Litva Olimpiya Komitəsinin prezidenti, stend atıcılığı
üzrə Olimpiya və ikiqat Avropa çempionu, qitə və dünya
çempionatlarının mükafatçısı Dayna Qudzineviçyutenin apasport.az
saytına müsahibəsi
- İyunun 12-28-də Bakıda birinci Avropa Oyunları təşkil
olunacaq. İlk dəfə baş tutacaq bu yarışın keçirilməsi ideyasına
necə yanaşırsınız?
- Digər qitələr çoxdan belə Oyunlara malik idi. Əlbəttə,
Avropada belə oyunlar çatışmırdı. Təbii ki, biz bu cür kompleks
yarışların keçirilməsinə çox sevinirik və dəstəkləyirik.
- Qeyd etdiyiniz kimi, Avropa istisna olmaqla, digər
qitələrin öz Oyunları keçirilirdi. Sizə elə gəlmir ki, bu, bir
qədər gecikmiş addımdı?
- Bəli, sizinlə razıyam. Amma heç olmamaqdansa, gec olması, daha
yaxşıdı. Olimpiya komitələrinin belə bir qərar verməsinə şadıq.
Bakı da belə qısa müddətdə yarışı qəbul etməyə hazır olduğunu
üzərinə götürdü.
- Avropa Oyunlarının keçirilməsində Azərbaycanın da rolu
böyükdü. Çünki bu ideyanı daima dəstəkləyənlərdən biri ölkəmiz
olub...
- Təbii. Azərbaycan təşkilatçılığı öz üzərinə götürüb, belə qısa
zamanda hazırlaşa bilib. Ölkənizin Avropa Oyunlarını yüksək
səviyyədə keçirəcəyinə şübhə etmirik. Bundan sonra bu yarışa ev
sahibliyi edəcək şəhərlər üçün təşkilatçılığın səviyyəsində Bakıya
çatmaq asan olmayacaq.
- 2012-ci ilin dekabrında Avropa Oyunlarının ev sahibliyi
hüququ Bakıya veriləndə ilk reaksiyanız necə olmuşdu?
- Mən bu yaxınlaradək Bakıda olmamışdım. İlk dəfə bir neçə il
əvvəl gəldim. Bakının gözəlliyi məni çox heyran etdi. Həmin
vaxtadək paytaxtınızda olmasam da, Bakı mənə heç də yad şəhər
deyil. Çünki sizin Olimpiya çempionunuz Zemfira Meftahətdinova çox
yaxın rəfiqəmdi. Bu səbəbdən çox sevindim. Yaxşı hava, yaxşı şəhər,
yaxşı insanlar, yaxşı yarış olacaq. Azərbaycanın Avropa Oyunlarını
yüksək səviyyədə keçirəcəyinə şübhə etmirəm.
- Yığmanız Azərbaycana 72 idmançı ilə gələcək. Sizcə, ilk
Avropa Oyunlarında böyük uğur qazanmaq üçün heyətiniz az deyil
ki?
- Litva kimi ölkə üçün 72 idmançı az deyil. Çünki daha çox idman
növünün olduğu Olimpiya Oyunlarına da təxminən bu sayda gedirik.
Təbii ki, biz idmançıların sayının daha çox olması üçün çalışırıq.
Amma bizim üçün 72 nəfərin olması da pis deyil.
- I Avropa Oyunları tarixi əhəmiyyət də daşıyacaq. Çünki
burada çempion olacaq idmançılar ilk qalib kimi yadda qalacaqlar.
Siz bu heyətlə təxminən neçə medala ümid edirsiz?
- Medalların olacağına inanırıq. Amma planımızda neçə medal
olmasını, eyni zamanda favorotlərimizin adlarını deməyəcəm. Çünki
bu idmançılar üçün əlavə gərginlik, əlavə stressdi. Bu üzdən heç
vaxt idmançının adını çəkmirəm. Lakin favoritlərimiz var və onların
medal qazanacaqlarına əminəm.
