Birinci Avropa Oyunları zamanı şəhər sakinlərinin və
qonaqların rahat və təhlükəsiz nəqliyyat xidmətləri ilə təmin
olunması məqsədi ilə yollarda xüsusi qaydalar tətbiq
olunacaq.
Axar.az xəbər verir ki, bu qaydalara Oyunların Əsas Marşrut
Şəbəkəsi və Oyunların hərəkət zolaqları daxildir. 29 may tarixindən
etibarən bu zolaqlar fasiləsiz olaraq 24 saat Dövlət Yol Polisi və
Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi tərəfindən həm müşahidə
kameraları, həm də yollardakı Dövlət Yol Polisinin yol-patrul
əməkdaşları vasitəsilə nəzarətdə saxlanılacaq.
Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən qeyd edilib ki,
oyunların Əsas Marşrut Şəbəkəsinə yarış və əsas qeyri-yarış
obyektlərini əlaqələndirən avtomobil yolları daxildir. Şəbəkə boyu
Oyunlar zamanı istifadə ediləcək, müvafiq yol nişanları ilə təchiz
olunmuş xüsusi hərəkət zolaqları yaradılıb.
Xüsusi hərəkət zolaqlarında yol örtüyü üzərində oyunların rəsmi
loqosu əks olunub, zolaq boyunca isə müvafiq yol nişanları
quraşdırılıb. Oyunların xüsusi hərəkət zolaqlarından may ayının
29-dan iyul ayının 1-dək istifadə edilməsi nəzərdə tutulub. Bu
zolaqlardan yalnız Avropa Oyunları ilə əlaqəli xüsusi buraxılışları
olan, həmçinin qəza-bərpa, təcili tibbi yardım, xilasedici
xidmətlərinin və Dövlət Yol Polisinin nəqliyyat vasitələri istifadə
edəcək.
Ümumi istifadədə olan və fərdi şəxslərə məxsus nəqliyyat vasitələri
yolun digər zolaqları üzrə hərəkət etməlidir.
Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə sərnişin və
yükdaşımalarını həyata keçirən, habelə fərdi şəxslərə məxsus və
digər xidməti nəqliyyat vasitələrinin Oyunların xüsusi hərəkət
zolağından istifadə etməsi və bu zolaqlarda dayanma, durma və
parklanması qəti qadağandır.
Bu qaydaları pozan şəxslər Azərbaycan Respublikasının
qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb
olunacaqlar.