Respublikamızın bölgələrini gəzib dolaşan, şimal-qərb
bölgəsi rayonlarını da öz alovunun şəfəqlərinə qərq edən birinci
Avropa Oyunlarının məşəli mayın 24-də ölkəmizin dilbər guşələrindən
olan Qax rayonuna gətirildi.
Hər tərəfdən uca dağlarla əhatələnən, əsrarəngiz təbiət
gözəllikləri ilə görənləri heyran edən bu qədim diyarın sakinləri
Avropa Oyunlarının məşəlinin rayona gətiriləcəyi günü böyük
səbirsizliklə gözləyir, neçə gündür ki, bu möhtəşəm idman bayramına
hazırlaşırlar. Qax şəhərinin bütün küçə və meydanları bayramsayağı
bəzədilib, hər tərəfdə səliqə-sahman hökm sürür, insanlar yüksək
bayram əhval-ruhiyyəsindədirlər.
Azərtac xəbər verir ki, günün ikinci yarısında Qax şəhərinin
giriş qapısında, Heydər Əliyev prospektinin başlanğıcında birinci
Avropa Oyunlarının məşəlinin təntənəli qarşılanma mərasimi oldu.
Buraya toplaşan rayon sakinləri yürüş iştirakçılarını böyük coşqu
ilə qarşıladılar. Avropa Oyunlarının rəmzi qapısında universal
döyüş növləri üzrə dünya çempionu Ramil Məmmədli məşəli qəbul etdi.
Sonra məşəlçilər Heydər Əliyev prospekti, İmam Mustafayev küçəsi və
Azərbaycan prospekti boyunca 3 kilometrdən çox məsafə qət edərək
məşəli Qax şəhərinin mərkəzi meydanına gətirdilər. Kunq-fu üzrə
Almaniya və Portuqaliyada 2010-cu və 2012-ci illərdə keçirilmiş
dünya birinciliklərinin qalibi Zaur İsakov meydanda qurulmuş
səhnəyə qalxaraq məşəli alovlandırdı.
Məşəl estafetinin sonuncu iştirakçısı Zaur İsakov sevincini
bölüşüb:
"Bu gün sevincimin həddi-hüdudu yoxdur. Azərbaycanda keçiriləcək
birinci Avropa Oyunlarının məşəli doğma Qax rayonunda şölələnir.
İlk Avropa Oyunlarının Azərbaycanda keçirilməsi ölkə həyatının
bütün sahələrində, o cümlədən idman sahəsində qazanılan
uğurlarımızın məntiqi nəticəsidir. Bu xoşbəxt anları bizə bəxş
etdiyinə görə Prezidentimiz İlham Əliyevə dərin minnətdarlığımızı
bildiririk".
Mərasimdə aprelin 26-da Bakıda, Atəşgah məbədində birinci Avropa
Oyunlarının məşəlinin alovlandırılmasını əks etdirən videoçarx
göstərildi.
Daha sonra məşəldən alovlandırılan çıraq ilk Avropa Oyunlarının
sonunadək saxlanılması üçün Heydər Əliyev Mərkəzinə təqdim
edildi.
Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsindən qürur
duyduğunu bildirən rayon gənclər və idman idarəsinin rəisi Əlövsət
Bayramov sevinc hisslərini belə ifadə etdi: "İdmanın inkişafı
ölkəmizdə prioritet istiqamətlərdən biridir. Son illər paytaxtla
yanaşı, bölgələrdə də nəhəng idman komplekslərinin inşa edilməsi
ölkəmizdə bu sahənin inkişafına göstərilən diqqət və qayğıya bariz
nümunədir. Belə bir idman komplekslərindən biri iki il əvvəl
rayonumuzda da inşa edilib. Qax rayonu həmişə zəngin idman
ənənələri ilə seçilib. Bu diyar Şərqdə ilk qadın qrossmeyster Aynur
Sofiyeva, şahmatçı Pərvanə İsmayılova, güləşçi Nazim Əlicanov kimi
neçə-neçə tanınmış idmançılar yetişdirib. Avropa Oyunlarının
məşəlinin rayonumuza gətirilməsi çox böyük hadisədir və heç zaman
yaddaşlardan silinməyəcək".
Rayonun fəal gənclərindən olan Elvin Həsilov sevincini bölüşərək
dedi: "Həyəcanla tarixi anlara şahidlik edirik. Bu əlamətdar hadisə
Prezidentimiz İlham Əliyevin yorulmaz fəaliyyətinin parlaq
nəticələrindən biri kimi, biz gənclərdə də qürur doğurur. Bizə bu
sevinci bəxş etdiyinə görə dövlətimizin başçısına minnətdarıq".
Rayonda nəşr olunan "Şəlalə" qəzetinin redaktoru Novruz Şabanov
isə sevincini belə ifadə etdi: "Birinci Avropa Oyunlarının
Azərbaycanda keçirilməsi beynəlxalq qurumlar və dünyanın aparıcı
dövlətləri tərəfindən ölkəmizə göstərilən böyük etimadın
nəticəsidir. Avropa Oyunlarının Azərbaycanda keçirilməsi, eyni
zamanda, çox böyük siyasi əhəmiyyət kəsb edir. Xalqımız Oyunların
başlanmasını böyük səbirsizliklə gözləyir. Avropa Oyunlarının
məşəli ölkəmizin bütün regionlarında böyük coşqu ilə qarşılanır.
Bütün bölgələrimiz bayram libasına bürünüb. Oyunlarda iştirak
edəcək idmançılarımıza uğurlar arzulayıram. Əminəm ki, bu möhtəşəm
idman yarışı yüksək səviyyədə keçəcək və ölkəmiz daha bir tarixi
uğura imza atacaq".
Gənc müəllimə Elnurə Qasayeva Avropa Oyunlarının məşəlinin Qax
rayonuna gətirilməsindən duyduğu sevinci bölüşərək dedi: "İlk
Avropa Oyunlarının Azərbaycanda keçirilməsindən qürur duyuram. Hər
işdə olduğu kimi, burada da birinci olmaq şərəfli və
əhəmiyyətlidir. Əminəm ki, Oyunlar zamanı Avropa və bütün dünya bir
daha ölkəmizin qüdrətinin, xalqımızın qonaqpərvərliyinin,
Azərbaycanın sürətli inkişafının şahidi olacaq".
Mərasim incəsənət ustalarının ifasında konsert proqramı ilə başa
çatdı.