Ölkəmizin şəhər və rayonlarını qarış-qarış gəzən birinci
Avropa Oyunlarının məşəli mayın 23-də axşam saatlarında
"qızılgüllər diyarı" Zaqatalaya gətirildi.
Zaqatala rayonu hazırda özünün yeni inkişaf dövrünü yaşayır.
Regionların sürətli inkişafını bu gün Zaqatalanın timsalında da
aydın görmək olar. Son illər rayonun şəhər, qəsəbə və kəndləri
büsbütün simasını dəyişib, onlarla yeni sosial obyekt istifadəyə
verilib, yol infrastrukturu yenilənib, əhalinin həyat səviyyəsi
yüksəlib. Rayonda digər sahələr kimi, idmanın inkişafına da xüsusi
diqqət göstərilir. Zaqatala şəhərində Olimpiya İdman Kompleksinin,
stadionun, müasir idman qurğularının istifadəyə verilməsi rayon
idmançılarının ölkə və beynəlxalq səviyyəli yarışlarda uğur
qazanmalarına müsbət təsir göstərir.
Birinci Avropa Oyunlarının məşəlini qarşılamaq üçün Zaqatala
şəhərinin Dövlət Bayrağı meydanına toplaşan minlərlə rayon sakini
əllərində üçrəngli Azərbaycan bayraqları, gül-çiçək məşəl yürüşünün
iştirakçılarını alqışlarla qarşıladılar.
Budo döyüş növləri üzrə dünya çempionu, idman ustası Təbriz
Balaxanov birinci Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul
etdi. O, nəzərdə tutulan məsafəni qət etdikdən sonra məşəli növbəti
iştirakçıya – 2011-ci ildə Belqradda keçirilmiş XXI Beynəlxalq
şahmat festivalının qalibi Xədicə Xəlilovaya ötürdü.
Məşəl daşımağın sevincini AZƏRTAC-ın müxbiri ilə bölüşən Təbriz
Balaxanov dedi: "Birinci Avropa Oyunlarının məşəlini Zaqatala
rayonunda qəbul etmək mənə qismət oldu. Bundan duyduğum sevinci
ifadə etməyə söz tapmıram. Sadəcə demək istəyirəm ki, azərbaycanlı
olduğuma görə fəxr edirəm! Bir idmançı kimi inanıram ki, uğur,
qalibiyyət həmişə bizimlə olacaq. İnanıram ki, birinci Avropa
Oyunları həmrəylik, birlik, sağlam və ədalətli rəqabət ruhunda
keçəcək".
Estafeti davam etdirən sonrakı məşəlçilər Heydər Əliyev
prospekti, Dədə Qorqud, 28 May, Üzeyir Hacıbəyli və Sülh küçələri
boyunca 2700 metrə yaxın məsafə qət edərək birinci Avropa
Oyunlarının məşəlini Zaqatala Tarix-Mədəniyyət Qoruğunun ərazisinə
gətirdilər. 1830-cu ildə inşa edilmiş Zaqatala qalasının ərazisinə
toplaşan minlərlə zaqatalalı birinci Avropa Oyunlarının məşəlinin
alovlandırılması mərasimini böyük coşqu ilə izlədilər. Zaqatala
şəhər 1 saylı tam orta məktəbin 11-ci sinif şagirdi, 2014-cü ildə
İnquşetiyada keçirilmiş cüdo idman növü üzrə beynəlxalq turnirin
mükafatçısı Ariz Məmmədov meydanın mərkəzində qurulmuş səhnəyə
qalxaraq məşəli alovlandırdı. Meydana toplaşanlar bu unudulmaz anı
sürəkli alqışlarla qarşıladılar.
Məşəldən alovlandırılan "Bakı-2015"-in çırağı ilk Avropa
Oyunları başa çatanadək saxlanılması üçün Heydər Əliyev Mərkəzinə
təhvil verildi.
Mərasimdə aprelin 26-da Bakıda, Atəşgah məbədində birinci Avropa
Oyunlarının məşəlinin alovlandırılmasını əks etdirən videoçarx
göstərildi.
Mərasim atəşfəşanlıqla başa çatdı.
Məşəl estafetinin sonuncu iştirakçısı Ariz Məmmədov
təəssüratlarını AZƏRTAC-ın müxbiri ilə bölüşərək dedi: "Bu gün
həyatımda baş verən ən önəmli bir tarixi anı yaşayıram. Rayonumuza
gətirilən məşəli alovlandırmaq mənə qismət oldu. Fəxr edirəm ki,
belə bir ölkənin vətəndaşıyam. Bu gün ölkəmizdə bütün sahələrdə
olduğu kimi, idman sahəsində də inkişaf özünün ən yüksək zirvəsinə
çatıb. Bir azərbaycanlı gənci kimi, bundan sonra da çalışacağam ki,
üçrəngli bayrağımızın daim yüksəklərdə dalğalanması üçün əlimdən
gələni edim, doğma Vətənimizə layiqli gənc olum".
Rayon Ağsaqqallar Şurasının sədri İsa Əhmədov birinci Avropa
Oyunlarının məşəlinin Zaqatala rayonuna gətirilməsindən duyduği
sevinci belə ifadə etdi: "Qədim Atəşgah məbədində alovlandırılan
birinci Avropa Oyunlarının məşəli nəhayət doğma Zaqatalaya da gəlib
çatdı. Bu əlamətdar hadisə biz zaqatalalıları çox sevindirir,
qürurlandırır. İlk Avropa Oyunlarının ölkəmizdə keçirilməsi
Azərbaycanın dünya arenasında növbəti uğurlu çıxışıdır. Biz, yaşlı
nəslin nümayəndələri bu uğurlara sevinir və yarışlarda iştirak
edəcək idmançılarımıza qələbələr arzulayırıq".
Şəhər 3 saylı tam orta məktəbin direktoru Elmira Hacıyeva
birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin qürurverici
hadisə olduğunu vurğulayaraq dedi: "Bu gün rayonumuz üçün çox
əlamətdar bir gündür. Avropa Oyunlarının məşəlini böyük sevinc
hissi ilə qarşılayırıq. Bu təntənəli mərasimin iştirakçısı olduğum
üçün özümü xoşbəxt sanıram. Oyunların Azərbaycanda keçirilməsi
ölkəmizin beynəlxalq nüfuzundan irəli gəlir. Bizə bu böyük sevinci
bəxş etdiyinə görə zaqatalalılar adından Prezidentimizə
minnətdarlığımı bildirirəm".
Qeyd olunduğu kimi, məşəldən alovlandırılan çıraq Avropa
Oyunları başa çatanadək Heydər Əliyev Mərkəzində saxlanılacaq.
Mərkəzin direktoru Famil Rəhimov bundan duyduğu sevinci dilə
gətirdi: "Belə bir tarixi hadisənin şahidi olduğumuz üçün fərəh
hissi keçirirəm. Bu xoşbəxtlik Ulu Öndərin layiqli davamçısı
Prezident İlham Əliyevin bizə töhfəsidir. İnanırıq ki, gün gələcək,
bu məşəl doğma Qarabağımızda da alovlanacaq və bu alov daim
yanacaq".
Məşəl estafetinin növbəti ünvanı Qax rayonu olacaq.