Bakı 2015, Tofiq Bəhramov adına Respublika Stadionunda
bu gün yeni bilet satış məntəqəsi açdı və ictimaiyyətə Birinci
Avropa Oyunlarına biletləri yalnız rəsmi mənbələrdən almağın
vacibliyini xatırladır.
Trend-in
məlumatına görə, iyunun 12-də start götürəcək Oyunlara bütün ölkədə
maraq yüksəldikcə, son həftələrdə biletlərə olan tələbat da xeyli
artıb.
Bakı 2015 Avropa Oyunları Əməliyyat Komitəsi (BAOƏK), Oyunlara
gələn tamaşaçılara biletləri yalnız Oyunların veb səhifəsindən və
ya paytaxtın müxtəlif yerlərində quraşdırılmış 12 rəsmi bilet
satışı məntəqəsindən almağı tövsiyə edir.
Bakı 2015-in əməliyyatlar üzrə baş direktoru cənab Saymon Kleq
bilet satışı ilə bağlı bunları bildirdi: "Bizim birinci dərəcəli
məqsədimiz, Oyunlara gələn hər bir kəsin buradan ən yaxşı
təəssüratlarla ayrılmasını təmin etməkdir. Buna görə də, biz, bilet
alan hər kəsə belə bir mesajla müraciət edirik – biletinizi yalnız
Bakıdakı rəsmi bilet satış məntəqələrinin birindən yaxud
baku2015.com veb səhifəmiz vasitəsilə alın.
Tofiq Bəhramov adına Respublika Stadionunun çölündə yerləşən yeni
bilet satış məntəqəsi Bakıda açılan 12-ci belə mərkəzdir. Məntəqə,
həftənin yeddi günü saat 11:00-dan 21:00-a qədər fəaliyyət
göstərəcək.
Digər bilet satış məntəqələri, Park Bulvar, 28 Mall və Metro Park
alış-veriş mərkəzləri də daxil olmaqla Bakının alverişli
məkanlarında quraşdırılıb.
Bilet satış məntəqələrinin yerlərindən tutmuş, arenalara
gediş-gəliş haqqında ətraflı məlumat da daxil olmaqla, Avropa
Oyunları ilə əlaqədar istənilən məsələ haqqında informasiyanı 2015
nömrəsinə zəng edərək, Tamaşaçı Məlumat Mərkəzindən yaxud Bakı 2015
veb səhifəsindən əldə etmək olar
Qeyd edək ki, 2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək Bakı
2015 Birinci Avropa Oyunları Avropa qitəsi üçün çoxsaylı idman
növləri üzrə baş tutacaq çox maraqlı və innovativ yarışlar
olacaq.
Bakı 2015 Birinci Avropa Oyunları ümumilikdə, 20 idman növü üzrə
keçiriləcək: bunlardan 16-sı Olimpiya, 4-ü qeyri-olimpiya idman
növündə olacaq. Oyunlarda Avropanın müxtəlif ölkələrindən təxminən
6000 idmançının 17 yarış günü müddətində öz ölkələrini təmsil
edəcəyi gözlənilir.
12 idman növü 2016-cı il Rio-de-Janeyro Olimpiya Oyunları üçün
seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə oxatma,
atletika, boks, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü
tennis, taekvondo, triatlon, güləş, cüdo və voleybol daxildir.
Birinci Avropa Oyunlarının keçirilməsini 2012-ci ilin dekabr ayında
Avropa Olimpiya Komitəsi (AOK) Bakı şəhərinə həvalə edib. Bakı
Avropa Oyunları Əməliyyat Komitəsi AOK ilə əməkdaşlıq şəraitində
Oyunları təşkil və idarə edəcək.
Bakı 2015 Avropa Oyunlarının biletlərini satış məntəqələrindən
yaxud http://az.baku2015.com/tickets/index.html saytından onlayn
qaydada almaq mümkündür. Onlayn alınmış biletlərin təsdiq
bildirişləri şəhərin aşağıda göstərilən ünvanlarında yerləşən
istənilən bilet satış məntəqələrində biletə dəyişdirilə bilər:
"Park Bulvar", "28 Mall", "Metro Park" ticarət mərkəzləri, Heydər
Əliyev Sarayı, "Azərbaycan" kinoteatrı, Nizami küçəsinin Bülbül
prospekti ilə kəsişməsi, Azadlıq meydanı, ASAN xidmətin Yasamal
filialı, eyni zamanda, Neftçilər, Əhmədli metrostansiyaları
yaxınlığında və Fəvvarələr meydanında yerləşən "McDonald’s"
restoranı.