Milli Məclisdə yeni qanun layihəsi təsdiq edilib. Yeni
qanun layihəsinə əsasən, teatr tamaşasının gedişində və
kinofilmlərin nümayişi zamanı reklamın yayımlanması qadağan
edilib.
Axar.az sənət adamlarından bu qadağanın hazırda irəliləyiş
dövrünü yaşayan kino sahəsinin inkişafına necə təsir edəcəyi barədə
fikirlərini öyrənib.
Əməkdar aktyor İlqar Cahangir hazırkı filmlərin
əksəriyyətində reklamların həddindən artıq olduğunu deyərək
qadağanın tərəfdarı olduğunu bildirib:
"Qanun layihəsi ilə tam tanış deyiləm. Sadəcə, bunları demək
istəyirəm ki, reklamdan normal qaydada istifadə edərlərsə, hər
hansı məhsulun reklamı niyə də olmasın? Amma bizdə bir az ağını
çıxarmışdılar deyə, elə yığışdırılsa yaxşıdır. Dünya kinosunda da,
Hollivud filmlərinin əksəriyyətində də reklamlardan istifadə
olunur, sadəcə, onlar reklamı kobud şəkildə qabardaraq etmirlər,
məsələn, filmdə avtomobil yanacaqdoldurma məntəqəsinə gəlir və
arxada məntəqənin adı görünür, hansısa kafedə, restoranda oturub
yemək yeyəndə hansısa firmanın şirələrindən içirlər, bu da olur
reklam, yoxsa ər arvada "dur get filan kolbasadan gətir yeyək"
demir. Reklamlar ssenaridə qabarıq şəkildə nəzərə çarpmayacaq
şəkildə olmalıdır, elə olmasa, qadağan eləsələr yaxşıdır".
Kinorejissor Tahir Əliyev bu qadağanın sadəcə
texniki məsələ olduğunu bildirib: "Kino və teatrın bədii həllinin
yüksəlməsinə və inkişafına heç bir aidiyyəti yoxdur. Bu, sadəcə
texniki məsələdir. Buna da ən yaxşı halda tamaşaçı sevinə
bilər".
Şairə Sevinc Elsevər bu qadağanın nə
iqtisadiyyata, nə də kino biznesinə xeyir gətirməyəcəyi
qənaətindədir:
"Dövlətdən pul alıb kino çəkə bilənlərin sayı barmaqla
göstərilir. Rejissor var ki, ömrünün sonunadək nazirlikdən ona film
verilməsini gözləyə-gözləyə keçirir. Gənc rejissorlara gəlincə,
onların bir çoxuna etimad göstərilmir. Bu gənclər də gedib kənardan
sponsor tapıb film çəkirdilər. Həmin sponsorları da əlbəttə reklam
eləməlidirlər. Bu qərar o deməkdir ki, dövlət nəzarətindən kənarda
heç kim film çəkə bilməsin! Həm iqtisadiyyata, həm də kino
biznesinə xeyir gətirməyəcək bir qərardır".
Teatrşünas, kino tənqidçi Aliyə Dadaşova da bu
qadağadan razı qalanlardandır:
"Əgər bu, kinoteatrlara aiddirsə, yerində qadağan edilib. Pul
verib filmə gələn adam niyə reklam izləməlidir ki?! Eləcə də
teatrlarda. Filmin nümayişi zamanı belə qadağa normaldır. Onsuz da
bizdə tamaşa zamanı hansısa reklam olmur, teatr reklam
yerləşdirənlər üçün o dərəcədə maraqlı deyil, kinoteatrlarda
anonslar və reklamlar nümayişdən əvvəl olur. Bədii məhsulun içində
gizli reklam ola bilir, məsələn, qəhrəman hansısa markadan istifadə
edir. Filmin maliyyələşdirən şirkətin hansısa markası gizlicə
reklam olunur. Bu da normaldır, bizdə kommersiya kinosu yeni
dirçəlir, gizli reklamı hardasa qəbul etmək olar. Amma bir daha
deyirəm, kinoteatrda film nümayişində açıq reklamları qəbulolunmaz
hesab edirəm. Bunun kinonun dirçəlməsinə aidiyyəti yoxdur. TV-ni
deyə bilmərəm, məncə, bu qadağada TV nəzərdə tutulmayıb".
