Ölkəmizin şəhər və rayonlarını qarış-qarış gəzib-dolaşan
birinci Avropa Oyunlarının məşəli mayın 25-də axşam saatlarında
Şəki şəhərinə gətirildi.
Şəki bütün dövrlərdə Azərbaycan tarixində mühüm rola malik olub.
Bu gün Şəki Azərbaycan tarixini, mədəniyyətini, mədəni irsini
qoruyub saxlayan bənzərsiz bir şəhərdir. Bu zəngin tarixi-mədəni
irsin qorunması sayəsində Şəki, həm də Azərbaycanın mühüm turizm
mərkəzinə çevrilib.
Avropa Oyunlarının məşəl estafeti bu qədim diyarda XVIII əsrə
aid dünya əhəmiyyətli tarixi-memarlıq abidəsi, Şərq memarlığının
nadir incisi hesab olunan Şəki xanlarının sarayının həyətindən
start götürdü. Bir sıra beynəlxalq tədbirlərə, festivallara ev
sahibliyi edən, turistlərin, xarici ölkələrdən gəlmiş dövlət
rəsmilərinin, dünya şöhrətli elm, mədəniyyət və incəsənət
xadimlərinin, siyasətçilərin böyük maraqla ziyarət etdiyi Şəki bu
gün özünün ən sevincli tarixi günlərindən birini yaşayır.
Şəkinin fəal gənci, teleaparıcı Sədaqət Məmmədzadə sarayın
həyətində, Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul etdi.
Sonra məşəl estafeti şəhərin mərkəzinə doğru istiqamət götürdü. On
iki məşəlçi "Yuxarıbaş" Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisi,
Mirzə Fətəli Axundzadə və Heydər Əliyev prospektləri ilə hərəkət
etməklə, məşəli növbə ilə bir-birinə ötürərək 2200 metrdən artıq
məsafə qət etdilər. Estafetin sonuncu iştirakçısı – respublika
dərəcəli futbol hakimi Rəvan Həmzəzadə meydanın mərkəzində
quraşdırılmış səhnəyə qalxaraq birinci Avropa Oyunlarının məşəlini
alovlandırdı. Meydana toplaşan minlərlə Şəki sakini bu unudulmaz
anı böyük coşqu və alqışlarla qarşıladılar.
Sonra Atəşgah məbədində birinci Avropa Oyunlarının məşəlinin
alovlandırılması mərasimini əks etdirən videoçarx nümayiş
etdirildi.
Məşəldən alovlandırılan Bakı 2015-in çırağı Oyunlar başa
çatanadək saxlanılması üçün Şəki şəhərinə təqdim edildi.
Daha sonra möhtəşəm alov festivalı başlandı. Qeyri-adi alov
şousu, musiqi və rəqs kollektivlərinin ifasında rəngarəng konsert
proqramı tədbir iştirakçılarında böyük bayram əhval-ruhiyyəsi
yaratdı.
Alov festivalının sevincini AZƏRTAC-ın müxbiri ilə bölüşən rayon
Ağsaqqallar Şurasının sədr müavini Mustafa Əhmədov ürək sözlərini
belə ifadə etdi: "İnanıram ki, idmançılarımız bu yarışda da
qələbələr əldə edəcək, Azərbaycanın üç rəngli bayrağını zirvələrə
yüksəldəcək, himnimizi səsləndirməklə bizləri sevindirəcəklər. O
gün olsun ki, Qələbə məşəlini doğma Qarabağımızda yandıraq!".
Məşəl estafetinin iştirakçısı, Qarabağ müharibəsi əlilləri,
veteranları və şəhid ailələri İctimai Birliyi Şəki şöbəsinin sədri,
ikinci qrup Qarabağ müharibəsi əlili Məmmədnuru Əzizov sevincini
bölüşərək dedi: "Bu günlər ölkəmizin hər yerində olduğu kimi,
Şəkimizdə də yüksək bayram əhval-ruhiyyəsi yaşanır. Bir
azərbaycanlı olaraq qürur hissi keçirirəm ki, Avropa Oyunlarına ilk
dəfə Azərbaycan ev sahibliyi edəcək. Şübhəsiz ki, belə bir möhtəşəm
idman tədbirinin ilk dəfə Azərbaycanda keçirilməsi bütün dünyanın
diqqətini ölkəmizə çəkəcək. Bu, tarixi bir uğurdur. Bakıya gələn
hər bir şəxs Azərbaycanın inkişafına, zəngin mədəniyyətinə,
xalqımızın qonaqpərvərliyinə şahidlik edəcək. Bu Oyunlar
Azərbaycanın böyük uğuru kimi tarixə düşəcək".
Rayon sakini Xuraman Mustafayeva isə sevinc hisslərini dilə
gətirdi: "Avropa Oyunları məşəlinin Odlar diyarının hər bir
guşəsinə çatdırılması xalqımızın bu möhtəşəm Oyunlara necə
ürəkaçıqlığı ilə hazırlaşmasından xəbər verir. Bu gün məşəlin qədim
Şəkidə alovlanması hər birimizi şərəfləndirdiyi kimi,
məsuliyyətimizi də qat-qat artırır. İnanıram ki, müdrik xalqımız
Prezidentimizin ətrafında daha sıx birləşəcək, bütün dünya
qarşısında nəyə qadir olduğumuzu bir daha nümayiş etdirəcək. Ötən
hər bir gün bizi həmin möhtəşəm bayrama yaxınlaşdırır,
qüvvələrimizi səfərbər edir. Qoy, bu uğurlar xalqımıza, Vətənimizə
bol-bol sevinc gətirsin!".
"Avropa Oyunlarının ölkəmizdə keçirilməsi Azərbaycanın həqiqətən
də bir idman ölkəsi olduğunun göstəricisidir", - deyən karateçi
Tural Salamov məşəlin Şəkiyə gəlməsinin şəhər idmançılarına da
böyük ruh yüksəkliyi verdiyini dedi: "Bir karateçi olaraq sevinirəm
ki, bu Oyunlarda karate yarışları da keçiriləcək. Ümid edirəm ki,
ilk qızıl medallarımız da karateçilərimizdən gələcək. Karatenin
Avropa Oyunlarının proqramına daxil edilməsi çox sevindiricidir.
Çünki bu, yaxın gələcəkdə karate idman növünün də Olimpiya
Oyunlarına daxil edilməsi üçün bir stimuldur".
Şəhər gənclər və idman idarəsinin rəisi, Avropa çempionu,
beynəlxalq dərəcəli hakim, Azərbaycanın əməkdar məşqçisi Vüqar
İskəndərov isə dedi: "İlk dəfə keçiriləcək Avropa Oyunlarının
məşəlçisi kimi çox böyük qürur hissi duyuram. Belə mötəbər idman
yarışının Azərbaycanda keçirilməsi ölkəmizin təkcə idman sahəsində
deyil, digər sahələrdə də sürətli inkişafını bütün Avropaya və
dünyaya nümayiş etdirəcək. Məşəlin Şəkiyə gətirilməsi, burada
alovlanması hamımızda böyük bayram əhval-ruhiyyəsi yaradıb.
Kiçikdən-böyüyə hamı bu tədbiri el bayramı kimi keçirir. Bizə bu
sevinci bəxş etdiyinə görə, Şəki gəncləri və idmançıları adından
Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm".
Alov festivalı atəşfəşanlıqla başa çatdı.