"I Avropa Oyunları idman
yarışları olaraq yalnız geosiyası deyil, eyni zamanda iqtisadi
əhəmiyyətə malikdir".
Bunu Axar.az-a açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov
söyləyib.
Onun sözlərinə görə, I Avropa Oyunları Azərbaycan üçün iqtisadi
baxımdan çox rentabellidir:
"Bu yarışların iqtisadi əhəmiyyətini qiymətləndirən zaman
təəssüf ki, bəzi hallarda xərcləri sadəcə cari gəlirlər ilə
müqayisə edilir. I Avropa Oyunları Azərbaycan üçün iqtisadi
baxımdan çox rentabellidir. Bu Oyunların iqtisadi
qiymətləndirməsini aparsaq, I Avropa Oyunları Azərbaycan üçün cari
və strateji gəlirlər deməkdir. Belə möhtəşəm idman yarışlarının
iqtisadi əhəmiyyəti heç bir halda oyunların təşkil edildiyi müddət
ilə məhdudlaşdırılmamalıdır. Bu təşəbbüs iqtisadi-strateji
layihədir və ölkə iqtisadiyyatının bu layihədən uzun müddət
faydalanmasına imkan verəcək. Bizim apardığımız eknometrik
qiymətləndirmə göstərir ki, cari və strateji gəlirlər də nəzərə
alınmaqla bu təşəbbüs tamamilə rentabelli bir proqramdır".
İqtisadçı Oyunların iqtisadiyyatın diversifikasiyasına pozitiv
təsir göstərəcəyini bildirib:
"Bu möhtəşəm idman yarışmasının təşkili üçün ayrılan vəsaitin 78
faizi infrastruktur xərcləridir. Yəni, xərclənən vəsait Bakı, eləcə
də ölkəmizin infrastrukturunun daha da yaxşılaşdırılmasına xidmət
edir. Ölkəmiz bu infrastrukturdan uzun müddət istifadə etmək imkanı
qazanmaqla yanaşı, eyni zamanda, xarici sərmayənin ölkəmizə
gəlməsini təşviq edə biləcək. I Avropa Oyunları aspektindən
infrastrukturun daha da genişlənməsi ölkəmizin rəqabət
qabiliyyətini artıracaq. Bu isə ölkəmizə, xüsusən də qeyri-neft
sektoruna daha çox sərmayə cəlb etməsinə imkan verəcək. Deməli, I
Avropa Oyunlarının ölkəmizdə təşkil edilməsi xarici sərmayəni
stimullaşdırmaqla yanaşı, iqtisadiyyatın diversifikasiyasına
pozitiv təsir göstərəcək. Xarici sərmayələr qeyri-neft sektorunun
inkişafını təşviq etməklə yerli istehsalın genişlənməsinə və
ixracın həcminin artmasına səbəb olacaq. Avropa Oyunları
Azərbaycanın tanıdılması hesabına ölkəyə xarici investisiyanın cəlb
edilməsinə də təsir göstərəcək. Ölkəmizdə iqtisadiyyatın
diversifikasiyası vacib hədəflərdən biridir. İqtisadiyyatın
şaxələnməsi eyni zamanda qeyri-neft sektoruna xarici sərmayələrin
cəlb edilməsini nəzərdə tutur. Belə beynəlxalq yarışlar, ölkəmizin
infrastruktrunu, iqtisadi potensialını tanıtmaq üçün olduqca
vacibdir. Deməli, sözügedən layihə Azərbaycan üçün qısa və
uzunmüddətli dövrdə sərmayələrin cəlb edilməsi baxımdan
əhəmiyyətlidir. Mövcud infrastrukturun yaxşılaşması Azərbaycanın
rəqabət qabiliyyətliliyinin daha da güclənməsinə və bu aspektdən
xarici investisiyaların cəlbinə şərait yaradacaq. Təbii ki,
gəlirlər sadəcə qısa müddətli dövrü əhatə etməyəcək, ölkəmiz
yaradılmış infrastrukturdan uzun müddət mənfəət əldə etmək üçün
istifadə edə biləcək. Deməli, növbəti illərdə çox cüzi xərclər ilə
beynəlxalq yarışlar təşkil etmək və gəlir əldə etmək mümkün olacaq.
Bu isə Avropa Oyunlarının əsas starteji iqtisadi üstünlüyüdür. Bu
oyunların təşkilinə xərclənən vəsait uzun müddətli dövrdə yaradılan
infrastrukturdan istifadə və gəlir əldə etməyə şərait yaradacaq. Bu
da imkan verəcək ki, Azərbaycan növbəti dövrlərdəki oyunlar
ərəfəsində xərcləri cari və strateji gəlirlər hesabına kompensasiya
edə bilsin".