Hazırda İTV-də çalışan gənc rejissor Röyal
Əliyev filmlərdə reklamların açıq şəkildə göstərilməsinin
yolverilməz olduğunu vurğulayıb: "Dünya kinosunda filmlərdə
reklamların qaydası var; gizli reklamlar! Açıq şəkildə, birbaşa
kadrlar heç vaxt reklam olunmayıb. "Hörümçək adam" filmində uzaqda
Koka-kola, hansısa filmdə qəza səhnəsində, saniyənin mində birində
hansısa şirkətin adı və s.. Bunlar qəbul olunan şeylərdir. Ancaq
filmdə açıq reklam yolverilməzdir. Kimsə reklam çəkmək istəyirsə,
getsin reklamını çəksin. Bu tərəfdən yanaşanda qadağa ilə birmənalı
olaraq razıyam".
Rejissor, aktyor Elvin Adıgözəl qanunun
qəbuluna belə münasibət bildirib: "Bütün dünyada demək olar ki, bir
çox çəkilən filmlərdə gizli məhsul reklamı var. Bu da prodüserin
film üçün əlavə pul almasına şərait yaradır. Azərbaycan
seriallarındakı, ya da hazırda kinoteatrda gedən bəzi filmlərdəki
kimi gizli məhsul reklamı zamanı da aktyor, "gəlin filan sokdan
içək", demir. Bu məhsulun sadəcə arxa fonda görüntüsü, ya da
kiminsə o məhsuldan istifadə etməsi görünür. Misal olaraq Nuri
Bilgə Ceylanın "Bir zamanlar Anadoluda" , Amat Eskalantenin "Heli"
filmlərində Koka-kola məhsulunun gizli reklamı var. Ola bilər ki,
bəzən məkanın həqiqətini göstərmək üçün o məhsulun adı görünsün,
amma film üçün heç bir məbləğ alınmasın. Nəticə olaraq normal
büdcəsi olan filmlərdə əlavə olaraq pul almaq üçün gizli məhsul
reklamını mən bəyənmirəm. Amma elə filmlər var ki, onlara dövlət,
şirkət və prodakşn dəstəyi yoxdur. Prodüser məcburi şəkildə gizli
reklama əl atır. Teatrlarda isə oyun vaxtı belə bir reklam
görməmişəm. Amma tamaşa və kinofilmlərin afişində əlbəttə ki, maddi
və informasiya dəstəyi göstərənlərin reklamı olur. Nəticə olaraq
Azərbaycanda belə bir qanunun qüvvəyə minməsi doğru deyil. Çünki
Azərbaycanda azad kino, azad tamaşa anlayışı yeni formalaşmağa
başlayır. Hər kəs dövlət, şirkət hesabına iş görmür. Kino, teatr
isə ölkənin güzgüsüdür. Əksinə, dövlət xarici film və teatr
fondlarına qapı açmalı, Azərbaycanda dünyaya çıxacaq azad
sənətçilərin yetişməsinə şərait yaratmalıdır".
Rejissor və yazar Şahin Xəlil bu qadağanı
dəstəklədiyini söyləyib: "Kinoteatrlarda reklam olurdu. Ora qadağa
ola bilər. Teatr məsələsini anlamadım. Amma TV-dən söhbət gedirsə,
dəstəkləyirəm. İnkişafa təsiri isə bir qədər şübhəli məsələdir.
Çünki yeni istehsal olunan yerli film və ya tamaşalar TV-lərdə
demək olar ki, nümayiş olunmur. Azərbaycanda xarici tamaşalar
ümumiyyətlə nəinki TV-də, heç internetdə də izlənilmir. Xarici
filmlərə aiddirsə, bu qanun, yerli istehsala nə qədər təsir edə
biləcək ki? "Yeddi oğul istərəm" filminə ac qarına 100 dəfə baxmış,
hər sözünü əzbər bilən insanlar üçün reklamın olub- olmamasının elə
bir əhəmiyyəti yoxdur. Bu, inkişaf üçün atılmış ən son addımlardan
biri olar. Ona qədər düzələsi çoxlu məsələ var".
