Mayın 22-də Mingəçevir şəhərində "Bakı-2015" Avropa
Oyunlarının məşəli alovlandırıldı.
Axar.az xəbər verir ki, əllərində Azərbaycanın üçrəngli bayrağı
və gül dəstələrini tutan minlərlə şəhər sakini küçələrə çıxaraq
birinci Avropa Oyunlarının məşəlini Mingəçevirə gətirən estafet
iştirakçılarını qarşıladı.
"Kür" Elektron Avadanlıqları Zavodunun qarşısında quraşdırılan
"Bakı-2015" Avropa Oyunlarının rəmzi qapısında məşəli sambo üzrə
dünya çempionatının bürünc medalçısı Ayaz Umudəliyev qəbul etdi.
Sonra yürüşə start verildi. Beynəlxalq yarışlarda böyük uğurlar
qazanan idmançılar növbə ilə məşəli qəbul edərək Heydər Əliyev
prospekti, N.Nərimanov, S.Vurğun küçələrindən keçməklə Heydər
Əliyev meydanına gəldilər.
Avarçəkmə üzrə ikiqat Azərbaycan çempionu, beynəlxalq
turnirlərin qalibi, idman ustası Xəqani Mikayılov səhnəyə qalxaraq
məşəli alovlandırdı. Sonra birinci Avropa Oyunlarının çırağı
yandırılaraq yarışlar başa çatana qədər saxlanılması üçün Heydər
Əliyev Mərkəzinə təqdim edildi.
Qarşılanma mərasimində çıxış edənlər vurğuladılar ki,
respublikamızın hər yerində olduğu kimi, Mingəçevir şəhərində də
idmana xüsusi diqqət və qayğı göstərilir. İlk Avropa Oyunları Bakı
ilə yanaşı, Mingəçevir şəhərində də keçiriləcək. Mingəçevirdə bu
yarışların təşkili üçün müasir infrastruktur yaradılıb. Təməli
1964-cü ildə qoyulan və Avropada, o cümlədən MDB məkanında bənzəri
olmayan "Kür" Olimpiya Tədris Mərkəzi ölkəmizdə su idmanının
inkişafında xüsusi əhəmiyyətə malikdir. Bu şəhərdə yarışlar 3 gün
keçiriləcək və 350 nəfər idmançı medallar uğrunda mübarizə
aparacaq. Ümumilikdə, 12 baydarka (kişilər və qadınlar arasında) və
üç kanoe sprinti yarışları (yalnız kişilər arasında) təşkil
olunacaq. Son bir ildə şəhərdə görülən hazırlıq işləri əminliklə
deməyə əsas verir ki, Mingəçevir iyun ayında keçiriləcək birinci
Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi edəcək.
Ölkəmizin müstəqillik illərində əldə etdiyi ən böyük
uğurlarından biri də bu mötəbər idman tədbirinə ev sahibliyi
etməsidir. Bu sözləri müsahibəsində avarçəkmə üzrə ikiqat
Azərbaycan çempionu Xəqani Mikayılov deyib. O qeyd edib ki,
Azərbaycanda düzgün idman siyasətinin reallaşdırılması nəticəsində
ilk Avropa Oyunları məhz ölkəmizdə keçirilir. Bu cür möhtəşəm
tədbirlərə ev sahibliyi etmək heç də hər ölkəyə nəsib olmur.
Azərbaycan Avropanın tarixinə ilk Oyunlara ev sahibliyi edən ölkə
kimi düşəcək ki, bu da respublikamızın idman sahəsində qazandığı
nailiyyətlərlə, yaradılan infrastrukturla, iqtisadi inkişafla
bağlıdır. Əminəm ki, idmançılarımız bu yarışlarda da qələbə
qazanacaqlar".
Mərasimdə aprelin 26-da Bakıda, Atəşgah məbədində birinci Avropa
Oyunları məşəlinin alovlandırılmasını əks etdirən videoçarx
göstərildi.
Məşəl yürüşünü izləyən şəhər sakinlərinin bir neçəsi ürək
sözlərini bölüşdü. Gənclər üçün Təhsil Mərkəzinin Mingəçevir
şöbəsinin koordinatoru Tural Kərimov dedi: "Birinci Avropa
Oyunlarının şəhərimizdə keçirilən məşəl yürüşünü izləmək mənə də
qismət oldu. Ailə üzvlərimlə birgə məşəlin və çırağın yandırılması
prosesini izlədik və bizdə xoş təəssürat yaratdı. "Bakı-2015"
Avropa Oyunları tarixi hadisə olacaq və Azərbaycan bir daha dünyaya
göstərəcək ki, gənc müstəqil dövlət olmasına baxmayaraq, ən inkişaf
etmiş ölkələrin belə öhdəsindən gələ bilməyəcəyi işi uğurla həyata
keçirir. Ölkəmiz təkcə iqtisadi cəhətdən deyil, eyni zamanda, idman
sahəsində də yeni-yeni uğurlara imza atır. İlk Avropa Oyunlarının
paytaxtla yanaşı, Mingəçevirdə də keçirilməsi bunun məntiqi
nəticəsidir".
Estafet iştirakçılarını qarşılayanlar arasında olan Mingəçevir
Turizm Kollecinin direktoru, professor Əyyub Əyyubov: "Birinci
Avropa Oyunlarının məşəlinin şəhərimizə gəlişi insanlarda böyük ruh
yüksəkliyinə səbəb oldu. İnanıram ki, Mingəçevirdə keçiriləcək
yarışlarda Azərbaycanı təmsil edən idmançılar bizi qələbələri ilə
sevindirəcəklər".
Məşəlin qarşılanma mərasimindən sonra Alov festivalı keçirildi,
atəşfəşanlıq oldu.