O, Azərbaycanın turizm sektorunun strateji gəlirlər əldə edə
biləcəyini deyib:
"Əslində, turizm sektoru Avropa Oyunlarının keçirilməsindən ən
çox qazanan sahə kimi qiymətləndirilir. Turizm sektoru I Avropa
Oyunlarının təşkilindən ən çox faydalanan sahələrdəndir. Turizm
üçün sözügedən oyunların təşkil edilməsi həm cari, həm də strateji
baxımdan əlverişlidir. Əvvəla, İ Avropa Oyunları keçirilən müddətdə
xeyli sayda turist ölkəmizə səfər edəcək. Beynəlxalq standartlara
görə, Azərbaycanda olan hər bir turistin həftəlik orta xərcləməsi
1000 dollardır. Avropa oyunlarının iki həftə davam etdiyini nəzərə
alsaq, bu o deməkdir ki, oyunlar keçirilən müddətdə hər bir turist
ölkə iqtisadiyyatına 2000 dollar sərmayə yönəldəcək. Bu isə o
deməkdir ki, turizm sektoru oyunların keçirilməsindən birbaşa gəlir
əldə edə biləcək. Gəlirlər təbii ki, heç də turizm şirkətləri,
hotellər ilə tamamlanmayacaq, daha geniş miqyası əhatə edəcək.
İkincisi, turistlərin Azərbaycanda olmasından xüsusilə də xidmət,
nəqliyyat, bank sektoru belə gəlir əldə etmək imkanı qazanacaq.
Ölkəyə gələn turist müxtəlif xidmətlərdən faydalanır və bu da həmin
sahələrə əlavə sərmayənin yönəldilməsi deməkdir. Üçüncüsü, I Avropa
Oyunlarını təşkil etməklə ölkəmizi daha yaxından tanıda biləcəyik.
Turizm sektorunun spesifik xüsusiyyətlərindən biri ondan ibarətdir
ki, ölkəyə gələn hər bir turist digər potensial turistin gəlməsinə
əsas yaradır. Bütün bunlar isə ölkəyə turist axınının güclənməsini
və turizm sektorunun iqtisadi baxımdan strateji inkişafını
stimullaşdıracaq. Turizm sektorunun prioritet olduğunu nəzərə
aldıqda sözügedən sahə belə mötəbər yarışların keçirilməsindən
ciddi şəkildə taktiki və strateji gəlirlər əldə edə biləcək".
Bayramovun sözlərinə görə, I Avropa Oyunlarının ölkəmizdə
keçirilməsi bir qismi daimi olmaqla şərti ilə yeni iş yerlərinin
yaradılmasına yardım edəcək:
"Bu möhtəşəm oyunların keçirilməsindən iqtisadi baxımdan təbii
ki, udan tərəflərdən biri də kiçik və orta sahibkarlıqdır. I Avropa
Oyunları turistlərin ölkəmizə gəlməsi səbəbindən müxtəlif
xidmətlərə tələb artacaq. Aydındır ki, bu xidmətlərin əksəriyyəti
kiçik və orta sahibkarlıq subyektləri tərəfindən təklif edilir.
Çoxlu sayda turistin ölkəmizə gəlməsi kafe və restoranlar daxil
olmaqla çox fərqli xidmətlərdən istifadə edənlərin sayının artması
demək olacaq. Hətta taksi sürücüləri də I Avropa Oyunlarının
ölkəmizdə təşkil edilməsinin müsbət iqtisadi təsirlərini hiss
edəcəklər. Turistlərin oyunlar keçirildiyi müddətdə həyata
keçirəcəyi sərmayənin böyük qismi məhz kiçik və orta sahibkarların
faydalanmasına yönələcək. Bir məsələyə də diqqəti cəlb etmək
istərdim ki, oyunları təşkili ilə bağlı ayrıan vəsaitlər
çərçivəsində sifariş edilən xidmətlərin böyük bir qismi məhz yerli
kiçik və orta sahibkarlar tərəfindən həyata keçirilmişdir. Bu isə o
deməkdir ki, sahibkarlarımız hətta oyunlar təşkil edilənədək I
Avropa Oyunlarının Azərbaycanda keçirilməsindən iqtisadi xeyir əldə
edə biliblər. Eyni zamanda I Avropa Oyunlarının ölkəmizdə
keçirilməsi bir qismi daimi olmaq şərti ilə yeni iş yerlərinin
yaradılmasına xidmət edir. Bu isə məşğulluğun müdafiəsi baxımdan
olduqca əhəmiyyətli məqamdır".