alovlandırılması mərasiminin əks olunduğu videoçarx
nümayiş etdirildi.
Cəmi 24 illik müstəqillik tarixi olan bir respublikada belə bir
möhtəşəm tədbirin keçirilməsi onun necə sürətlə inkişaf etməsinin
göstəricisidir. İndi Azərbaycan təkcə neft ölkəsi kimi tanınmır.
Azərbaycanın idman sahəsində qazandığı uğurlar onu deməyə əsas
verir ki, respublikamız həm də idman ölkəsidir. İndi
respublikamızda elə bir şəhər, rayon tapılmaz ki, orada ən müasir
idman qurğuları fəaliyyət göstərməsin. Yaradılan bu şəraitdən
bəhrələnən idmançılarımız yeni-yeni uğurlara imza atırlar. Onların
arasında Gəncə idmançıları çoxluq təşkil edir. Təkcə keçən il
gəncəli idmançılar dünya və Avropa yarışlarından Vətənə 142 qızıl,
73 gümüş, 104 bürünc medal gətiriblər. Cari ilin ötən üç ayında isə
onlar keçən ilin müvafiq dövrü ilə müqayisədə uğurların sayını
artıraraq, 38 qızıl, 30 gümüş və 22 bürünc medala sahib olublar.
Hazırda bu qədim şəhərdə möhtəşəm bir idman obyektinin inşası da
sürətlə davam edir. Azərbaycan Prezidenti İlham Əliyevin
xeyir-duası ilə Gəncə Olimpiya Parkının tikintisinə başlanılıb.
Alov festivalının sevincini yaşayan mədəniyyət işçisi Bəxtiyar
Muradov AZƏRTAC-ın müxbirinə müsahibəsində dedi: "Birinci Avropa
Oyunlarının keçirilməsi həm də ölkəmizə çoxlu sayda turist axını
ilə müşayiət olunacaq. Əlbəttə, sürətlə inkişaf edən ölkəmizin
kifayət qədər füsunkar mənzərələri, zəngin muzeyləri, tarixi
abidələri var. Bu baxımdan qədim Nizami yurdu da xarici turistləri
qarşılamağa hazırdır. Onlara göstərməyə həm gözəl və yaraşıqlı
şəhərimiz, həm də maddi-mədəni abidələrimiz var".
AMEA-nın Gəncə bölməsinin əməkdaşı, Prezident təqaüdçüsü Elnur
Həsənov: "Gəncədə belə bir möhtəşəm tədbirin keçirilməsi, Avropa
Oyunlarının məşəlinin qarşılanması biz gəncəliləri də
qürurlandırır. Atəşgah məbədində məşəlin alovlandırılması
mərasimini izlədikcə insanın qəlbini sevinc hissi bürüyür. Bu gün
Avropa Oyunlarının məşəli ölkəmizi diyar-diyar gəzərək, insanlara
sevinc bəxş edir. Bu sevincdən 4 min il yaşı olan Gəncəyə də pay
düşüb. Əminik ki, idmançılarımız bu yarışlarda da uğurla çıxış
edəcək, Azərbaycan bayrağını dalğalandıracaqlar".
Azərbaycanın idmanda qazandığı uğurlardan danışan əməkdar idman
ustası, "Şöhrət" ordenli məşqçi Elçin Zeynalov isə dedi ki,
müstəqillik yaşının az olmasına baxmayaraq, Azərbaycan dövlətimizin
başçısının diqqət və qayğısı sayəsində əsl idman ölkəsinə çevrilib:
"Mən bütün ömrümü idmana həsr etmişəm. Yetirmələrin dünya və Avropa
yarışlarında fəxri kürsünün ən yüksək pillələrinə qalxıblar.
Tələbələrim bu qələbələrə imza atanda sevincimin həddi-hüdudu
olmayıb. Bu gün isə ilk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi
mənim sevincimi ikiqat artırıb. Buna dəstək olanların hamısına
minnətdaram".
Alov festivalının sonunda möhtəşəm atəşfəşanlıq oldu.