- Hansı növlərə daha çox güvənirsiz? Bəlkə idman növlərini
açıqlayasız...
- Bunu da deməyəcəm (gülür). Çünki idmançılar dərhal biləcək ki,
söhbət kimdən gedir. Yaxşı, siz deyən olsun. Biz avarçəkənlərə,
cüdoçulara, boksçulara, yəni bir çox növlərdə medallara ümid
edirik. Bir sözlə, yaxşı idmançılarımız var və mükafat olacaq.
- Litva ənənəvi olaraq, basketbolda güclüdü. Avropa
Oyunlarının proqramına daxil olan basketbolun 3X3 növündə də
iddialı Litva görə biləcəyikmi?
- Bu, yeni idman növüdü. Nəsə proqnoz verə bilmərik. Ötən il
Nanjinqdə keçirilən Yeniyetmələrin Yay Olimpiya Oyunlarında
gənclərimiz qızıl medal qazandılar. Bu üzdən də yaxşı çıxış
edəcəklərinə ümid bəsləyirik.
- Sizin uğur qazandığınız atıcılıq növündə gözləntiləriniz
nədi?
- Ayrı-ayrı idmançılar və növlər barədə danışmaq fikrim yoxdu.
Atıcılıqda 2 təmsilçimizin olacağını deyə bilərəm.
- Yığmanızın hazırlıq və Azərbaycana gəlişi ilə bağlı
planları necədi? Bakı-2015 öncəsi paytaxtımızda təlim-məşq
toplanışı keçməyiniz mümkündürmü?
- Hər növ üzrə hazırlıq və toplanışlarla federasiyalar məşğul
olur. Bu səbəbdən də onlar məşqlərini özləri planlaşdırırlar. Biz –
rəhbərlik, dəstək qrupu, idman mütəxəssisləri və əsas yığma Avropa
Oyunlarının açılışından 1 gün öncə Bakıya gələcəyik.
- Komandanız paytaxtımıza bir dəfəyə, yoxsa bir neçə qrupla
gələcək?
- Hər federasiya səfər vaxtını özü müəyyənləşdirir. Qərarı
özləri verəcəklər.
- Zemfira Meftahətdinova ilə rəfiqə olduğunuz dediz. Onunla
Oyunlar barədə danışmısızmı və ya heç olubmu ki, Bakı-2015 barədə
hansısa müzakirələr aparasız?
- Meftahətdinova ilə də sonuncu dəfə ötən ilin payızında
görüşdük. Onunla Avropa Oyunları zamanı bir araya gəlməyimiz, bu
yarışda kimlərin çıxış edib-etməyəcəyi və ümumiyyətlə, atıcılıq
barədə danışdıq.
- Növbəti dəfə - 2019-cu ildə II Avropa Oyunları
Hollandiyada keçiriləcək. Litvanın gələcəkdə bu yarışa ev sahibliyi
etmək niyyəti varmı?
- Düşünürəm ki, hələ bu səviyyədə yarışları keçirmək imkanımız
yoxdu.
- Olimpiya Oyunlarında Rusiya və ABŞ-ın medal sıralamasında
mübarizə aparmasına şahid olmuşuq. Sizcə, Avropa Oyunlarında bu
rəqabət hansı ölkələr arasında gedəcək?
- Bu suala dəqiq cavab verə bilmərəm. Böyük ölkələr, güclü
komandalar var. Dəyişiklər ola, bir komanda və ya digəri irəli çıxa
bilər. Əlbəttə, daha çox medalı böyük heyətlə təmsil olunan böyük
ölkələr qazanır.
- Bütün növlərdə təmsil olunacaq Azərbaycan necə, liderlər
qrupunda qərarlaşa bilərmi?
- Azərbaycanda idmana göstərilən diqqəti nəzərə alsaq, düşünürəm
ki, bu mümkündü.