ÖZ film şirkətinin direktoru, rejissor Fehruz
Şəmiyev bu qanunun ancaq TV-lərə aid edilə biləcəyini
deyib:
"Kinoteatrda nümayiş zamanı reklamın qarşısını dövlət və qanun
qadağan edə bilməz, bu qanun ola bilsin ki, TV-lərdə nümayiş olunan
filmlərə aiddir. TV-də nümayiş zamanı da məhsulların üstünün
müəyyən variantlarla örtülməsi normaldır. Çünki TV-də bir növ həmin
məhsulu reklam etmiş olur. Amma kinoteatr qapalı məkandır və geniş
ictimaiyyət üçün yox, yalnız bilet alıb izləyənlər həmin məhsulu
görə bilir. TV-də nümayiş olunan filmdə məhsulun hansısa qəhrəman
tərəfindən istifadəsi reklam sayılmalıdır. Bu məhsul "placement"
adlanır. Bu bütün dünyada var, amma ölkəmizdə TV reklam bazarında
özbaşınalıq o qədərdir ki, onların qarşısını daha kəskin üsullarla
almaq lazımdır. Məsələ burasındadır ki, film əvvəlcə kinoteatrda
çıxmalıdır. Sonra da TV-də nümayiş olunmalıdır. Bu baxımdan qanun
yerli film istehsalına müəyyən qədər mənfi təsir edəcək. Amma bu
təsirin müsbət tərəfi də budur ki, film istehsalçıları arasında
filmin TV-də nümayişinə maraqlı olan müəyyən insanlar var. Həmin
insanlar şirkətlərdə keyfiyyətə, maraqlı filmə görə yox, məhz TV-də
nümayiş olunacağı şərti ilə pul alırlar. Məncə, bu qanun bir
tərəfdən də həmin yalançı kinematoqrafçıların bazarına təsir
edəcək".
Rejissor Yaşar Əhmədov bu qərarın verilmə
ehtiyacının nədən yarandığını bilmədiyini qeyd edib: "Hәr halda
filmin nümayişi başlamadan öncә yayımlanan reklam çarxlarını
nәzәrdә tuturlar. Sәhv etmirәmsә, orda reklam yerlәşdirmәk sırf
kinoteatra mәxsusdur, yəni filmin müәllifi vә ya filmin sponsorunun
reklamı yayımlanmır. Amma istәnilәn halda indiki dövrdә kinoya
dәstәyi olacaq hәr hansı bir reklam, sponsorluq sahəsini inkişaf
etdirmәk lazımdır. Buna kinoteatrlar da daxildir".
Bir müddətdir sənətdən uzaq düşən rejissor Elcan
Məmmədov isə belə deyib: "Kinofilmlərin gedişində reklamın
verilib-verilməməsi bir az mübahisə oluna bilər, amma açığı teatr
tamaşasının gedişində (ilk dəfədir ki, bu haqda eşidirəm açığı)
reklam yerləşdirmək, məncə, absurddur".
Uzun müddətdir TV-də çalışan, aparıcı və yazar Azər
Qismət reklamların normal olduğunu vurğulayıb: "Əgər
kinoteatrlarda nümayiş etdirilən filmlərdən öncəki reklamlardan
söhbət gedirsə, hələ sovet vaxtında da bu mövcud idi. Buna jurnal
deyirlər. Bir məsəl də o vaxtdan yaranıb: "Bu, hələ jurnaldir, kino
qabaqdadir". Düşünürəm ki, film nümayişindən əvvəl reklamların
ləğvi düzgün deyil. Əksinə, ideyanın əhəmiyyəti ondan ibarətdir ki,
kinoteatrlar gəlir əldə edib bazar iqtisadiyyatına uyğun özlərini
dolandırırlar. 5 dəqiqəlik jurnal heç bir tamaşaçıya narahatlıq
yaratmaz".